Qəfil ölümün səbəbləri və xilas yolları

post-img

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova ilə son zamanlar daha çox müşahidə edilən qəfil ölümlərin səbəblərindən, eləcə də infarktdan danışdıq. Ürək xəstəliklərinin profilaktikası üçün sağlam həyat tərzinin, zərərli vərdişlərdən uzaq olmağın və balanslı qidalanmanın vacibliyini vurğulayan kardioloq XQ-nin infarktla bağlı suallarını cavablandırdı:

– Mədinə xanım, öncə qəfil ölüm­lərin səbəbi barədə məlumat verərdi­niz...

– Havaların soyuması ilə əlaqədar ürək xəstəliklərinin insanları daha çox narahat etməsi müşahidə olunur. Ölüm­lə nəticələnən xəstəliklər içərisində in­farkt öncül yerdə durur. Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur və qan dövranının kəskin pozulması nə­ticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin bir nahiyəsinə gələn qan axı­nının kəsilməsi nəticəsində həmin his­sədə hüceyrələr məhv olur.

Bir çox hallarda miokard infarktının baş verməsinin səbəbi koronar arteri­yaların aterosklerozu olur. Lakin 5–25 faiz hallarda koronar arteriyaların em­boliyası (infeksion endokardit, mədəcik­daxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronartritlər), tac damarların anadan­gəlmə defektləri və s. səbəbdən də miokard infarktı baş verə bilər. Ən çox rast gəlinən isə qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktıdır (MİNOCA).

– Bu xəstəliyin əlamətlərinin da­marların tutulması ilə baş verən mio­kard infarktından fərqi nədir?

– MINOCA infarktı olan xəstələrdə gözlə görünən bütün koronar damarlar açıq olur və aterosklerotik lövhələr və ya tromblar müşahidə edilmir. Ancaq adın­dan da göründüyü kimi, bu, miokard infarktıdır. Koronar damarların tıxanma­sı ilə yaranmayan miokard infarktı ilə simptomlar eynidir. Angioqrafiya zamanı dəyişikliklər gözlə görünməyən çox kiçik damarlarda olur. Həmin kiçik arteriya­lar kortəbii şəkildə partlaya, orada qan laxtaları yarana bilər. Bu zaman koro­nar arteriyalar kəskin daralır. MINOCA infarktının baş verməsində mühüm rol oynayan spastik stenokardiyalar (tutma­lar), damarların obstruksiya zamanı baş verən stenokardiyalardan fərqli olaraq, qısa təsirli nitratların qəbulu ilə daha tez keçir.

– MINOCA infarktı hansı səbəblər­dən baş verə bilər?

– Qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktı müxtəlif səbəblərdən ola bilər. Epikardial arteriyaların zədələnməsi (aterosklerotik düyünlərin dağılması, xoralaşma) də, koronar arteriyaların spazmı da infarkt yarada bilər. Bu, həm endogen – stres zamanı baş verən ste­nokardiya nəticəsində, həm də ekzogen – damardaraldıcı vasitələrin təsirindən meydana çıxa bilər. İnfarktın narkotik vasitələrin təsirindən, koronar damar­ların endotelinin disfunksiyası zamanı onun bir və ya bir neçə hissəsində baş verən spazmalardan miokardit və kardi­omiopatiya zamanı baş verməsi müm­kündür. 

Koronar qan dövranının kəsilməsi və ya kəskin məhdudlaşması “ağırlaşmış“ aterosklerotik düyünün olduğu nahiyədə koronar arteriyanın trombozu nəticəsin­də baş verir. Düyünün incəlmiş kapsulu zədələnir, spazm daralmış damar mən­fəzini bir az da daraldır. Tədricən trom­bun ölçüləri böyüyür. Əgər spontan lizis (ərimə) baş verməzsə və ya trombolitik terapiya aparılmazsa, tromb damarın mənfəzini tamamilə tutur və həmin da­mar şaxəsinin qidalandırdığı nahiyədə miokard hüceyrələrinin nekrozu (ölümü) baş verir.

– Bəs xəstəlik hansı klinik əlamət­lərlə özünü büruzə verir?

– Demək olar ki, 80–90 faiz hallarda miokard infarktının anginoz variantına rast gəlinir. Ümumi şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardi­ya tutmasından fərqlidir – daha güc­lü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. 

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatış­mazlığının əlamətləri – intensiv tərləmə, başhərlənmə, kəskin halsızlıq, taxikardi­ya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s. baş verə bilər. Təngnəfəs­lik və aritmiya, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahi­də oluna bilər.

Miokard infarktının klinik olaraq an­ginoz, astmatik, abdominal, aritmik, se­rebrovaskulyar və simptomsuz variant­ları mövcuddur.

– Qeyri-obstruktiv koronar arte­riya xəstəliyi nəticəsində baş verən miokard infarktının diaqnostikası və müalicəsi necə aparılır?

– Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokar­dioqramma (EKQ) və exokardioqram­ma (ExoKQ) müayinələrinin aparılması mütləqdir. Xəstənin döş qəfəsinin rent­genoqrafiyası, koronar angioqrafiya, ürəyin MRT müayinəsi də aparılmalıdır.

Miokard infarktlı xəstələrdə, eləcə də MİNOCA infarktlı xəstələrdə diaqnozun təyini üçün qanın laborator müayinəsi – miokardın nekroz markerlərinin təyini də mütləqdir.

Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlməsinin qarşısının alınması­na, nekroz ocağının və infarktətrafı zo­nanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6–12 saat ərzində xəstə stasiona­ra çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata ke­çirilməlidir. 

– MİNOCA infarktının proqnozu və profilaktikası ilə bağlı nə deyərdiniz?

– Xəstəliyin proqnozu pasiyentin stasionara nə qədər tez çatdırılma­sından asılıdır. Erkən başlamış stasi­onar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısını alır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşı­laşdırır. 

Xəstəliyin profilaktikası üçün sağ­lam həyat tərzi sürmək, alkoqol, nikotin qəbulu kimi zərərli vərdişlərdən uzaq durmaq, sağlam və balanslaşlı qidalan­mağa üstünlük vermək tövsiyə olunur. Xüsusilə risk qrupunda olan insanlar mütəmadi olaraq kardioloji müayinələr­dən keçməlidirlər. Ölümə bir addım yaxınlaşmamaq üçün həkim tövsiyələ­rinə əməl etmək vacibdir. 

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə