Azərbaycana xidmətin alimlik etalonu

post-img

Ustad Şirməmməd Hüseynovun 99 yaşına

Şirməmməd Hüseynov. Bu ad Azərbaycanın ictimai fikri, elmi mühiti, jurnalistikası, nəhayət, milli ziyalılıq üçün, sözün əsl mənasında, etalondur. Bu ad zirvədir. Elə bir zirvə ki, onu fəth etməyə, sadəcə, cəhd göstərməyin özü belə Azərbaycana xidmətdir. 

Şirməmməd Hüseynov məfkurə zirvəsin­dəki Azərbaycan nəhəngdir. Onun nəzərlərin­dəki Azərbaycan özünün milli mənlik şüuru, identikliyi ilə bütöv bir orqanizmdir. Bu orqa­nizmi dəyərli alimimizin həyat və fəaliyyəti­nin zənginlik ruhu qidalandırmışdı. 

Şirməmməd Hüseynovun həyat fəlsəfəsi Azərbaycanı, belə demək mümkünsə, vətən­ləşdirmək amalıdır. Alim bu amal uğrunda gecəsini gündüzünə qataraq, böyük əzm və fədakarlıqla çalışmışdı. Onun keçdiyi yola diqqət yetirəndə, istər-istəməz, yada klassik­lərimiz düşür. 

Milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabidən sonrakı qəzet bumu o dövrün Azərbaycan cəmiyyətinə təfəkkür sahibləri­mizi, fikir dühalarımızı qazandırmışdı. Elə bir dühaları ki, cəmiyyətin yükünü çiyinlərində daşımaqdan mənəvi zövq alırdılar. Şirməm­məd müəllim də işindən zövq alırdı. Onun aldığı zövqdə istiqlalçı klassiklərin irsinin daşıyıcısı olmaq milli ləyaqət düsturuna çev­rilmişdi. Onun milli kimlik düşüncəsi və hissi milli haqq və ədalət mübarizəmizə işıq salmış­dı. O, özünün zənginlik dünyası ilə bu müba­rizəyə ideoloji parlaqlıq gətirmişdi. 

Tam qətiyyətlə demək mümkündür ki, Şirməmməd Hüseynov obrazı bir körpüdür. Keçmişlə müasirliyi birləşdirən körpü. O, keçmişin zənginlik ruhunu gələcəyə doğru istiqamətləndirmək məqsədinə köklənmişdi. Mövcud anlamda Şirməmməd Hüseynov şəx­siyyəti həm də ənənə daşıyıcısıdır. 

Şirməmməd Hüseynov adı artıq bir ənənə­dir. Alimliyə fövqəladəlik gətirən dəyərdir. Onun fövqəladəliyində jurnalistika mütəhər­rikdir, ictimai münasibətlər sisteminin ka­talizatorudur. Şirməmməd müəllimin jurna­listikası elmi-publisistik məzmunu düşüncə dərinliyi, mövzu rəngarəngliyi ilə cəmiyyətə kolorit verən müstəsna missiyalı nəhəng məf­kurə strukturudur. 

Bütün sahələrdə xidməti olan insanları­mız, ictimai simalarımız var. Hər birinin əmə­yi danılmazdır. Amma düşünürəm ki, Şirməm­məd Hüseynovlu jurnalistika bu peşənin digər sahələrdən üstünlüyünün vurğulanmasıdır. Bu vurğulanmada genimizə hopmuş yüksək mənəvi çalarların əsaslandırılmış bəyan mən­tiqi var. Axı, Şirməmməd müəllim, hər şeydən əvvəl, bir mənəvi dünyadır. Zənginliyində Azərbaycan amalının dayandığı dünya.

Nəhayət, Şirməmməd Hüseynov Ustad­dır. O, “ustad” sözünün haqqını tam şəkildə ödəməyi bacarmış mükəmməl obrazdır. Bu bacarıqda uzun ömrünün Azərbaycan adlı ürək döyüntülərinin inikası duyulmaqdadır. Ona görə də anadan olmasının 99-cu ildö­nümündə Ustadı yada salmaq böyük fəxrdir, mənəvi borcdur. 

Ad gününüz mübarək, ey Ali ruh! Bilirəm, Siz yaşayırsınız. Bilin ki, qəlbinizdə yaşatdı­ğınız Azərbaycan sevdası daim pöhrələnməklə qol-budaq atıb yaşamaqdadır və əbədi yaşaya­caqdır. Tam əmin olun, Siz də qəlbimizdə əbə­di yaşayacaqsınız!

Bir il də yaşayaq. Sizin yüzilliyinizi qeyd edək. Bu, bütün Azərbaycan mətbuatının bay­ramı olacaq. 

Allah Şirməmməd müəllimə rəhmət eləsin!

Əflatun AMAŞOV,
Baş redaktor

Sosial həyat