“Südüdür kim, dolanıb qanım olub”

post-img

Ana özü isə ölümsaçan xəstəliyə tuş gəlir

Oktyabrın 27–29-da “Süd vəzi xərçənginə qarşı mübarizə aylığı” çərçivəsində Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji Klinikası və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi keçirildi. Konqresin təşkilində məqsəd onkologiyanın mühüm sahələrindən olan süd vəzi xəstəlikləri, o cümlədən süd vəzi xərçəngi, ümumiyyətlə, qadın sağlamlığı məsələlərini müzakirə etmək və müxtəlif ölkələrin onkoloq, mammoloq və ginekoloqları arasında məhsuldar dialoq yaratmaq idi. 

Qeyd edək ki, oktyabr ayında “Süd vəzi xərçənginə qarşı mübarizə aylı­ğı” keçilməsini ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı elan edib. Onkoloji qadın xəstəlikləri sıra­sında süd vəzi xərçəngi birinci yeri tu­tur və xəstələnənlərin sayı ildən-ilə ar­tır. Bəzən xəstəliyə kişilər arasında da təsadüf edilsə də, onların əksəriyyəti xəstəliyin inkişafından şübhələnmədik­lərinə görə həkimə tez müraciət etmir­lər. Gecikmiş diaqnostika və vaxtında aparılmayan müalicə mənfi terapev­tik nəticələrə aparıb çıxarır. Süd vəzi xərçəngi son illər ən çox narahatlıq doğuran onkoloji xəstəliklərdən birinə çevrilib. ÜST-nın məlumatına görə, hər il dünyada 10 milyondan çox qadın həmin xəstəliyə tutulur və 6 milyondan çoxu həyatını itirir. 

Xəstəliyin simptomları, müa­yinəsi, gedişi, fəsadları ilə bağlı konqres iştirakçısı, ATU-nun onko­logiya kaferdrasının dosenti, Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri As­sosiasiyasının sədr müavini, tibb üzrə fəlsəfə doktoru, onkoloq-mam­moloq Həqiqət Vəliyeva ilə söhbət­ləşdik. Bir az da biganəliyimizdən ölümə yol açan “dərd”lə bağlı qa­dınlarımızı məlumatlandırmaq istə­dik. Həqiqət xanım söhbətə “Xər­çəng necə yaranır?”– sualımıza cavabla başladı:

– Həkim-şair Abbas Səhhətin təbi­rincə, ana südü damarlarımızda qana çevrilir, bizə həyat verir. Lakin bir sıra hallarda qadınlar süd vəzi xərçənginə tutulurlar. Bədəndə hər hüceyrənin öz ömrü var. Bu ömür nüvələrindəki gene­tik materialda yazılır. Yaşlanan hücey­rənin toxumadakı işi başa çatandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələri isə fərqlidir. Onlar “planlı hüceyrə ölümü”nə tabe olmur, idarəe­dilməz şəkildə çoxalır. Sağlam hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt ölə­cəyini bilir. Amma xərçəng hüceyrələ­ri bu məlumatı itirir, idarə olunmayan şəkildə bölünməyə başlayır və şişlər əmələ gəlir. Xərçəng hüceyrələri yaran­dıqları şişdən qopub ayrıldıqdan sonra, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedir. Həmin yerlərdə çoxsaylı şişlər əmələ gətirir və böyüməyə davam edirlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması metastaz adlanır.

Süd vəzi xərçəngi digər orqanların şişlərinə nisbətən çox yavaş inkişaf edir. Bir hüceyrənin bölünərək 1 kub­santimetr böyüklüyündə bir kütlə ya­ratmasına 7–10 il vaxt lazımdır. Əgər hər il müayinə aparılsa müalicənin də səmərəsi olar.

– Xəstəliyin əlamətləri nədir? Hə­kimə nə vaxt müraciət edilməlidir?

– Süd vəzi xərçənginin müalicəsin­də müsbət nəticə almağın və sağalma­nın əsas şərti erkən diaqnozdur. Şiş bir neçə millimetr böyüklüyündə olanda mammoqrafiyada görünür. Həmin vaxt aparılan müalicənin nəticələri uğurlu olur. Buna görə də süd vəzi müayinələ­rinə tez-tez gələn xəstələr daha şanslı olurlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 santimetr və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də qalır. 

Buna görə də, mammoqrafiya, ult­rasəs və həkim müayinəsindən başqa, hər qadın öz süd vəzi haqqında məlu­matlı olmalı, bəzi nüanslara diqqət etməlidir. Süd vəzi xərçəngində ən çox müşahidə edilən əlamət ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə həkimə müraciət edəndə, öncə bu kütlənin kista, yoxsa şiş oldu­ğu öyrənilir. 

Bundan başqa, süd vəzi giləsi axın­tısı xərçəngin erkən simptomu ola bilər. Amma süd vəzinin sıxılması nəticəsin­də axıntı gəlməsi xəstəlik simptomu sayılmır. Çünki süd vəzi giləsi axıntısı­na hormonal xəstəliklərdə, əmizdirmə­dən sonrakı vaxtlarda və süd kanalları­nın xəstəliklərində də təsadüf edilir.

Süd vəzi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması da xəstəlik əlamətlərdəndir. Bəzi qadınlarda süd vəziləri arasında anadangəlmə kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzi gilələrində simmetriya fərqi kimi. Bunlar hər han­sı bir xəstəliyin əlaməti deyil. Amma əvvəllər hər iki süd vəzi giləsi sim­metrik və normal olduğu halda sonra dəyişərək içəri çəkilməsi süd vəzi xər­çəngi baxımından çox vacib simptom sayılır.

Süd vəzi üzərində uzun müddət qalan qızartı, yara, portağal qabığına bənzər bir görüntü alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi hə­kimə müraciət etmək üçün səbəbdir. Xəstəliklə mübarizədə ideal variant simptomlar ortaya çıxmazdan əvvəl diaqnozun qoyulması və müalicənin başlanmasıdır.

– Xəstəliyin diaqnozu hansı üsul­larla təyin edilir?

– Süd vəzi xərçənginin erkən di­aqnostikası üçün istifadə olunan əsas üsullar ultrasəs müayinəsi və mam­moqrafiyadır. Amma xərçəngin diaq­nostikası üçün radioloji metodlara, biopsiyalara əlavə olaraq, özünü müa­yinə və periodik olaraq həkim müayinə­sindən keçmək də vacibdir. Bu üsullar­dan yalnız biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.

Mammoqrafiya süd vəzi xərçən­ginin erkən diaqnostikası üçün vacib üsuldur. Bu müayinə xəstənin heç bir şikayəti olmadığı halda profilaktik məqsədlə də aparıla bilər. Amma süd vəzində kütlə, giləsində axıntı və ya başqa bir şikayəti olanlara diaqnostik məqsədlə tətbiq edilir. Mammoqrafiya hər qadında fərqli olur və heç bir nəticə digərinə oxşamır. Buna görə də müa­yinə zamanı daha əvvəl çəkilən mam­moqrafiyanın nəticələrinə də baxırıq. Əvvəl çəkilmiş mammoqrafiya ilə yeni­si arasındakı fərq daha dəqiq diaqnoz qoyulmasına kömək edir. Mammoqrafi­ya uyğun zamanda və formada həyata keçirildiyi zaman ağrısız bir üsuldur. Menstrual sikldən sonrakı dövrdə süd vəzilərindəki ödem, gərginlik və həs­saslıq daha az olur. Buna görə, pa­sientlərə sikldən sonrakı həftə müayinə olunmalarını tövsiyə edirik.

Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk faktoru və şikayəti olmayan, hər il müayinə nəticəsi normal olan qadınla­ra da nizamlı olaraq aparılmalıdır. Belə müayinələr xəstənin həyatını qurtarır və cəmiyyətdəki süd vəzi xərçəngi sə­bəbilə yaranan ölüm səviyyəsini aşağı salır. Qeyd etməliyəm ki, mammoqrafi­ya müayinəsi zamanı alınan radiasiya şüası ağciyərin rentgenoloji müayinə­sindəkindən daha az dozada olur. 

Digər dəqiq müayinə üsulu biop­siya – süd vəzi toxumasından alınan nümunənin uyğun şəraitdə donduru­lub, kəsilib, boyanıb, mikroskop altın­da incələnməsidir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzi xərçənginin dəqiq təyininin tək yoludur. Diaqnoz üçün iynə biop­siyası və cərrahi biopsiya aparılır. İynə biopsiyası zamanı şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma nü­munəsi alınıb laboratoriyaya göndərilir. Cərrahi biopsiyada isə xəstə əməliyya­ta alınır, şübhəli sahə və ya kütlə tama­milə çıxarılır və diaqnozun təsdiqi üçün histaloji müayinəyə göndərilir.

– Bəzən qadınlarda əlavə süd vəzi payı aşkarlanır. Aydınlıq gətirər­diniz, bu, xərçəngin bir növüdürmü?

– Əlavə süd vəzinin müşahidə olun­ması şiş xəstəliyi deyil. Qoltuq altında, süd vəzinin altında, üstündə, kürək nahiyəsində aşkarlanır. Süd vəzi giləsi və qoltuqaltı xətlə bərabər həmin is­tiqamətdə paralel yerləşə bilir. Anadan­gəlmə olur. Kiçik olduğundan kimsə hiss etmir. Yetkinlik çağında, bəzən ilk hamiləlikdə, süd verən zaman, bəzən də daha gec, klimaks dövründə aşkar­lanır. Sadəcə normal süd vəzində şiş yarandığı kimi əlavə payda da yarana bilər. 

– Siz II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində iştirak edir­diniz. Konqresin işi ilə bağlı fikirlə­riniz...

– Konqresin elmi proqramı Azər­baycan Tibb Universitetinin Onkolo­ji Klinikası, Milli Onkologiya Mərkəzi və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası tərəfin­dən, süd vəzi xəstəliklərinin müalicəsi üzrə Türkiyənin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və ən aktual mövzuları əhatə edirdi. Dünyaca tanınmış Türkiyə, ABŞ, Almaniya, Avstriya, Qətər, Ma­carıstan, Hindistan və digər ölkələrdən gəlmiş 40-a yaxın ekspertin məruzələ­ri böyük marağa səbəb oldu. Konqres çərçivəsində süd vəzi xəstəliklərinin radioloji görüntüləməsi və onkoplas­tik cərrahi məsələlərin daha dərindən araşdırılmasına imkan yaradacaq iki təlim keçirildi. 

Bu konqresin təşkili nəinki səmərəli fikir mübadiləsinə və faydalı fəaliyyət proqramının hazırlanmasına, həm də dünyanın bu sahədəki aparıcı mütəxəs­sislərinin bizim tibb sahəsindəki nailiy­yətlərimizlə, imkanlarımız və resursları­mızla tanış olmalarına imkan verəcək.

– Qadınlarımıza bu bəlaya dü­çar olmamaq, yaxud erkən müalicə olunmaq üçün nə tövsiyə edərdiniz?

– Bədənlərinə qarşı həssas olma­larını tövsiyə edərdim. Qadınlarımız nə qədər özlərinə diqqət etsələr, hər hansı dəyişiklik hiss edən kimi həkimə müraciət etsələr, şübhəsiz ki, hətta xər­çəng diaqnozu təsdiqlənsə belə, müali­cə çox uğurla nəticələnər. Bunu illərdir, xəstələrlə işləyən onkoloq-mammoloq kimi əldə etdiyimiz nəticələrə əsaslanıb deyirəm. 

 

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə