Secki-2024.az saytı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovun seçki prosesi, görülən işlər və seçki gününə hazırlıqla əlaqədar müsahibəsini təqdim edir.
Rövzət müəllim, bugünkü görüşümüz bir qədər qeyri-rəsmi, eyni zamanda həftəsonunda baş tutur. Bu, yəqin ki, bizim müsahibəmizə də təsirsiz ötüşməyəcək
- Bəli, bu müsahibədə qeyri-formal geyim tərzində görüşmək şəraiti yaranıb. Bəlkə də belə olması daha yaxşıdır, çünki bu zaman sizin suallarınız yarımformal, bizim verilən suallara cavabımız da rəsmilikdən tam uzaq olacaq. Seçicilərimizə müəyyən məlumatları verərkən də onların məhz səmimi, yəni rəsmilikdən kənar şəkildə ötürülməsi daim əsas məqsədlərimizdən biri olub. Çünki istəyirik ki, seçicilərimizə, ictimaiyyətimizə qarşı davranışımız, ismarışlarımız həmişə səmimi olsun.
Azərbaycanın seçki təcrübəsi budəfəki seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf və demokratik prinsiplər çərçivəsində keçirilməsinə imkan verirmi?
- Hesab edirəm ki, bunun əksini iddia etmək tamamilə yanlış olardı. Ölkədə artıq formalaşmış seçki sistemi, həmçinin 40 mindən yuxarı insanı özündə birləşdirən peşəkar seçki ordusu mövcuddur. Azərbaycanda hələ 2003-cü ildə qəbul olunmuş və zaman-zaman yenilənməklə müfəssəl məlumatları özündə ehtiva edən, mütərəqqi standartlar baxımından təkmilləşdirilmiş Seçki Məcəlləmiz var. Mərkəzi Seçki Komissiyası müxtəlif prosesləri tənzimləyən və ictimaiyyət tərəfindən asanlıqla anlaşılan təxminən 47 təlimat, izah və qayda qəbul edib. Bütün bunların fonunda tam səmimi şəkildə deyə bilərik ki, Azərbaycanda qarşıdan gələn 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün tam hüquqi baza, eyni zamanda peşəkarlar ordusu var. İnanırıq ki, bu seçkilərimiz hətta əvvəlki seçkilərdən də daha təkmil olacaq. Əlbəttə, bu, hər şey ideal olacaq demək deyil, çünki ideal seçki olmur. Dünyanın heç bir ölkəsində ideal seçki yoxdur. Əgər kimsə seçki prosesinin ideallığından, mükəmməlliyindən danışırsa, bu, o deməkdir ki, həmin tərəf səmimi deyil. Milyonlarla insanın iştirak etdiyi bir proses necə ideal ola bilər? Təcrübə göstərir ki, əvvəlcədən seçkilərin mükəmməlliyindən bəhs edərək prosesin mükəmməl keçirilməsinin lazım olduğunu tələb edənlər, seçkidən sonra hər hansı məkrli fikirlər səsləndirməyə meyillidirlər. Seçki prosesinin əsas qayəsi odur ki, insanların böyük əksəriyyətinin səs verdiyi şəxs seçilən şəxs olsun. Azərbaycanda da sözügedən məsələ ilə əlaqədar bu günə qədər heç bir tərəf bunun əksinin olduğunu iddia edə bilməz. Əlbəttə, müəyyən texniki qüsurlardan yola çıxaraq hər hansı bir fikirlər səsləndirənlər olur. Lakin nəzərə almaq lazımdır ki, eyni yanlışlıq hər hansı bir digər ölkədə olanda buna insan səhvi kimi yanaşılır. Ancaq seçkilərdən siyasi təzyiq metodu kimi istifadə olunan ölkələrdə texniki qüsurlar kiminsə niyyətli qanun pozuntusuna yol verməsi kimi təqdim edilir. Bununla da müəyyən texniki məsələləri təhrif edib siyasi məğzli hərəkətlər kimi göstərməyə çalışırlar. Təbii ki, artıq Azərbaycan ictimaiyyəti bu mərhələləri keçib və kimin öz fikrində səmimi olduğunu kifayət qədər yaxşı bilir. Bunu bizə gələn cavab reaksiyalarından da görürük. İnsanların xüsusilə bu seçkilərdə səsverməyə nə qədər diqqətlə yanaşdığını hiss edirik. Bunun kökündə təqribən 4 il öncə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, həmçinin bir neçə ay bundan əvvəl antiterror tədbirləri nəticəsində ərazilərini müəyyən pozucu elementlərdən təmizləməsi faktı dayanır. Həqiqətən də vətəndaşımız qürurlu və qalib bir seçici kimi bu seçkilərdə iştirak edir. Bu, bizi daha da həvəsləndirir və çalışırıq ki, bütün prosesləri beynəlxalq standartlara, Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirək və atılan addımların hamısı seçicilərimizin ürəyincə olsun.
Mərkəzi Seçki Komissiyası bu seçkilərə necə hazırlaşır?
- Bu sual bizim üçün cavab verilməsi baxımından ən ağır suallardan hesab olunur. Çünki bu sualın cavablandırılması saatlarla sürə bilər. Amma Mərkəzi Seçki Komissiyası seçki prosesinin başlamasının ilk günündən özünün fəaliyyət planını müəyyənləşdirib. Əlbəttə, təvazökarlıqdan kənar olsa da, MSK-nın öz işini yaxşı bilən peşəkar kollektivi var. Burada komissiya üzvlərinin, komissiya katibliyinin əməkdaşlarının, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin öz işinin öhdəsindən layiqincə gəlməsi üçün hər zaman əlindən gələni etməsi heç kəsə sirr deyil. Niyyətimiz qanunvericiliyin tələblərinin nəzərə alınması və qanunvericiliyə uyğun bütün addımların atılmasıdır. Mərkəzi Seçki Komissiyası ilk növbədə aşağı seçki komissiyalarında müxtəlif parametrlər üzrə monitorinqlər həyata keçirib. Həmin monitorinqlər nəticəsində dairə və məntəqə seçki komissiyalarının ehtiyacları öyrənilib, habelə onlar üçün maarifləndirmə proqramları işlənib və reallaşdırılıb. Bunun əsasında aşağı seçki komissiyalarının bütün lazımi avadanlıqlarla təchizatı həyata keçirilib, habelə onlar üçün çoxlu sayda sənəd nümunələri tərtib edilib. Seçki prosesində məntəqələrin tam hazır olub-olmaması barədə soruşulanda biz prosesin yekunlaşmaq üzrə olduğunu deyirik. Əslində, öz prinsiplərimizdən kənara çıxsaq, tam hazırdır deyə bilərik. Lakin biz "məntəqə hazırdır" sözünü bülletenlər məntəqələrdə olduqdan sonra deyirik. Çünki bəzi seçki sənədləri beynəlxalq seçki terminologiyası baxımından həssas seçki sənədləri hesab olunur. Həmin seçki sənədləri məntəqədə olanda məntəqələrin seçicilər üçün hazır olduğunu deyə bilirik. Artıq MSK, demək olar ki, nəzərdə tutduğu bütün maarifləndirmə layihələrini yekunlaşdırıb. Müxtəlif seçki iştirakçıları ilə sadəcə 3-4 yekun görüş qalıb. Ümid edirik ki, önümüzdəki həftə ərzində gündəlikdə reallaşmasını gözlədiyimiz addımları atacağıq, bununla da seçki marafonu çərçivəsində öz üzərimizə düşən vəzifələri bitirəcək və seçki günü seçicilərimizə "xoş gəldin" deməyə hazır olacağıq.
30 ildən sonra Azərbaycanın bütün ərazilərində ilk dəfə prezident seçkiləri keçiriləcək. Sizcə, budəfəki seçkilərin digərlərindən digər fərqi nədir və beynəlxalq aləm tərəfindən builki seçkilərə diqqəti necə qiymətləndirirsiniz?
- Sualınızla əlaqədar sizə öz şəxsi mövqeyimi bildirmək istərdim. Bu seçkiləri digər seçkilərdən fərqləndirən cəhət bu dəfə seçicilərimizin artıq qalib xalqın mənsubları – seçiciləri olmasıdır. Bu baxımdan, biz öz aramızda qürurla 7 fevral seçkilərini Zəfər Seçkiləri adlandırırıq. Əvvəlki seçkilərdə bu sözü işlədə bilməzdik, hətta siz də bu səpkidə sual versəydiniz, bəlkə də utanc hissi ilə bu fikirdən yayınardıq. Bu gün isə böyük məmnuniyyətlə qalib xalqın seçicisi, Zəfər Seçkiləri kimi ifadələri istifadə edirik və bundan da çox məmnunuq. Bu seçkilərə Azərbaycan xalqının böyük marağı olduğunun şahidiyik. Hər kəs həftələrdir ki seçki həyatı yaşayır. Əlbəttə, bu fikir, məsələlərə otaqdan çıxmadan, öz sosial şəbəkə hesabından gündəlik münasibət bildirən insana bir qədər fərqli gələ bilir. Lakin bunu hiss etmək üçün insanların arasına çıxmaq, onlarla ünsiyyətdə olmaq lazımdır. Biz təlimlər, treninqlər zamanı insanların seçki prosesinə necə ürəklə qoşulduğunun şahidi oluruq. Beynəlxalq aləmin seçkilərə marağına gəldikdə isə bu, göz qabağındadır. Onu da qeyd edim ki, beynəlxalq müşahidəçilərin akkreditasiyası daxil olmuş sənədlərə əsasən aparılır. Bu günə qədər emal olunmuş məlumata əsasən ümumilikdə 61 qurum və 88 ölkənin təmsilçiləri olan 750 beynəlxalq müşahidəçi artıq seçkilərin müşahidəsi prosesinə rəsmi olaraq qoşulub. Bu da yüksək bir göstəricidir. Onların bir qismi seçkiyə 3-4 gün qalmış respublikada olacaqlar. Nəzərə almaq lazımdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 236 nəfərlik heyəti də bu siyahıda öz əksini tapır, eyni zamanda ATƏT Parlament Assambleyasının 94 nəfər nümayəndəsi də müşahidəçilər qrupuna qoşulub. Bundan başqa, müşahidə prosesində Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyası böyük nümayəndə heyəti ilə iştirak edir. Digər bir qrup Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasıdır ki, onların və ATƏT-in uzunmüddətli müşahidəçiləri yanvar ayının əvvəllərindən seçkilərə hazırlıqla bağlı müşahidələrə başlayıblar. Bu, hələ son rəqəm də deyil, təbii ki, artacaq. Ümumilikdə, bu qədər şəxsin seçkilərdə iştiraka meyilli olması beynəlxalq aləmin marağının təcəssümüdür.
MSK prezident seçkilərini müşahidə etmək üçün ümumilikdə neçə quruma müraciət edib və neçəsindən müsbət cavab alıb?
- Prezident seçkilərində ümumilikdə üç qurum- Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası prosesə maraq göstərən tərəfdaşlarına dəvətlər ünvanlayıb. Mərkəzi Seçki Komissiyası müxtəlif tərəfdaş qurumlara 26 dəvət ünvanlayıb və bu dəvətlər nəticəsində artıq 19 qurumun seçkilərdə iştirakı təsdiq olunub. Burada təxminən 8-9 ölkənin Mərkəzi Seçki Komissiyasının sədrləri şəxsən iştirak edəcəklər. Məsələn, Türkiyə Yüksək Seçim Kurulunun rəhbəri gəlmək niyyətini ifadə edib. Bu sıraya Maldiv adaları, Albaniya, Macarıstan, Moldova, Monteneqro, Qazaxıstan, Özbəkistan, Gürcüstan Mərkəzi Seçki komissiyalarının nümayəndə heyətləri də daxildir. Ümid edirik ki, bu say artacaq.
Bəs beynəlxalq media nümayəndələri?
- Qarşıdan gələn 7 fevral növbədənkənar prezident seçkilərinə eyni zamanda beynəlxalq medianın da böyük marağının şahidiyik. Hazırkı məlumatlara əsasən, 61 beynəlxalq media nümayəndəsi bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib. Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. Burada bir çox peşəkar media qurumlarının olduğunu demək mümkündür. Məsələn, ABŞ-dən “Associated Press”, Yaponiyada “Kyodo News”, “Nikkei”, Almaniyadan “ZDF Televsiyası”, İtaliyadan “La Repubblica”, Türkiyədən “Anadolu Ajansı”, “TRT”, “İhlas Haber Ajansı”, Rusiyadan “Rossiya 24”, “RTR”, “TASS”, “İzvestiya” və s. kimi hətta adını sadalamadığım mühüm xəbər mərkəzləri prosesə qoşulacaq. Bütün bu sadaladığım faktlar beynəlxalq aləmin qarşıdan gələn seçkilərə olan marağını bir daha nümayiş etdirir.
Azad edilmiş ərazilərdə seçkilərin təşkili üçün hansı işlər görülür, bu ərazilərdə neçə məntəqə yaradılıb və nə qədər seçici qeydiyyatdadır?
- İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib. Onlar səsvermə hüququnu həmin məntəqələrdə reallaşdırmaq imkanı əldə ediblər. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək. Həmin ərazilərdəki məntəqələrin hazırlığı prosesi tam başa çatıb və işğaldan azad olunmuş ərazilərimizdə səs verəcək seçicilərimiz artıq seçki günü öz hüquqlarını sərbəst şəkildə bu ərazilərdə reallaşdıracaqlar. Bu, tarixi bir şansdır və onlara qibtə etməmək mümkün deyil. MSK işğaldan azad edilmiş ərazilərdə olan seçicilərimiz üçün xüsusi formatlı bildirişlər hazırlayıb, hansı ki, həmin bildirişlərin üzərində eyni zamanda təbrik mətni də yer alıb. Bu, həqiqətən də əlahiddə və hər insanın həyatında çox rast gəlinməyən hallardandır.
Seçkilərdə adətən ilk dəfə səs verən seçicilər maraqla qarşılanır. Onların sayı nə qədərdir?
- Seçkilərdə ilk dəfə səs verən iki zümrə seçicilər var. Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Digəri isə prezident seçkilərində ilk dəfə səs verən şəxslərdir ki, onların da sayı təxminən 590 min ətrafındadır. Prezident seçkilərində ilk dəfə səs verən 2018-ci ildən bəri, ancaq ümumilikdə ilk dəfə səs verənlər isə 2020-ci ildən hesablanan gənc seçicilərimizdir. Fevralın 7-də 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Hazırda bu layihəni gerçəkləşdiririk və yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik. Çalışırıq ki, onlar həmin günü xüsusilə yadda saxlasınlar.
Daimi və müvəqqəti seçki məntəqələrinin sayı nə qədərdir?
- Ümumilikdə qeyd etmək istərdim ki, bizim təxminən 6,5 milyon ətrafında seçicimiz var. Məntəqələrimiz iki qrupa bölünür. Bura daimi və müvəqqəti seçki məntəqələri daxildir. Müvəqqəti seçki məntəqələrimiz seçki gününə 5 gün qalmış fəaliyyətə başlayır. Ümumilikdə 6 537 seçki məntəqəmiz var. Onların 6 319-u daimi, 218-i isə müvəqqətidir. Ölkə hüdudlarından kənar olan məntəqələr də bu statistikaya daxildir. Ümid edirəm ki, bütün bu məntəqələrimizdə də seçki günü proseslər rəvan şəkildə gedəcək və hər birinin nəticələri yüksək seçici fəallığı ilə xarakterizə olunacaq.
Cəmiyyətdə seçkilərlə bağlı müzakirə edilən məsələlərdən biri də beynəlxalq müşahidəçilərin azad edilmiş ərazilərdə seçki prosesini izləməsidir. MSK tərəfindən həmin təşkilat və şəxslərə oradakı seçkiləri izləmək üçün tövsiyə və çağırışlar edilibmi?
- Mərkəzi Seçki Komissiyası həmişə beynəlxalq müşahidəçiləri bütün məntəqələrdə prosesi müşahidə etməyə dəvət edir. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqədə ilk dəfə seçkilərin keçirildiyini nəzərə alsaq, bu ərazilərdə beynəlxalq müşahidəçilərin müşahidələr aparması çox önəmlidir. Xüsusilə, böyük müşahidə qrupları ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin müşahidəçilərinin bu ərazilərdə aktiv müşahidə aparacağına ümid edirik. ATƏT-in təhlükəli hesab etdiyi ərazilərdə belə aktiv müşahidə aparmasının zaman-zaman şahidi olmuşuq. Mən özüm şəxsən 2001-ci ildə Kosovoda müharibədən qısa müddət sonra keçirilən seçkilərdə ATƏT-in təmsilçisi qismində seçki supervayzeri olaraq iştirak etmişəm. Sözügedən seçkilər keçirildiyi zaman Kosovo ərazilərində mina təhlükəsi də daxil olmaqla, bir sıra təhlükələr mövcud idi. O cür təhlükələrin mövcud olduğu bir şəraitdə ATƏT və digər beynəlxalq qurumlar seçkilərdə tam fəal müşahidələr aparırdı və supervayzerlik də daxil, bir sıra fərqli missiyalarını da təsis etmişdi. Ümid edirik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu özünün əvvəlki təcrübələrindən irəli gələrək bu seçkilərdə işğaldan azad edilmiş ərazilərimizdə seçki prosesinin müşahidəsinə qoşulacaq. Burada hər hansı təhlükə gözləməyə ehtiyac yoxdur, çünki həmin ərazilərimizdə artıq seçki məntəqələri fəaliyyət göstərir. Müqayisə etsək, bizim işğaldan azad edilmiş ərazilərimiz heç də beynəlxalq təşkilatların müşahidə aparıdığı dünyanın bir çox ərazilərindən daha təhlükəli deyil. Bu baxımdan, ümid edirik ki, onlar da bu prosesdə fəallıq nümayiş etdirəcəklər.
Prezident seçkilərində neçə ədəd seçki bülletenin hazırlanması nəzərdə tutulub? Bülletenlərin seçki məntəqələrinə, eləcə də Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına verilməsi proseduru nə vaxt başlanır?
- Artıq seçki bülletenlərinin çapına bir neçə gün öncə başlanılıb. Ümumilikdə 6 524 203 seçki bülleteninin çap olunması nəzərdə tutulur. Bu rəqəm Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq olunub. Yaxın günlərdə çap prosesi başa çatacaq və biz çalışacağıq ki, yanvarın 30-dan etibarən dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına təhvil verilməsi prosesini həyata keçirək. Qanunvericiliyin tələbinə əsasən, seçki gününə 5 gün qalmış bülletenlər dairə seçki komissiyalarına, 3 gün qalmışa qədər isə məntəqə seçki komissiyalarına çatdırılır. Lakin həmişə bülletenləri göstərilən zamandan daha tez təhvil verməyə çalışmışıq ki, bizim aşağı seçki komissiyalarımızın da prosedur baxımından bütün addımları atmasına kifayət qədər zamanı olsun. Həmçinin, ölkə hüdudlarından kənarda səsvermənin təşkilində Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq nəticəsində 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu da əvvəlki seçkilərlə müqayisədə yüksək rəqəmdir. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək. Bu, həmin ərazilərdə konsulluq qeydiyyatında olan şəxslərin məlumatları əsasında hazırlanmış siyahılardır. Əlbəttə, qeydiyyatdan çıxma vəsiqəsi ilə də həmin məntəqələrimizdə səsverməni həyata keçirə bilərlər. Bu zaman bu say daha da yüksək ola bilər. Ölkə hüdudlarından kənardakı səsvermə məntəqələrinə seçki bülletenlərinin təqdim edilməsi digər zəruri avadanlıqlarla bərabər Xarici İşlər Nazirliyi ilə tənzimlənərək birgə həyata keçiriləcək.
Görmə qabiliyyəti məhdud olan seçicilər üçün nəzərdə tutulan Brayl əlifbası ilə çap olunmuş bülletenlərin sayı nə qədərdir?
- Brayl əlifbası ilə gözdən əlil seçicilərimiz üçün hazırlanan trafaretlər artıq 2003-cü ildən bəri Mərkəzi Seçki Komissiyasının reallaşdırdığı ənənəvi layihələrdən biridir. Bu seçkilərdə də həmin addımı atacağıq. Sözügedən Brayl əlifbası ilə hazırlanmış trafaretlər məntəqələrə təqdim olunacaq ki, səs vermək üçün gələn gözdən əlil seçicimiz heç kimin köməyi olmadan səsvermə hüququndan istifadə etsin. Əlbəttə, Seçki Məcəlləsində ehtiva olunduğu kimi, onlara başqa bir seçici də kömək edə bilər. Ancaq biz hər bir seçicinin müstəqil şəkildə öz səsini verməsini istərdik. Ona görə 6 537 məntəqənin hər biri üçün trafaretlər hazırlanaraq bülletenlərlə birlikdə dairə və məntəqə seçki komissiyalarına təqdim olunacaq. Biz çalışırıq ki, hər məntəqədə ən azı bir trafaret olsun. Lakin araşdırmalarımız nəticəsində məlum olur ki, bəzi məntəqələrdə gözdən əlil seçicilərimizin sayı daha çoxdur. Həmin məntəqələr müəyyənləşdirilərək oraya Brayl əlifbası ilə hazırlanan trafaretlər daha çox verilir.
Ötən seçkilərdə müxtəlif iddiaların ortaya atıldığının şahidi olmuşuq. Bu iddialardan biri də ölmüş şəxslərin adlarının seçici siyahılarında yer almasıdır. Bu iddialar nə qədər reallığa uyğundur? Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Əvvəlcə də qeyd etdiyim kimi, dünyanın heç bir yerində seçki prosesi mükəmməl olmadığı kimi, seçici siyahıları da mükəmməl olmur. Hər zaman müvafiq qurumlarla birgə əlimizdən gələni edirik ki, seçici siyahılarında hər hansı problem olmasın. Bundan öncə vəfat etmiş şəxslərin adlarının seçici siyahılarında olması halları baş verib və bu, xoş qarşılamadığımız hallardır. Mərkəzi Seçki Komissiyası bu il əvvəlki illərdən daha çox sözügedən məsələyə diqqət edir. Seçicilərimizin öz məlumatlarını, hətta tanıdığı şəxslərin məlumatlarını qanunvericilikdə nəzərdə tutulduğu kimi yoxlaya bilməsi üçün imkanlar yaradılıb. Bunun üçün MSK-nın internet səhifəsində bu siyahılar yerləşdirilir ki, bu da 2005-ci ildən tətbiq olunan təcrübədir. Digər təqdim etdiyimiz imkan isə bizim 115 saylı qaynar xəttimizdir. Eyni zamanda, onlar dairə və məntəqə seçki komissiyalarına gedərək öz məlumatlarını dəqiqləşdirə bilərlər. Bütün bu məlumatlar seçici siyahılarının dəqiqləşməsinə xidmət edir və bu il “ASAN Xidmət”lə birgə yeni bir layihə gerçəkləşdirdik. Belə ki, “ASAN Xidmət” mərkəzlərində olan smart monitorlar vasitəsilə seçicilərimiz öz məlumatlarını çox asan bir qaydada yoxlayıb dəqiqləşdirə, eyni zamanda səs verəcəkləri dairə, məntəqənin yerini öyrənə bilərlər. Vəfat etmiş şəxslərlə bağlı müvafiq qurumlarla, xüsusilə Ədliyyə Nazirliyi və digər strukturlarla əməkdaşlıq şəraitində məlumatlar seçici siyahılarında yoxlanılıb, müvafiq düzəlişlər aparılıb. Biz başa düşürük ki, bu cür məqamlar daha çox diqqət çəkdiyi üçün bəzən sosial şəbəkələrdə “like” toplamağa meyilli olan istifadəçilər öz təxəyyüllərindəki “tamaşa”nı sosial şəbəkə istifadəçilərinə çatdırır və hansısa əsassız hallarla bağlı xoşagəlməz ehtimalların tirajlanmasına rəvac verirlər. Onu da bildirim ki, səsvermə gününə 25 gün qalmış seçicilər siyahısında dəqiqləşmə prosesi başa çatır. Bundan sonra seçicilər siyahısında düzəliş olunmasına qanunvericilikdə yol verilmir. Sadəcə, mövcud məlumatlar emal oluna bilər. Məsələn, bir seçici bu il yanvar ayının 13-dən sonra vəfat edibsə və həmin ərəfədə sözügedən məlumat bizə daxil olmayıbsa, vəfat edən şəxsin siyahıdan çıxarılması ilə əlaqədar çətinliklə üzləşirik. Bu baxımdan, vəfat etmiş şəxsin seçici siyahısında qalmaq ehtimalı var, bu zaman sadəcə aşağı seçki komissiyalarına işçi qaydada bildiririk ki, həmin şəxslərin adının qarşısında qeyd aparılsın. Çünki qanunvericilik o şəxsin adının üstündən xətt çəkməyə imkan vermir. Ümid edirik ki, bu dəfə seçici siyahısı daha dəqiq olacaq və hər kəs də bunun şahidinə çevriləcək.
Hazırda seçkilərə hazırlıq prosesi davam edir. İndiyə qədər seçki mühiti ilə bağlı hansısa neqativ hallar qeydə alınıbmı, MSK-ya şikayətlər daxil olubmu?
- Mərkəzi Seçki Komissiyasının qaynar xətti var və həmin qaynar xəttə müraciətlər daxil olur. Amma xoşbəxtlikdən hələ şikayət xarakterli məlumatlar, demək olar ki, daxil olmayıb. Rəsmi olaraq isə yalnız bir müraciət daxil olmuşdu ki, araşdırma nəticəsində onun da əsassız olduğu aşkarlandı.
Azərbaycanda səsvermə prosesinin də elektron qaydada aparılması mümkün ola bilərmi, yaxud gələcəkdə bu təcrübənin tətbiqi gözləniləndirmi?
- Bu, mənim üçün bir qədər həssas mövzudur. Çünki mən 2004-2007-ci illərdə Avropa Şurası Nazirlər Komitəsinin xüsusi işçi qrupunun üzvü olmuşam və orada elektron səsvermə imkanları müzakirə olunurdu. Avropada tam elektron səsverməni tətbiq edən yeganə ölkə Estoniyadır. Fikrimcə, bu, Estoniyada daha rahatdır, çünki eston soyuqqanlılığı elektron səsverməni tətbiq etməyə şərait yaradır. Elektron səsvermə İsveçrə, İngiltərə və Niderland Krallığında da pilot layihə olaraq tətbiq olunub. Lakin bunların hamısı sonradan dayandırılıb. Çünki süni intellekt, yüksək texnologiya nə qədər inkişaf etsə də, peşəkarlıq, müəyyən prosedur və əməli tərəflər baxımından onlayn səsvermə lazımi səviyyədə etimad doğurmur. Elektron səsvermənin də iki forması var: məntəqədə və məntəqədən kənarda internet üzərindən. Hələ ki, mütəxəssislər bu məsələ ilə əlaqədar yekdil fikrə gəlmədiyi üçün elektron səsvermə gündəmə çevrilmir. Amma onu da qeyd etməliyəm ki, Azərbaycan ilk elektron səsverməni 2001-ci ildə təkrar parlament seçkiləri zamanı bir neçə məntəqədə sınaqdan keçirib. Yəni Azərbaycan elektron səsverməni sınaqdan keçirəndə Avropanın bir çox ölkəsi heç bu barədə düşünmürdü. Əgər gələcəkdə bunun etibarlı sistem olduğu qənaətinə gəlinərsə, böyük məmnuniyyətlə sözügedən məsələ barədə düşünəcəyik.