Ulu öndərin razılığını qazanmış inşaatçı

post-img

Xalqımızın görkəmli oğlu, ulu öndər Heydər Əliyev Naxçıvan Milli Məclisinə rəhbərlik edərkən – 1991-ci ilin çətin və ağır blokada dövründə Sumqayıtdakı "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin baş direktoru Akif Zeynalova muxtar respublikanın bütün rayonlarında tikinti idarələri olan Tikinti-Təmir Tresti yaratdığına, onun səmərəli fəaliyyətini təmin etdiyinə görə məktub göndərmiş, xüsusi təşəkkürünü bildirmişdi: “Hörmətli Akif bəy! Mən sizi şəxsən tanımıram. Ancaq bu çətin günlərdə Naxçıvana tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyiniz daimi köməyə görə sizə təşəkkürümü bildirirəm. Burda inşa etmək istədiyiniz kərpic zavodu isə bu gün Naxçıvana daha çox gərəkdir. Hörmətlə: Heydər Əliyev." 

Həmin illərdə ovaxtkı Azərbaycan rəhbərliyi Naxçıvana ögey münasibət bəsləyir, Heydər Əliyevə isə sərt qada­ğalar qoymuşdu. Bu, elə bir dövr idi ki, respublika tabeli heç bir müəssisə Nax­çıvana kömək edə bilmirdi. Amma "Az­mənzilsənayetikintitəmir" İB Moskvaya tabe olduğundan, Akif Zeynalov kimsəyə hesabat vermədən, qorxub-çəkinmədən Naxçıvana əl uzadırdı. Muxtar respubli­kada yaratdığı 7 idarədən ibarət Təmir-Ti­kinti Trestinə İran ərazisindən daşınmaq­la tikinti materialları göndərirdi. Bu isə yardımlara həssaslıqla yanaşan Heydər Əliyevin diqqətindən yayınmamışdı. Odur ki, İB-nin rəhbərinə Naxçıvan Milli Məclisi­nin blankında öz əli ilə yuxarıdakı təşək­kür məktubunu yazıb göndərmişdi...

Akif Zeynalovun Heydər Əliyev şəxsiy­yətinə rəğbəti hələ 1969-cu ildən yaran­mışdı. Respublikanın yeni başçısının xalq təsərrüfatının bütün sahələrində, o cümlə­dən neft-kimya sahəsində sürətli tərəqqiyə nail olmaq üçün gördüyü irimiqyaslı işlər o zaman 27 yaşı olan gənc kimyaçı-mü­həndis Akifin də böyük rəğbətinə səbəb olmuşdu. O, ulu öndərin Azərbaycanı yalnız aqrar respublika kimi yox, həm də güclü sənaye diyarı kimi inkişaf etdirmək üçün apardığı məqsədyönlü işlərlə qürur duyur, bu prosesdə fəal iştirak etmək istə­yirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə neft-kimya sənayesinin maşın-avadanlıq parkının 1970-ci ildən başlayaraq ildən-ilə yenilənməsi, ən müasir texnologiya ilə təc­hiz edilməsi gənc mühəndisin bu yüksəlişə maraq və inamını artırırdı.

Akif Zeynalovun o zaman çalışdığı “Sintezkauçuk” zavodunda nadir texnoloji qurğunun – “EP-300”, qonşu “Üzvi sintez” zavodunda isə “Polimir-120” komplekslə­rinin tikilib istifadəyə verilməsi bilavasitə Heydər Əliyevin Azərbaycanın kimya sə­nayesinin gələcək inkişafına göstərdiyi diqqət və qayğının, verdiyi layiqli töhfə­nin təzahürü idi. Bütün bunlar Sumqayıt kimyaçıları kimi, Akif üçün də çox xoş idi və onda böyük qürur doğururdu. O bilir­di ki, Çexoslovakiya istehsalı olan, böyük valyuta bahasına başa gəlmiş “EP-300” kompleksini Moskva əvvəlcə başqa bir respublikaya göndərməyi nəzərdə tutsa da, Heydər Əliyev özünün nüfuzundan istifadə edərək, həmin nadir qurğunun məhz Azərbaycana gətirilməsinə nail ol­muşdu. Ümummilli lider yaxşı bilirdi ki, hə­min kompleks Sumqayıtda inşa edilməsə, Azərbaycan kimyası kiçik potensiallı, ucuz xammal istehsalçısı olaraq qalacaq­dı. Heydər Əliyev təklifini Kreml qarşı­sında respublikamızın xeyrinə inandırıcı fakt və arqumentlərlə əsaslandıra bilmiş, “EP-300” uğrunda mübarizədə qalib gəl­mişdi. Bu nüfuz və məharətinə görə Akif Zeynalov dahi rəhbərlə fəxr edirdi. O, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışını da aşıb-daşan sevinclə qarşıla­mışdı. 

Müstəqillik illərində öz işinə daha böyük məsuliyyətlə yanaşan, ulu öndə­rin həyata keçirdiyi iqtisadi islahatlara töhfələrini əsirgəməyən Akif Zeynalov vətənpərvər təşəbbüsləri ilə daim seçi­lib. Erməni separatizmi baş qaldırdığı ilk dövrlərdə “Sumqayıtkauçuk-təmirtikinti” Trestinin rəisi olan Akif Zeynalov düşmən təxribatları nəticəsində qaçqınlıq, köçkün­lük əzablarına məruz qalan soydaşları­mıza bacardığı qədər kömək göstərib. O zaman öz təşəbbüsü və yorulmaz səyləri ilə respublikada ən iri təmir-tikinti müəs­sisəsini – "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyini yaratması da onun çe­vik təşkilatçılıq bacarığının nəticəsi idi. Bu yurdsevər insan Laçından, Qubadlıdan tutmuş bütün Qarabağ zonasında (Zən­gilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Xocalı rayonlarında) və Azərbaycanın di­gər bölgələrində 130-dan çox idarəni bir­ləşdirən 11 Təmir-Tikinti Tresti yaratmağa nail olub. Həmin idarələrdə, ümumilikdə, 5 mindən artıq işçi çalışırdı ki, onların 1200-dən çoxu qaçqın-köçkün həmvətənlərimiz idi. Hamısı da sığınacaqla, sabit əmək­haqqı ilə təmin olunmuşdu. 

Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan tikinti-abadlıq işlərində Akif müəllimin rəhbərlik etdiyi kollektivin yüzlərlə işçisi fəal iştirak edib. Silahlı qarşıdurmaların, döyüşlərin gücləndiyi dövrlərdə o, dəfələrlə sərhəd rayonlarında olub, Şuşaya, Laçına, Ağda­ma, böyüyüb boya-başa çatdığı Füzuliyə, xüsusən Xocalıya həm tikinti materialları, həm də ərzaq və sair aparılması üçün maksimum fədakarlıq göstərib. 

"Azmənzilsənayetikintitəmir" İB-nin baş direktoru kimi Akif Zeynalov Milli Ordu­muzun yaradılmasına, onun silah-sursatla təmin edilməsinə sanballı kömək göstərib. O, Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Yuri Kovalyovun ailələrinə, cəbhədə yaralanaraq müalicəyə ehtiyacı olanlara, mədəniyyət işçilərinə, Türkiyədə, Almaniyada, Rusiyada, Ukraynada təhsil alan ali məktəb tələbələrinə də təmənna­sız yardımlar edib. Akif müəllim Daşaltı əməliyyatında həlak olmuş 40-dan artıq döyüşçünü "fəxri işçi" kimi Birlikdə qeydə aldıraraq, onların ailələrinə daimi maddi köməklik göstərib. Şəhid ailələrinin, qa­zilərin, kimsəsizlərin dayağı olub. O vaxt respublikanın maliyyə böhranı keçirən bir çox müəssisə və büdcə təşkilatları da kömək üçün kifayət qədər gəlirli olan tikinti təşkilatının səxavətli rəisi Akif Zeynalova üz tutublar. 

Bir çox “oliqarxlar”dan fərqli olaraq, məhz Akif müəllimin rəhbərlik etdiyi birli­yin sayəsində 1990–94-cü illərdə mədə­niyyətə, incəsənətə də qayğı göstərilib, el arasında deyildiyi kimi, əl tutulub. 

Heydər Əliyev qvardiyasının sadiq, etibarlı əsgəri olan, hər şeydən öncə doğ­ma xalqını düşünən bu vətənpərvər insan xeyriyyəçilik missiyası ilə respublikamı­zın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda sosial-mədəni obyektlərin təmirinə, bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsinə də yaxından kömək göstə­rib. Abşeron rayonunun Saray qəsəbəsin­də böyük bir məscidin layihələndirmə və tikinti xərcləri bütünlüklə həm İstehsalat Birliyinin, həm də bir xeyriyyəçi kimi Akif müəllimin şəxsi vəsaiti hesabına ödənilib.

Onu da deyək ki, mühəndis baca­rığı ilə yanaşı, yaradıcı istedadı ilə də fərqlənən Akif Zeynalov ötən əsrin 90-cı illərində teatr-kino aləminə dramaturq Akif Həsənoğlu kimi daxil olub və 10-a qədər maraqlı pyes yazıb. “Mənim ağ şəhərim”, “Yanmış evin nağılı”, “Dəfn”, “Qara daş”, “Oğurlanmış xalça”, “Tənha payız yarpa­ğı”, “Qocalar evində”, “Dünyaxanım ev ax­tarır”, “Dost qeyrəti” əsərləri bu sıradandır. Həmin pyeslərdən 5-i Sumqayıt Dövlət Dram Teatrının və Bakının "Meydan" teat­rının səhnələrində tamaşaya qoyulub. 

Özünün də sıralarında olduğu Sumqa­yıt kimyaçılarına həsr olunmuş və dra­matikliyi ilə tamaşaçılarda böyük maraq yaratmış "Mənim ağ şəhərim" pyesinin motivləri əsasında maraqlı film də çəkilib. Bu əsərdə sovetlər dönəmində qəsdən kimya poliqonuna çevrilmiş Sumqayıtın o vaxtkı gərgin ekoloji vəziyyətini, şəhər əhalisinin ağır sosial şəraiti ön plana çə­kilib. Hətta ölkəmizdə azad iqtisadi zona­ların yaradılmasının təşəbbüskarlarından olan BMT-nin Azərbaycan üzrə o vaxtkı nümayəndəsi Paoolo Lembo Sumqayıt­dakı rəsmi tədbirlərin birində çıxışını hə­min filmdən aldığı təəssüratla başlamışdı. 

Təsadüfi deyil ki, bir bacarıqlı təsər­rüfat adamı və təşkilatçı, vətəndaş və ziyalı kimi tanınan Akif Zeynalovun zəh­məti daim yüksək dəyərləndirilib. Sevimli şəhəri Sumqayıtın 70 illik yubiley günlə­rində Prezident İlham Əliyevin imzaladığı sərəncamla ona “Azərbaycanın Əməkdar mühəndisi” fəxri adı verilib.

Bəli, özünü Heydər Əliyev məktəbinin yetirməsi sayan, hər zaman bu adı layiqin­cə doğrultmağa çalışan el ağsaqqalı Akif Zeynalov belə hörmət-izzət sahibidir.

Rəhman ORXAN,
Əməkdar jurnalist



Sosial həyat