Bunun yolu peyvənd, maska və məsafədən keçir
“Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır. Maska olmadığı halda əhalinin sıx toplaşdığı yerdə xəstəliyə yoluxmaq mümkündür”. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı mediaya açıqlamasında deyib.
O, valideynlərə müraciət edərək bildirib: “2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılcanın endemikliyinin olmadığını sübut edən sənəd verib. Bundan sonra ölkədə qeydə alınan yoluxmalar yalnız qonşu dövlətlərdən gəlmə hallar hesabına qeydə alınıb. Nəzərə almalıyıq ki, ölkəmizdə münbit şərait olarsa, qonşu ölkələrdən gəlmə hallarına yoluxmalar artacaq. Bunun olmaması üçün peyvəndlərin vurulması vacibdir. Çünki vaksinlər bir çox uşaq ölümlərinin qarşısını alır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edin. Uşaqlara dövlət hesabına qızılca əleyhinə peyvənd vurulacaq”.
“Leyla” Klinikasının şöbə müdiri, pediatr Sahib Cəfərov qızılca ilə bağlı “XQ”-nin suallarına cavab verib:
– Hazırda uşaqlarda müxtəlif dəri səpkiləri yayılıb, qızdırma, öskürək, burun axması müşahidə edilir. Qızılca çox vaxt adi qriplə səhv salınır və xəstə aktiv şəkildə virusu yayır. O qədər yoluxucu infeksiyadır ki, hətta məktəb və ya bağçada 1 xəstə uşağın olması kifayətdir ki, digərləri də yoluxsun. Bu zaman evin, müəssisənin, hətta əllərin dezinfeksiyası yoluxmamağa kömək etmir. Qızılcadan dezinfeksiya da, maska da qorumur. Qızılca virusu sağlam insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bu nahiyədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir. Xəstəliyin 15–17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistem xəstəliklə mübarizəyə başlayır.
– Qızılcanın əsas simptomları hansılardır?
– Virusa yoluxduqdan təxminən 8–12 gün sonra xəstəliyin ilk əlamətləri görünür. Bu əlamətlər yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir. Burun axması, öskürək, halsızlıq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır. Xəstəliyin 4–8-ci günlərində hərarət 39–41 dərəcə arasında dəyişir.
Qulaq və boyun arxasında səpkilər başlayır. Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur. Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir. Yetkinlərdə qızılca səpkiləri uşaqlara nisbətən daha az olur. Səpki azaldıqca, qızdırma da aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir. Qızılcaya yoluxan insan, adətən, bir həftə ərzində yaxşılaşmağa başlayır. Səpkiləri qaşımaq, yod sürtmək, qopartmaq, yumaq olmaz.
– Amma bəzən xəstəlik təhlükəli ola bilir. Ağırlaşmalar müşahidə edilir.
– Qızılca orqanizmin digər hissələrinə, məsələn, ağciyərlərə və ya beyinə yayılarsa, ciddi problemlər yaranar. Qızılcanın səbəb ola biləcəyi problemlər əsasən, sətəlcəm, meningit, korluq və karlıqdır. Qızılca virusu vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit) və beyin iltihabına səbəb olur. Bu problemlər nadir hallarda müşahidə edilsə də, körpələr və immuniteti zəif insanlar risk altında sayılır. İmmuniteti zəif və əlavə xəstəliyi olan uşaqlar, 20–40 yaş arası insanlar qızılcanı daha ağır keçirir. Qızılcanın ağırlaşması ağciyər, böyrək, ürək, beyində özünü göstərir. Bütün xəstələr sahə ailə həkimi nəzarətində evdə tam təcrid olunmalıdır.
– Qızılcaya yoluxmanı erkən aşkarlamaq mümkündürmü?
– Yoxlama məqsədilə qan müayinə edilir. Nümunə qızılcaya yoluxan insan ilə təmasa məruz qaldıqdan ilk 72 saat ərzində götürülübsə və mənfi çıxıbsa, ikinci nümunənin götürülməsi tövsiyə olunur. Çünki virus inkubasiya dövründə olduğu üçün ilkin müayinədə qanda görünməyə bilər.
– Qızılcanın müalicəsi necə aparılır?
– Xəstəliyin xüsusi müalicəsi yoxdur. Amma sağalmaq üçün immuniteti gücləndirən müalicə üsullarından istifadə edilir. Xüsusilə, qida çatışmazlığı (yetərsiz qidalanma) olan və 2 yaşa qədər uşaqlara A vitamini əlavəsi verilməlidir. A vitamini qızılcada fəsadların inkişafının qarşısını alır və immuniteti gücləndirir. Yoluxanlara yataq rejimi və sulu yeməklər tövsiyə olunur. Göz qapaqlarını ilıq su ilə təmizləmək, yüksək hərarət zamanı qızdırma salan dərmanlar qəbul etmək olar. Otağın havasını nəm saxlamaq vacibdir. Qızılcaya yoluxan biri ilə təmasda olan hamilələrin isə tibbi məsləhət alması mütləqdir.
– Uşaq yoluxarsa, yaxud xəstə ilə təması olarsa, nəyə diqqət yetirmək lazımdır?
– Uşaq, ən azı, beş gün evdə dincəlməli, məktəbə, bağçaya göndərilməməlidir. Qızılca diaqnozu təsdiqləndikdən sonra məktəbə, uşaq bağçasına və iş yerinə məlumat verilməlidir. Qızılca uşaqla təmasda olanlar dərhal peyvənd edilməlidir. Evə kənar adamlar gəlməməlidir. Uşaq ayrı otaqda qalmalı və otağa xəstəyə qulluq edəndən başqa heç kim daxil olmamalıdır. Onun yatdığı otaq havalandırılmalı, rütubət səviyyəsinə diqqət yetirilməli və otağa günəş işığı düşməlidir. Xəstəyə qulluq edən şəxslər maskalardan istifadə etməlidirlər. Xəstə kök, portağal və yumurta kimi A vitamini ilə zəngin ərzaqlarla qidalanmalıdır.
– Qızılcaya yoluxmamaq mümkündürmü?
– Yoluxmamaq mümkün deyil. Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və bunun üçün peyvənd ən təsirli üsuldur. Peyvənd qızılca virusuna yoluxmuş insanlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Xəstəliklə mübarizənin bir yolu da karantindir. Hazırda yoluxma aktiv olduğu üçün peyvəndləmə də risklidir. Çünki yoluxan uşağın xəstəliyi gec, 10–14 gün keçəndən, səpkilər əmələ gələndən sonra bilinir. Yoluxmanın gizli dövründə peyvənd vurulsa, bu, ağır fəsadlar yaradar. Peyvəndin özü də virusun zəif törədicisi olduğundan, sağlam uşağa vurulması vacib şərtdir. Hazırda məktəb, bağça və universitetlərdə xəstəlik riskini həm də orta yaşlı təbəqə daşıyır. 20–30 yaşlı şəxslər, hətta uşaqlıqda peyvənd olunsalar da, qızılcaya yoluxa bilərlər. Lakin orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq, kimin bu xəstəliyi necə keçirməsi öncədən proqnozlaşdırıla bilməz.
Qeyd edək ki, Rumıniyada artıq qızılcaya 2000 nəfərin yoluxduğu barədə xəbərlər var. Rəsmi məlumatda deyilir: “Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9–11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkədə qızılca epidemiyası elan edib”.
Zərifə BƏŞİRQIZI
XQ


