“Azərbaycanın Zəfər operasını yazmaq istəyirəm”

post-img

Müsahibimiz tanınmış bəstəkar, Xalq artisti, professor Faiq Sücəddinovdur

– Faiq müəllim, gələn ay ­Heydər Əliyev Sarayında sizin əsərlərinizdən ibarət böyük konsert olacaq. Hazırlıq işləri necə gedir?

– Martın 27-də Heydər Əliyev Sarayında möhtəşəm konsertimiz olacaq. Orada son illər yazdığım “Şuşa”, “Zəfər”, “Ulu öndər” rekviyemi, “Mən azərbaycanlıyam”, “Vətən balladası” və s. əsərlərim səsləndiriləcək.

Məsələ belədir ki, 44 günlük müharibə vaxtı hamı kimi, mən də çox gərgin və həyəcanlı  idim. Bir tərəfdən, öz qanları-canları bahasına torpaqlarımızı qarış-qarış geri alan igid oğulların şücaəti sayəsində dərin fəxarət hissi keçirir, eyni zamanda, cəbhədə ağır döyüşlərdə həlak olan hərbçilərimizin şəhadəti ilə bağlı acı xəbərləri eşidərək çox məyus olurdum. Adı dillər əzbəri olan Xudayarın məşhur ifası məni uşaq kimi ağlatmışdı, bir neçə gündən sonra onun şəhid olduğunu eşidəndə isə sarsılmışdım. 

Allaha min şükür, Milli Ordumuz tarixi qələbə qazandı. Həmin günlərdə bir bəstəkar kimi, düşünürdüm ki, bu böyük zəfərə layiq monumental əsərlər yazmalıyam. Gecə-gündüz işləyirdim, əslində, musiqi özü bir saf bulaq suyu kimi qəlbimə axıb gəlirdi. Bu, əsl möcüzə idi, mənə yalnız o melodiyaları nota köçürmək qalırdı. 

– Televiziyalar da sizin Zəfərə həsr olunan əsərlərinizi tez-tez səsləndirirlər... 

– Əvvəlcə böyük Qələbəmizi vəsf edən əsərlərimdən birini İctimai Televiziyanın rəhbərliyinə təqdim etdim, sağ olsunlar, məmnuniyyətlə qəbul etdilər. Dedilər, ki, bizə məhz belə əsər lazımdır. Qələbəmizin ildönümündə televiziya ilə səsləndirildi və musiqi ictimaiyyəti tərəfindən yaxşı qarşılandı. 

Sonra “Şuşa oratoriyası”nı yazdım. Bir axşam gənc müğənni Mirələm Mirələmova zəng etdim, gəldi əsərin “Əzan” hissəsini öz məlahətli səsi ilə çox gözəl oxudu və onun səsini oratoriyanın əvvəlinə saldım. 

Ötən il xalqımız özünün dahi oğlu Heydər Əliyevin 100 illiyini böyük qədirbilənliklə qeyd etdi. Ulu öndərin əziz xatirəsinə həsr etdiyim “Rekviyem” əsəri də ürəyimcə alınıb. Bu və digər musiqi kompozisiyalarını tamamlayandan sonra mədəniyyət naziri ilə görüşüb böyük konsert vermək arzumu bildirdim. Beləcə, Heydər Əliyev Sarayında “Zəfər konserti”nə razılıq verildi.  

– Faiq müəllim, maraqlı ömür və yaradıcılıq yolu keçmisiniz. İstərdim ki, oxuculara bu barədə qısa məlumat verəsiniz...

– 1969-cu ildə musiqi məktəbinin fortepiano sinfini bitirəndən sonra Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədov məni pianoçu kimi işə dəvət etdi. Eyni vaxtda Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil oldum. İnstitutun orkestrinin rəhbəri idim, konsertlər verirdik. Ali məktəbi bitirib, əsgərlikdən qayıdandan sonra konservatoriyaya daxil oldum. 

Orada bəstəkarlıq ixtisası üzrə təhsil almışam. Diplom işi kimi  fortepiano konserti yazmışdım. Böyük bəstəkarımız, Xalq artisti, rəhmətlik Cövdət Hacıyav məni bu əsərə görə çox təriflədi, hətta qucaqlayıb öpdü.

Sonra Mahnı Teatrının müdiri və bədii rəhbəri, Estrada Simfonik Orkestrinin bədii rəhbəri, baş dirijoru  vəzifələrində işlədim. 

– Siz xeyli müddət pedaqoji fəaliyyət ilə də məşğul olmusunuz. Bir müddət isə Şimali Kiprdə işləmisiniz... 

– Mən 7 il Şimali Kiprdə çalışmışam, indiyə qədər türk qardaşlarım ilə əlaqələrim kəsilməyib. Kiprin musiqi ənənələri bizim qədər zəngin olmasa da, bu sahənin inkişafına böyük önəm verirlər. Mən orada peşəkar musiqinin inkişafı üçün əlimdən gələni etmişəm, həm də məhsuldar çalışırdım. Kiprdə “Atatürk” poeması, kamera orkestri üçün əsərlər, romanslar və s. yazmışam.

2003-cü ildə qayıtdım vətənə. Bakıda Mədəniyyət və İncəsənət Universitetində bəstəkar və rejissorluq fənnindən 17 il dərs dedim, professor dərəcəsi aldım.  Dərs dediyim tələbələr indi daha çox rejissorluqla məşğuldurlar, çünki orada əsas vəzifəm tələbələrə rejissorluğun musiqi ilə vəhdətini anlatmaq idi. 

– Geniş auditoriyaya sizi daha çox sevdirən və tanıtdıran mahnılarınızdır. 

– Mən bütün bəstəkarlıq fəaliyyətim ərzində mahnı yazmağı çox sevmişəm. Necə deyərlər, bu, mənim stixiyamdır. Bəli, çox sayda mahnım var. Bu mahnımı isə hələ 1984-cü ildə yazmışam:

Yel toxundu yarpaqlara, 

nəğmə qondu dodaqlara...

Dönüb baxdım uzaqlara, 

səni gördüm...

– Çoxları bu mahnını bu gün də əzbər bilir.

– Bunu mən demədim, deməli, yaxşı mahnıdır ki, sizin də yaddaşınızda qalıb. 100 il sonra ola bilər ki, müəllifini  unudacaqlar, amma mahnı yaşayacaq. Zaman hər şeyi ələyir, yalnız yaxşılar qalır. 

Bu gün yerindən duran mahnı yazır. Mən düşünürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır, onda hər şey öz yerini alır. Musiqini bilmədən mahnı yazmaq olmaz. Yaza bilərsən, bir müddət auditoriyanın xoşuna da gələr, amma davam edə bilməzsən, çünki baza təhsilin yoxdursa, özünü təkrarlayacaqsan. 

– Xalq artisti İlhamə Quliyeva sizin mahnılarınızı böyük şövqlə ifa edirdi. Bu gün hansı müğənnilərlə işləməyə üstünlük verirsiniz?

– İlhamə xanım mənim yaradıcılığıma böyük maraq göstərirdi. O, mahnını təkcə ifa etmirdi, melodiyanı böyük şövqlə tamaşaçılara çatdırmağa çalışırdı. Onun ifasında bir çox mahnılarım sevilib. 

Mənim bu gün də bir çox istedadlı müğənnilərlə sıx yaradıcılıq əlaqələrim var. Son illər gənc müğənni Zamiq bir çox yeni mahnılarımı ifa edib. O da  çox peşəkar ifaçıdır, hər bir mahnını duyğulu oxuyur.   

– Bu gün peşəkar bəstəkar kimi ən böyük arzunuz nədir? 

– Allahdan gizli deyil, bəndədən niyə gizlədim. Mən möhtəşəm bir opera – “Azərbaycan operası yazmaq istəyirəm. Elə bir əsər ki, orada milli musiqimiz, sözümüz, özümüz, ruhumuz, düşüncələmiz əks olunsun. Bu əsərin ilk notundan duyulsun ki, onu Azərbaycan bəstəkarı yaradıb. Hiss olunsun ki, bu, böyük Üzeyir bəyin yoludur. 

Hər millətin öz rəngi var, çaları, adət-ənənəsi var. Onlar hamısı operada öz yerini alacaq. Azərbaycan musiqisinin dünya musiqisi xəzinəsində xüsusi yeri var. Bu ənənələri davam və inkişaf etdirmək son dərəcə vacibdir. Bir sözlə, arzular, planlar çoxdur.  

– Sonda XQ-nin oxucularına arzu və tövsiyələrinizi eşitmək xoş olardı.... 

– Mən bir Azərbaycan bəstəkarı kimi deyə bilərəm ki, ölkəmizdə musiqiyə, mədəniyyətə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın davamlı qayğısı nəticəsində bu sahədə böyük uğurlar qazanılıb.

Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır. Biz hamımız xoşbəxtik ki, suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilib. Ondan ilhamlanıb gözəl əsərlər yaratmaq mümkündür. 

“Xalq qəzeti”nin oxucularına, eləcə də bütün musiqisevərlərə arzum və tövsiyəm budur ki, təkcə mahnı və təsnifləri, estrada nümunələrini dinləməklə kifayətlənməsinlər, klassik musiqimizə də biganə qalmasınlar. Necə deyərlər, biz bəstəkarlar yazaq, yaradaq, xalqımız zövq alsın. Yalnız əsl sənətdən zövq almaq olar. 

Söhbəti qələmə aldı: 
Ramilə QURBANLI 
XQ

 



Müsahibə