Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifadə olunaraq UNOG-nin insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə edilib.
Azərbaycanın, öz növbəsində, BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik etdiyi və cari ilin noyabr ayında Bakıda SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.
Xanım Valovayanın 2022-ci ildən etibarən Azərbaycana baş tutmuş səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə UNOG-nin rəhbərinə minnətdarlıq bildirilib.
Görüş zamanı bölgədəki vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
* * *
Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçean ilə də görüşüb.
Azərbaycanın postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olduğunu qeyd edən nazir Ceyhun Bayramov 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verib. O, ölkəmizin işğaldan azad edilmiş ərazilərində 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının yaradılması, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında danışıb.
Ermənistan tərəfindən törədilmiş ekoloji terror, işğal nəticəsində dağıntılar, bölgədə geniş mina təhdidləri, eləcə də işğalın fəsadlarının aradan qaldırılması səyləri qarşı tərəfin diqqətinə çatdırılıb.
* * *
Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eqqer ilə görüşüb.
Görüş zamanı regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı durumu, mövcud çağırışlar və gələcək perspektivlər barədə müzakirələr aparılıb.
Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam–Xankəndi və Laçın–Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulanıb. Əldə olunmuş razılıqlara baxmayaraq Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğu xatırlanıb. Hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğu vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
XQ