95 yaşlı Qəndab nənənin seçki çağırışı

post-img

Şərur rayonunun Danyeri kəndində doğulub boya-başa çatmış, 1 əsri haqlamış həyatında Vətənə layiqli övladlar bəxş etmiş, ömrünün son 30 ilinin müstəqillik dövründə keçməsini isə Tanrının ən böyük bəxşişi sayan Qəndab nənənin indiki prezident seçkilərini səbirsizliklə gözlədiyini övladları, nəvə-nəticələri kimi, artıq bütün el-oba da bilir. El ağbirçəyi seçkiyə qalan hər günü saymaqla yanaşı, görüşdüyü, rastına çıxan adamları da səsverməyə səsləyir, onları vətəndaşlıq borcunu 1 nəfər kimi yerinə yetirməyə çağırır.

Bu xəbəri Naxçıvan müəlliflərimiz­dən biri redaksiyamıza da çatdıranda 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 36 saylı Danyeri məntəqəsi ilə əlaqə sax­ladıq. Seçki komissiyasının sədri Həbib Həbibbəyli XQ-yə açıqlamasında bildirdi ki, Qəndab nənənin bu marağını nəzərə alıb onun seçkiyə çağırış vərəqəsini şəxsən özü aparıb evində təqdim edib. Nənə ona deyib: elə işləyin, çalışın ki, seçki günü 1 nəfər də evdə qalmasın. Hamı gedib Qarabağ zəfərini qazananla­rın hünərinə layiq iştirak etsin. Bu seçki məğlub elədiyimiz düşmənə və onun arxa­sında duranlara xalqımızın gücünü-birliyi­ni savaş günlərində olduğundan da artıqn dərəcədə göstərməlidir.

Həbib müəllimdən Qəndab Həbibbəy­linin telefonunu alıb onunla onlayn müsa­hib olduq. “Xalq qəzeti”ndən olduğumuzu bilib özü sözə başladı:

– Yaxşı ki, zəng vurmusunuz. Kəndi­miz kimi, xalqımıza da deyiləsi sözüm var. Oğul, 95 illik ömrümdə dünyanın yaxşı tərəfi ilə bərabər, bəd üzünü də çox gör­düm, Qarabağ davası başlanandan sonra isə görünməmiş müsibətlərdən, amansız ağrı-açılardan keçdik. 90-cı illərdə Naxçı­vanın fəlakətli günləri başqa yerlərdən ar­tıq oldu. Erməni qaniçənləri bir yana, sapı özümüzdən olan baltalar da Naxçıvanı köməksiz qoydular. Hər tərəfdən yol-yo­lağımız kəsildi. Ümid qaldı bir Yaradana. Belə bir vaxtda Tanrı xalqımız üçün qoru­yub saxladığı Heydər Əliyevi bizim harayı­mıza göndərdi. O böyük insan olmasaydı Qubadlı, Zəngilan, Cəbrayıl əhalisi kimi Arazın o tayına töküləcəkdik.

– Qəndab nənə, o bəlalı, ağrılı gün­lərə son qoyulub, düşmən torpaqla­rımızdan rüsvayçılıqla qovulub. 30 il didərgin düşən soydaşlarımız doğma yurdlarına qayıdırlar...

– Bax mən də xalqımıza bunu demək istəyirəm ki, hamılıqla bu qələbənin nəti­cələrini qoruyaq. Düşmənlərimiz xalqımızı yenidən parçalayıb uduzmağın hayıfını almaq istəyirlər. Oğul, oxuyub-yazmaq bil­məsəm də televiziyadan, radiodan bütün xəbərləri alıram. Torpaqlarımızın, Şuşanın azad olmasını eşidəndə sevindiyimdən uşaq kimi ağladım. Uşaqlar da elə bil­dilər ki, nəsə olub mənə, həkim çağırmaq istədilər. Dedim, ay bala, bu göz yaşlarım ağrılarımın acısı idi, axdı getdi, həkimlik deyiləm. Əllərimi göyə açıb söylədim: Alla­hım, kərəminə min şükür ki, sən xalqmızı bu sonu görünməyən bəladan qurtardın. Hələ Xankəndidə bizimkilərin bayramını görəndə Tanrıdan qanad istədim ki, uçub mən də onlara qoşulum.

– Naxçıvanın ağır günlərini xatırla­dınız, ən çox yadınızda nə qalıb?

– 1990–1991-ci illər daha çox yadım­dadır. Çox ağır günlər yaşadıq, elə bil, ye­rin-göyün bəlası üst-üstə qalanmışdı. Qış elə soyuq qəlmişdi ki, sərçələr ağaçların başında donurdu. Bir tərəfdən də qıtlıq idi, çörək, yanacaq çatmırdı. Ermənilər də quzğun kimi tökülmüşdülər Naxçıvanın üstünə. Gah Sədərəkdən, gah da Şah­buzdan hücum çəkirdilər. Xalqın yeganə ümid yeri olan Heydər Əliyevin Naxçıvana dönüşü isə hamımıza inam gətirdi və bizi xilas etdi. Nə yaxşı ki, Tanrı o xilaskar in­sanı bizə yetirdi. 

– Seçki gününü bu qədər maraqla gözləməyinizin səbəbi nədir, ay nənə?

– Seçkiyə getməyi özüm kimi, ha­mının da borcu hesab edirəm. Həm də fikirləşirəm ki, mən dövlətim, qəhrəman və azad xalqım üçün bu gündən sonra nə edə bilərəm?! Əlimdən gələn ən böyük iş səsvermədə iştirak etməkdir. Bir də heç kəs inciməsin: seçkiyə getməyən insan­la döyüşdən qaçan əsgərin heç bir fərqi yoxdur. Biz bu seçkidə dostlarımızı sevin­dirməli, düşmənləri bir daha xar etməliyik!

Namiq Qədimoğlu
XQ

Müsahibə