Bu səfərimdə təyyarənin VİP salonunda uçmalı oldum. Yerim ön oturacaqda, illüminatorun yanında idi. Mənimlə yanaşı əyləşən yaşlı kişiyə salam verib, yerimi tutdum. Təyyarə havaya qalxandan sonra yol yoldaşıma bir də diqqətlə baxdım.
– Bağışlayın, siz qusmanlara çox oxşayırsınız...
– Özüdür ki var. Mən Yuli Qusmanam.
– Nə gözəl təsadüf! – deyib sevincimi izhar elədim. Hətta boynunu qucaqlamaqdan belə çəkinmədim.
Yuli Qusman tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadimdir. Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı olan “Nika”nın təsisçisi və bədii rəhbəri, KVN (ŞHK) münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvü, Əməkdar incəsənət xadimi və Azərbaycanın “Şöhrət” və “Dostluq” ordenlərinə layiq görülmüş Xalq artistidir. (Təyyarədə görüşümüzdən bir həftə sonra – 7 avqust 2023-cü ildə isə onun Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsi xəbəri yayılacaq). Hər dəfə Yuli Qusmanın adı çəkiləndə, ən azı “Qafqaz əsiri”, “Bir ailəlik bağ evi” və “Qorxma, mən səninləyəm” filmləri yadıma düşür.
...Söhbətimiz şirin alınır. Deyir ki, kiçik qardaşı Mixail Qusman Şuşada keçirilən Qlobal Media Forumuna gəlib. O da fürsətdən istifadə edərək, 80 illiyi ərəfəsində 3 günlüyə yolunu Bakıdan salıb. Yubiley öncəsi Vətənə baş çəkən Qusman səhhətində narahatlığı olduğundan foruma qatıla bilməyib. İndi İstanbula, oradan isə həyat yoldaşı Validə və qızı Lola ilə birlikdə yaşadığı Nyu-Yorka uçacaq. Beləcə, söz-sözü, söhbət-söhbəti çəkir. Soruşuram:
– Yuli Solomonoviç, göyün 7-ci qatındayıq, Tanrıya yaxınıq... Təyyarə havaya qalxanda mən əllərimi qaldırıb dualar elədim. Bəs siz?
– Əslində, bu gün hər kəs Yaradana yaxın olmalıdır. Çünki dünyada yaşamaq çətinləşib. Ağrı-acılar, göz yaşları artıb. Çoxdandır dünyada bu qədər göz yaşı axıdılmırdı.
– Acıları azaltmaq üçün müharibələrə son qoymaq lazımdır, deyilmi?
– Əlbəttə. İnsanlara gülüş, sevinc vermək lazımdır.
Sonra o, Bakıda doğulduğunu söyləyir:
– Evimiz Qara şəhərin yanında – o vaxtkı Montin, indiki Əlövsət Quliyev küçəsində idi. Atamla anamın yüksək vəzifədə olmalarına baxmayaraq, balaca, şəraitsiz otaqlarımız var idi. Atam Solomon Moyiseyoviç Qafqaz Hərbi Konfederasiyası üzrə tanınmış həkim-professor idi. Anam Lola Barsuk isə pedaqoji elmlər doktoru, professor idi. İnstitutda dərs deyirdi. Elə bir komfortumuz yox idi, aza qane olub yaşayırdıq. İnsanlar bir-birini sevir, hörmət edirdilər. Sevinirəm ki, yenə də gəlib doğma Bakını gördüm. Azərbaycanı çox sevirəm, onun uğurlarına sevinirəm. Bu, bir həqiqətdir. Hər zaman Bakının adamları, dənizi, havası, meyvələri… üçün darıxıram. Bakının havasını heç nəyə dəyişmərəm. Baxıram ki, indi şəhər dəyişib, amma ürəyi, ruhu heç dəyişməyib. Bakı həmişəki kimi, qonaqpərvər, delikat, incə və gözəldir.
Arada stüardessa xanımdan rica edirəm, şəklimizi çəkir. Yuli Qusman ona təmiz bakılı ləhcəsində: “Çox sağ olun!” – deyir.
Yuli Qusman ilk ali təhsilini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda alsa da, sonralar yaradıcılıq sahəsinə daha çox meyil edib. Qardaşı Mixaillə onun həm də peşəkar jurnalist olduqlarını yaxşı bilirik.
Yuli Qusman Bakını tərifləməkdən doymur:
– Dostlarımı gözəllik görmək üçün həmişə Bakıya dəvət etmişəm. Uşaqlığımın yaddaşında bir Qara şəhər var. "Montin uşaqları" ilə biz ora çimməyə gedirdik. (Onun uşaqlıq dostları, məhəllə uşaqları Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Elmar Məmmədyarov olub) Mənim yaddaşımda Nizami parkı, neft emalı zavodları var. Külək bərk əsəndə Qara şəhərdən Bakıya doğru neft qoxusu gəlirdi. Buna baxmayaraq, şəhəri elə tikmişdilər ki, külək neft qoxusunu şəhərə az yaysın. Lakin külək elə küləkdir də... Ona biz yol göstərə bilmərik ki... İndi Qara şəhər dönüb olub Ağ Şəhər. Bakı limanı tərəfdən gələndə şəhərin yeni görkəmi, dənizkənarı Bulvarın görüntüsü adamı valeh edir.
Ulu öndəri böyük ehtiramla xatırlayır:
– Mən rəhmətlik Heydər Əliyevlə çox yaxın dost idim. Bununla fəxr edirəm. Çox maraqlıdır ki, bu il onun 100 illik yubiley ilidir, mənimsə 80 yaşım tamam olur. Azərbaycanın inkişafı, Bakının daha da gözəlləşməsi onun adı ilə bağlıdır. Sözüm ondadır ki, mən o vaxtlar da Heydər Əliyevin ölkəni necə inkişaf etdirdiyinin şahidi olmuşam. İndi isə belə düşünürəm ki, İlham Əliyev də, Mehriban xanım da Azərbaycanı, Bakını gözəlləşdirmək üçün əllərindən gələni edirlər.
“Qorxma, mən səninləyəm” filminin bir hissəsini İlisuda çəkirdim. O zaman İlisuya gedən yollar bərbad gündə idi. İllər keçəndən sonra filmin 2-ci hissəsini yenə orada çəkməli oldum. Bu dəfə başqa bir İlisu vardı. Hər tərəf işıqlı, yollar abad, şərait gözəl... O enli küçələri, meydanları görəndə tanımadım. Hara baxsan, göz oxşayır. Bu inkişaf məni çox sevindirir, qürur duyuram. Nəinki təkcə İlisu, Azərbaycanın hər yeri xeyli gözəlləşib. Daha da gözəl olacağına əminəm.
Mənim 5 nəsil şəcərəm Bakıda yaşayıb. 1835-ci ildə Qusman ailəsi neft mütəxəssisi kimi buraya yerləşib. Ailədə nənə-babadan başqa, 12 oğlan və 2 qız olub. Ulu nənəmin məzarı da Bakıdadır. Uşaqlarıma, nəvələrimə hər zaman Bakıdan, onun insanlarından, havasından, meyvəsindən, suyundan, qumundan, qarpızından, əncirindən danışıram ki, unutmasınlar. Dünyanın ən dadlı albalısı Argentinada yetişir, ən dadlı qarpız Azərbaycanda və Həştərxanda bitir. Ən şirin əncir və üzüm isə Bakıdadır…
– Ancaq uzun illərdir Amerikada yaşayırsınız, yəqin Bakı əncirini dadmırsınız...
– Əncirin mürəbbəsini tapırıq. Lakin təzə əncir və xar tutu buradan Amerikaya göndərmək olmur. Yəni istəsən də, gəlib ora çıxan deyil. Bakı ənciri heç yerdə bitmir. Bakı ola bilər ki, Dubaydan, Əbu-Dabidən, Türkiyənin bahalı kurortlarından geri qalsın, lakin Bakının insanlarından heç yerdə yoxdur. Onların koloriti başqadır. Ona görə də biz – ailəmizin bütün üzvləri ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını-suyunu dadaq, ruhunu könlümüzə köçürək.
– Deyirsiniz ki, Bakı Şərq gözəlidir...
– Ümumiyyətlə, Bakı bu gün həm Şərqin, Avrasiyanın, həm də Avropanın möhtəşəm şəhəridir. Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində Bakı, doğrudan da, cazibədar görünür. Bu mədəniyyətlər Bakının küləkləri kimi bir-birinə qarışaraq Səba yeli yaradır.
Mən bu doğma şəhərimi öyməkdən heç vaxt yorulmuram. Bakı nefti ilə Böyük Vətən Müharibəsi qələbəsi qazanıldı. İndi isə neftdən ölkəyə gələn valyuta ciblərə deyil, Vətənin çiçəklənməsinə sərf edilir.
Yenə də uşaqlıq xatirələrinə qayıdır.
– Azərbaycanlılar, Bakının sakinləri çox istiqanlı və qonaqpərvərdirlər. Mənim doğma Vətənimə yersiz hücumlar başlayanda, onun haqqında xoşagəlməz şayiələr yayılanda çox incimişəm. İndi də bu məni incidir. Axı bizdə ayrı-seçkilik olmayıb. Bunun əksini söyləyənlərə oxuduğum 160 nömrəli məktəbdən danışıram. Deyirəm ki, bizim sinifdə 19 millətin nümayəndəsi oxuyub. Lakin heç vaxt kimin hansı millətdən olduğunun fərqinə varmamışıq.
O da yadımdadır ki, sinfimizdə 7 şagird qızıl medal almağa iddialı idi. Mən, iki azərbaycanlı, iki rus, iki də erməni – Saakyan və Sarkisov. Bax, medalı o iki erməni aldı. Bakı üçün uydurulan erməni miflərinin hamısı yalandır. Bakı həmişə beynəlmiləl şəhər olub. Doğulandan 40 il müddətində hər zaman Bakıda yaşadım. Bu şəhərdə insanların necə xoşbəxt və mehriban bir ailə kimi yaşadıqlarının şahidi olmuşam. Heç bir millət, xalq haqqında yaman söz eşitməmişəm, burada heç kim sıxışdırılmayıb.
Bax, Şuşada mötəbər bir Media Forumu keçirildi. Səhhətimlə əlaqədar mən orada iştirak edə bilmədim. Lakin qardaşım Mixail Qusman forumun qonaqlarındandır. Şuşa öz gözəlliyi ilə hər kəsə “gəl-gəl” deyir. Bu, Böyük Zəfərin sayəsində olub. Yüksəliş Azərbaycanın, onun rəhbəri İlham Əliyevin və xalqın xidmətidir.
– Yuli Solomonoviç, 80 yaşınız tamam olur, amma maşallah, yaxşısınız. Nədir sizi belə cavan saxlayan?
– İnsan gərək pislik etməsin, xəbis olmasın, xəyanət etməsin. Bacarırsa, yaxşılıq etsin. Onda qəlb rahatlığının işığı üzünə nur verəcək.
Aida EYVAZLI

