Vəziyyəti gərginləşdirmək Ermənistanın özünü çətin duruma salıb

post-img

Müsahibimiz Milli Məclisin deputatı Cavanşir Feyziyevdir

Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı təxribatçı addımlar bölgənin kövrək təhlükəsizlik mühitini pisləşdirir. Son aylarda gərginlik ancaq artan xətt üzrə gedir. Hətta bir sıra ekspertlər hazırkı vəziyyətin 44 günlük Vətən müharibəsindən öncəki duruma bənzədiyini bildirirlər. Bəzi böyük dövlətlər isə vəziyyəti nizamlamaq əvəzinə, közərməkdə olan ocağı körükləyirlər. Onların önündə, heç şübhəsiz, Fransa gəlir. Rəsmi Paris Ermənistanı hər vəchlə qızışdırır, onu yeni təxribatlara şirnikləndirir. Ötən illərin təcrübəsindən çıxış edib demək olar ki, baş verənlər İrəvan üçün yaxşı heç nə vəd etmir. Milli Məclisin deputatı Cavanşir Feyziyev Fransanın bölgədə oynadığı destruktiv rol, Ermənistanın son hərbi-siyasi təxribatları və bunların nə ilə yekunlaşa biləcəyi ilə bağlı “Xalq qəzeti”nin suallarını cavablandırdı.

– Cavanşir müəllim, Makron Fran­sasının Cənubi Qafqaz siyasətini necə dəyərləndirərdiniz?

– Siz doğru olaraq, məhz Makron Fransası ifadəsi ilə başladınız. Çünki Emmanuel Makronun prezidentliyi döv­ründəki Fransa Cənubi Qafqaza müna­sibətdə əvvəlki Fransadan çox fərqlənir. Uzun illər ərzində, demək olar ki, İkinci Dünya müharibəsindən sonrakı bütün dövrlərdə Fransanın Cənubi Qafqaza münasibəti əsasən müsbət zəmində olub və heç vaxt bölgəmizdə hansısa əməliyyatlara qoşulmaq, yaxud təsir gü­cünə malik olmaq barədə düşünülməyib. Fransua Mitteranın, Jak Şirakın, Nikola Sarkozinin, Fransua Ollandın zamanla­rında da Paris ölkəmizə qarşı hər hansı pis niyyət nümayiş etdirməyib. Baxma­yaraq ki, Fransa keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycanla sıx təmasda olub. Fransızlar Fransa və Ermənistan arasında son yüz ildə forma­laşmış ənənəvi münasibətləri qeyd et­məklə yanaşı, Azərbaycana münasibət­də əsasən xoş məram nümayiş etdiriblər.

Makronun hakimiyyətə gəldiyi ərəfə­də Azərbaycanla Fransanın 12 şəhəri qardaşlaşmış şəhərlər layihəsi çərçivə­sində qarşılıqlı əməkdaşlığa dair xartiya imzalamışdı. Bu şəhərlər arasında birba­şa əlaqələr yaranmışdı, müxtəlif peşə sa­hibləri səviyyəsində qarşılıqlı mübadilələr mövcud idi. Bu, tədricən iqtisadi fəaliy­yətə də çevrilirdi. Münasibətləri o səviy­yəyə gətirib çıxarmaq üçün həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən faydalı addımlar atılmışdı. Heydər Əliyev Fondunun Fransada keçirdiyi tədbirlərin sayının çoxluğu hamıya məlumdur. Bu tədbirlər Fransa cəmiyyətində Azərbay­can haqqında real təsəvvür yaratmış və ermənilərin yüz il ərzində fransızlarda türklər və azərbaycanlılar haqqında for­malaşdırdığı yanlış təsəvvürləri dağıtma­ğa başlamışdı. Lakin Makronun hakimiy­yətə gəlişi ilə münasibətlər yavaş-yavaş pozulmağa başladı. Sonrakı hadisələr, yəni Makronun Ermənistanı birtərəfli şə­kildə dəstəkləməsi göstərdi ki, Fransa Prezidenti ölkəsi ilə Azərbaycan arasın­da müsbət zəmində formalaşan münasi­bətlərdən razı deyil.

– Bunu nə ilə izah etmək olar?

– Zənnimcə, variantlardan biri budur ki, Makron erməni lobbisinin təsiri altın­dadır. Biz Makronun prezidentlik müddəti başa çatmayanadək bunu tam detalları ilə öyrənə bilməyəcəyik. Nə zamansa hər hansı iddia səslənərsə, araşdırma aparı­larsa, bu, bəlli olacaq. Necə ki, ondan əv­vəlki prezident (Nikola Sarkozi nəzərdə tutulur-S.H.) haqqında belə bir araşdırma aparıldı və həmin eks-prezident hazırda həbs həyatı yaşayır. Eləcə də Makronun erməni lobbisi ilə sıx bağlı olduğu və on­dan ola bilsin ki, prezident seçkilərində istifadə etməsi üçün maddi dəstək alma­sı ehtimalları var. Güman etmək olar ki, Makron erməni lobbisindən aldığı maddi dəstəyin əvəzini ödəmək üçün haqq-na­haq Ermənistanın mövqeyini müdafiə etməyə məcburdur. Ona görə də heç ki­min – sivil dünyanın başa düşə bilməyə­cəyi təkliflərlə çıxış edir. Azərbaycanın mövqeyinə qarşı qərəzli mövqe sərgilə­yir, bütün təxribatlarında Ermənistanı dəstəkləyir. Nəinki dəstəkləyir, eyni za­manda, onu təxribatlara yönəldir.

Vətən müharibəsindən sonra Ermə­nistanın siyasi rəhbərliyinin atdığı addım­lar və Fransanın bu siyasətdə rolu göstə­rir ki, İrəvan Parisin təlimatlarını eşitdikdə, ona qulaq asdıqda Azərbaycanla müna­sibətlərin normallaşması prosesi pozulur. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ilk üç-dörd görüş çox məhsuldar olmuşdu. Sonra­dan Fransa prezidentinin bu görüşlərə qatılması Emənistanla Azərbaycanın günü-gündən yaxınlaşan mövqelərini alt-üst etdi. Eləcə də Aİ missiyasının Ermə­nistan ərazisində yerləşdirilməsi Makro­nun təşəbbüsüdür. Ermənistan baş naziri bu təşəbbüsü məmnuniyyətlə qəbul etdi. Baxmayaraq ki, erməni cəmiyyəti bu mis­siyadan çox narazıdır. Çünki gözləntilər çox idi. Ancaq son nəticədə bu, Ermənis­tanın xeyrinə işləmədi, əksinə, İrəvanın aparmaq istədiyi siyasəti dalana dirəmiş oldu. Məhz buna görə də Azərbaycan təklifdən qəti şəkildə imtina etdi və öz ərazisində heç bir missiyanın yerləşdiril­məsinə icazə vermədi.

Fransa Azərbaycanla, əslində, iqti­sadi sahədə tərəfdaşdır və çox böyük həcmli layihələrimiz var. Məsələn, Azər­baycanın süni peykləri Fransa şirkəti tərəfindən orbitə çıxarılıb. Eləcə də Fran­sanın “Total” enerji şirkəti Azərbaycanda uzun müddətdir çalışır. Hətta, “Abşeron” qaz yatağında müəyyən paya da malik­dir. Amma bütün bunlara baxmayaraq, məhz Makronun apardığı siyasət Ermə­nistanla Azərbaycan arasında müna­sibətlərin tənzimlənməsi üzrə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların gördüyü işə mane olmaq məqsədi güdür. Bu, Fransanın atdığı bütün addımlardan bəllidir. Eləcə də, guya, Qarabağda ya­şayan ermənilərə yardım göndərmək kimi bir təxribat Laçın yolunda, sərhəd bölgəsində baş verən hadisələri daha da qızışdırmaq və İrəvanla Bakını sülhə yox, növbəti müharibəyə istiqamətləndirmək məqsədi daşıyır.

Əlbəttə, Azərbaycan bütün bunları təhlil edir və Fransanın niyyətini başa dü­şür. Ona görə də mümkün qədər təmkinli olmağa çalışır. Lakin həmişə deyildiyi kimi, səbrin də bir həddi var. Ermənistan öz siyasətini özünün milli maraqları zəmi­nində qurmalıdır.

– Fransa bu cür destruktiv rol oy­namaqla nəyə nail olmaq istəyir?

– Bilirsiniz, Fransa Avropanın aparıcı ölkələrindən biri kimi, həmişə ambisiya­lı ölkə olub. Onun ambisiyaları xüsusilə İkinci Dünya müharibəsindən sonra ya­radılan BMT-nin Təhlükəsizlik Şurasına daimi üzv seçildikdən sonra daha da bö­yüyüb. Amma bayaq qeyd etdiyim kimi, Makrondan öncəki Fransa rəhbərləri bu iddialarını bəlli ölçüdə irəli sürüblər və ona sivil yollarla nail olmağa çalışıblar. İddialı olmaq pis əlamət deyil. Bu, hər bir dövlətin təbii istəyidir. Hər bir dövlət dünya miqyaslı rəqabətdə daha yaxşı yer tutmaq arzusundadır. Bu baxımdan, biz bu iddialarda pis bir şey görmürük. Amma bu iddialar beynəlxalq hüquq nor­malarının pozulması hesabına həyata keçirilirsə, o zaman həmin dövlət dünya birliyinin, bütövlükdə, meqa siyasi sis­temin inkişafının əleyhinə getmiş olur. TŞ-nin daimi üzvü olan bir ölkənin belə üsullardan istifadə etməklə öz iddiasını təmin etməyə çalışması həm mənəvi, həm də siyasi cəhətdən yolverilməzdir.

Baxın, ötən əsrin 60-cı illərindən başlayaraq dünyanın bütün bölgələrində müstəmləkəçiliyə son qoyulması prosesi geniş vüsət alıb. Nəticədə müstəmləkə asılılığında olan ölkələrin əksəriyyəti mütəqillik əldə edib. O cümlədən, Fran­sanın müstəmləkələri müstəqilliklərini elan ediblər, amma bu, formal müstəqil­likdir. Çünki Fransa həmin ölkələrdən bu günədək əl çəkməyib. Yəni, Fransa müstəmləkəçiliyin dünya miqyasında ləğvindən sonra da neomüstəmləkəçilik siyasəti aparır. Afrikada, özündən 9 min kilometr uzaqda olan Yeni Kaledoniya adasında, Korsikada, Cənubi Amerikanın bir çox ərazilərində yenə də müstəmləkə­çilik siyasətini davam etdirir. Buna müxtə­lif adlar qoyur – Frankofoniya ölkələri və sair. Bu adlar altında, əslində, həmin ölkələri həm iqtisadi, həm də mənəvi cəhətdən istismara məruz qoyur.

Korsika Avropa qitəsinin demokra­tik quruluşlu ilk respublikaya malik xalqı olub. Amma onun mövcudluğu cəmi 12 il çəkib. On iki ildən sonra Fransa Kor­sikanı işğal edib, daha doğrusu, borc əvəzinə müstəmləkə ərazisi kimi özünə götürüb. Həmin vaxtdan Avropanın de­mokratik quruluşlu ilk respublikasını və onun vətəndaşlarını istismar edir. Hətta, son bir ildə yerli əhaliyə Korsika dilində danışmağı belə qadağan edib.

XXI əsrdə insanları bu cür istismar et­mək yolverilməzdir. Bu, bütün mütərəqqi xalqlar və dövlətlər tərəfindən qınanılır. O cümlədən, 2023-cü ilin iyul ayında Bakı­da Qoşulmama Hərəkatının Əlaqələndir­mə Bürosunun nazirlər görüşündə də bu məsələyə çox geniş şəkildə toxunuldu. Hətta biz Milli Məclisdə neomüstəmləkə­çilik asılılığında olan xalqların nümayən­dələri ilə görüşdük. Onlarla fikir müba­diləsi apardıq. Bütün bu ölkələrdə real müstəqilliyə nail olmaq istəyən mütərəqqi siyasi qüvvələri Fransa ciddi şəkildə iş­gəncələrə məruz qoyur, uzunmüddətli həbslərə atır. Məsələn, öz dilində danış­mağı tələb edən insanlar 20 illik həbs cə­zasına məhkum edilir.

Amma bütün bu proseslərin qarşı­sını güc yolu ilə almaq mümkün deyil. Son bir neçə ay ərzində Afrika qitəsində baş verən hadisələr göstərir ki, Fransa müstəmləkəçiliyi artıq real şəkildə öz sonluğuna yaxınlaşmaqdadır. Bu hərə­kat məhz Makronun prezidentliyi dövrün­də yenidən canlandı. Çünki Makronun prezidentliyi dövründə Fransanın asılı ölkələrə, onların xalqlarına münasibət­də siyasəti daha da mürtəceləşib, daha da qəddarlaşıb. Ona görə də əks-reak­siya olaraq Afrika ölkələrində Fransaya qarşı mübarizə də yeni güclə alovlanır. Malidə, Qabonda, Burkina-Fasoda və digər bir neçə ölkədə Fransa qoşunları­nın çıxarılması tələbi ilə çıxış edirlər. Bir sıra ölkələrdə isə Fransaya loyal müna­sibət bəsləyən hakimiyyətlər devrildi və hərbçilər hakimiyyəti ələ aldılar. Hazırda Fransadan hərbi hissələrini həmin ölkələ­rin ərazisindən çıxarması tələb olunur.

Afrika ölkələrindən çıxmaq ərəfəsin­də Fransaya, guya, bəzi bölgələrdə yenə söz sahibi olduğunu göstərmək lazımdır. Cənubi Qafqazda bu məqsəd üçün isti­fadə oluna biləcək ən zəif halqa Ermə­nistandır. Ermənistan həmişə üçüncü qüvvəyə arxalanır, hər zaman üçüncü qüvvə axtarışındadır. Paris bunu yaxşı başa düşür və ona görə də özünü üçüncü qüvvə qismində Ermənistanın xidmətinə təqdim edir. Amma, əlbəttə, fransızların burada əsl məqsədi Ermənistanın deyil, Fransanın mənafeyidir. Çünki Afrikadan qovulan Fransa dünyaya göstərməlidir ki, o, “qara qitə”dən qovulsa da, dünya­nın digər yerlərində, hətta yeni ərazilərdə söz sahibinə çevrilməkdədir. Bu minvalla dünyanın aparıcı ilk beş, yeddi, yaxud iyirmi ölkəsindən biri olduğunu sübut et­mək istəyir.

– Ermənistanın təxribatları səbə­bindən son vaxtlar bölgədə vəziyyət xeyli gərginləşib. Baş verənlər yeni müharibə riski yaradırmı?

– Bu gün baş verən proseslər üç il əvvəlki hadisələrə çox bənzəyir. Amma Ermənistan üç il əvvəl baş vermiş ha­disələrdən nəticə çıxarmaq əvəzinə, yeni gərginliyə doğru gedirsə, deməli, onu bu yola istiqamətləndirənlər var. Çünki İrə­vanın öz gücü hesabına belə bir təxribata getməsi ağılsızlıq olardı. Deməli, üçüncü qüvvələr var və onlar Fransa kimi iddialı dövlətlər ola bilər. Əlbəttə, bu cür təxri­batların qarşılığında müharibə təhlükəsi birbaşa meydana çıxır. Çünki Azərbaya­can özünə yönələn təhdidləri qəbul edə bilməz. Atılan hər bir təxribatçı addımın cavabı mütləq artıqlaması ilə verilməlidir.

Müharibə olarsa, ilk növbədə, Ermə­nistan 2020-ci il 10 noyabr tarixli Bəya­natla üzərinə götürdüyü öhdəlikləri ye­rinə yetirməyə məcbur edilə bilər. Yəni, Zəngəzur dəhlizinin açılmasına məcbur edilər, Qarabağ ərazisindəki 10 minə yaxın yaraqlının çıxarılması təmin olu­nar. Əgər bunu xoşluqla etməsələr, Azər­baycan erməni yaraqlılarını güc yolu ilə Qarabağdan çıxarmalı olacaq. Nəhayət, Qarabağda özünü yerli idarəçilik qurumu hesab edən saxta təsisatların rəhbərləri, ümumiyyətlə, Azərbaycanın ərazi bütöv­lüyünə qarşı fəaliyyət göstərmiş bütün şəxslər həbs edilib məsuliyyətə cəlb olu­nacaqlar... Müharibə olsa, onun nəticələri bunlar olacaq.

Ermənistanın hansısa müharibəyə dözmək üçün gücü yoxdur. Özünü kiçik təhlükədən belə qorumaq iqtidarında de­yil. Ona görə də İrəvanın böyük iddialarla təxribata getməsi qeyd etdiyimiz kimi, çox ağılsız bir addım olardı. Bu məsələni, sa­dəcə, beynəlxalq müzakirəyə çıxarmaq xatirinə Azərbaycanı müharibəyə təhrik etmək Ermənistan üçün son addım olar və dövlətçiliyini birdəfəlik itirə bilər. Bu, reallıqdır. Əgər Ermənistan belə bir təx­ribata gedəcəksə, o zaman bütün bey­nəlxalq hüquq normaları və beynəlxalq qanunlar bizim tərəfimizdə olacaq.

Səxavət HƏMİD
XQ

Müsahibə