Heydər Əliyev məktəbinin məzunları

post-img

Onlar qüdrətli dövlət qurdular və Qarabağı bizə qaytardılar

Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır. Ulu öndər Heydər Əliyev bu məsələlərlə hələ 1970-ci illərdə məşğul olmuşdur. Onun təşəbbüsü ilə Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bizim o illərdəki tariximizdə çox önəmli hadisələrdən biri idi. Ulu öndər hələ o zaman yaxşı görürdü, yaxşı başa düşürdü ki, bizə yerli hərbi kadrların hazırlanması lazımdır –gün gələcək Azərbaycan müstəqil dövlətə çevriləcəkdir və müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu proses bu gün də davam etdirilir. Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstəri­lir. Mən çox şadam ki, hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılışına həsr olunmuş mərasimdəki nitqindən

 

Əslində, “Heydər Əliyev məktəbi” deyəndə ilk növbədə ulu öndərin həm 1969 – 1982 - ci illərdə, həm də müstəqillik dövründə siyasi hakimiyyətə qayıdandan sonra tikintisinə, açılışına və fəaliyyətinə nail olduğu yüzlərlə orta məktəb, ondan çox universitet, institut və texnikum, hərbi məktəblər yada düşür. Bundan başqa onun ötən əsrin 70-80-ci illərində azərbaycanlı gəncləri ali təhsil almaq ücün SSRİ-nin müxtəlif şəhərlərinə və xarici ölkələrə göndərmək ənənəsi də sonradan bir məktəb kimi formalaşdı. 

“Heydər Əliyev məktəbinin məzun­ları” deyəndə isə ulu öndərin dövlətçilik, idarəetmə və diplomatiya təcrübəsini dərindən mənimsəmiş siyasətçi, diplo­mat, iqtisadçı və müasir Azərbaycanın tərəqqisində iştirak edən digər sənət-peşə adamlarımız xatırlanır. Yeri gəlmiş­kən, bir neçə ay əvvəl qəzetimizdə silsilə müsahibələrini verdiyimiz görkəmli dövlət xadimləri Həsən Həsənov və Arif Rəhim­zadə, eləcə də, Əhməd Əhmədzadə və Abid Şərifov... sözün həqiqi mənasında, Heydər Əliyev məktəbinin dəyərli məzun­larıdırlar. 

Ancaq mütəxəssislərin fikrincə, Heydər Əliyev siyasi məktəbinin ən uğur­lu məzunları bugünkü müstəqil Azərbay­canı regionun ən qüdrətli dövlətinə çe­virən, işğalçı və terrorçu qonşularımızın otuz ilə yaxın əsarətdə saxladığı torpaq­larımızı öz sahiblərinə qaytaran, dünya siyasətçilərinin böyük hörmət və ehtiram­la qəbul etdiyi cənab Prezident İlham Əli­yev və Birinci vitse-prezident, ümummilli liderimizin adını daşıyan fondun rəhbəri Mehriban xanım Əliyevadır. 

Təbii ki, bu iki dövlət xadiminin icti­mai-siyasi fəaliyyəti haqqında ölkəmizdə və beynəlxalq aləmdə çox yazılıb. Elə “Xalq qəzeti” də bu istiqamətdə az iş gör­məyib. Ona görə də biz söhbətin bu is­tiqamətini yekunlaşdıraraq, sözün həqiqi mənasında, “Heydər Əliyev məktəbi” statusunu qazanmış Heydər Əliyev adı­na Hərbi İnstitutun məzunları barədə söz açmaq istəyirik. Dövlət başçımızın dediyi kimi, həmin məktəbin məzunları həm Bi­rinci Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm ermənilərin 2020-ci ilin iyunundakı təxribatlarının qarşısını al­maq üçün başlanan hərbi əməliyyatlarda, həm də İkinci Qarabağ müharibəsinin ge­dişində, sözün həqiqi mənasında, hərbçi peşəkarlığı, mərdliyi, mübarizliyi nümayiş etdirmişlər. 

Mən fəxr edirəm ki, doğulub böyüdü­yüm Qəbələ rayonunun yetirməsi, Azər­baycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi, Silahlı Qüvvələrimizin hərbi əməliyyatlar zamanı şəhid olan bi­rinci və yeganə generalı Polad Həşimov məhz həmin ali məktəbin məzunudur. Onunla da fəxr edirəm ki, həmin ali mək­təbin yerləşdiyi küçə indi məhz şəhid ge­neralın adını daşıyır. 

... Xatırladaq ki, ulu öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmiz­də hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdı. Məhz onun təşəb­büsü ilə Bakıda Cəmşid Naxçıvanski adı­na Hərbi Məktəb yaradılmışdır. Təsadüfi deyil ki, bu hərbi məktəb Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən son­ra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Zaman keçdikcə isə bu istiqamətdə yeni addımlar atıldı və nə­hayət, bu gün Bakıda dünya miqyasında tanınan Heydər Əliyev adına Hərbi İnsti­tut fəaliyyət göstərir. Bu ali məktəbin əv­vəlki adları Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandirlər Məktəbi və Hey­dər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi idi. 

Əlavə edək ki, Azərbaycan Respub­likası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaq­la Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azər­baycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilmişdir.

Bu gün həmin institutda Azərbay­can Silahlı Qüvvələrində ehtiyacı olan bütün ixtisaslar üzrə zabitlər hazırlanır. Tankçı, yerüstü artilleriya ixtisası üzrə mütəxəssis, qoşun kəşfiyyatı ixtisası üzrə mütəxəssis, radioelektron kəşfiyyat və radioelektron mübarızə ixtisası üzrə mütəxəssis, rabitəçi, mühəndis-isteh­kam ixtisası üzrə mütəxəssis, raket və artilleriya silahlarının istismarı və təmiri ixtisası üzrə mütəxəssis, tərbiyəvi işin təşkili ixtisası üzrə mütəxəssis, quru qo­şunlarının idarə olunmasının avtomatlaş­dırılmasının təşkili ixtisasına yiyələnən gənclərimiz İkinci Qarabağ müharibəsi günlərində nəyə qadir olduqlarını yüksək səviyyədə nümayiş etdirmişlər. 

Məhz həmin səviyyənin nəticəsi­dir ki, bu ali təhsil müəssisəsinin mə­zunlarından polkovnik Şükür Həmidov, general-mayor Fəxrəddin Cəbrayılov, polkovnik Eldar Ağayev, polkovnik-leyte­nant Şikar Şikarov (ölümündən sonra), mayor Rasim İbrahimov (ölümündən sonra) mayor Əfqan Hüseynov (ölümün­dən sonra), kursant Kərim Kərimov (ölü­mündən sonra) və digərləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Onlar, məhz Heydər Əliyev məktəbinin məzunları idilər. 

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Mək­təbinin 4-cü kurs kursantları və zabit-gizir heyəti də qatılmışdır. 29 sentyabr 2020-ci ildən etibarən Ali Hərbi Məktəbin 500-dən çox 4-cü kurs kursantı və yüzlərlə zabit-giziri Vətən Müharibəsində iştirak üçün cəbhə xəttinə yollanmış, kursantlar kiçik leytenant hərbi rütbəsi ilə müxtə­lif vəzifələrdə strateji döyüşlərdə iştirak etmişdir. Kursantlardan Yaqub Nəcəfov, Seymur Abbasov, Namaz Allahverdiyev, Vüsal Muradov, Sadiq Nəcəfli şəhid ol­muşlar. Məktəbin zabitlərindən, “Uçuş mühəndisliyi” kafedrası rəisinin müavini, polkovnik Zaur Nudirəliyev şəhid olmuş, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Həmçinin, “Artilleriya” kafedrasının baş müəllimi, mayor Fərid Ələkbərov, “Ümu­mi fənlər” kafedrasının baş müəllimi pol­kovnik-leytenant Qərib Baxşəliyev, “Kəş­fiyyat” kafedrasının baş müəllimi, mayor Rüfət Əsgərov, kursant taqımı komandiri, kapitan Elvin Kazımov şəhid olmuş, or­den və medallarla təltif edilmişdir. Eləcə də, 23 zabit və kursant müxtəlif dərəcəli yaralar almış və qazilik mərtəbəsinə yük­səlmişdir.

Sonda fikirlərimizi Heydər Əliyev məktəbinin ən uğurlu məzunu Prezident İlham Əliyevin bu il iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən səsləndirdiyi fikirlərlə tamamlayırıq: “Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim ta­rixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi ya­şayacaqdır... Azərbaycan xalqı bu il ulu öndər Heydər Əliyevin 100 illiyini qeyd edir. Ulu öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına Hərbi Məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat