Vaşinqton,Tokio və Seul münasibətlərində yeni mərhələyə hazırlaşırlar
ABŞ, Yaponiya və Cənubi Koreyanın diplomatik departamentlərinin rəhbərləri çərşənbə axşamı onlayn görüş keçirərək, üç dövlətin liderlərinin avqustun 18-də Kemp Deviddə keçirilməsi planlaşdırılan sammitinin yekun detallarını razılaşdırıblar. Vaşinqtonun planına görə, bu alyans Hind-Sakit okean regionunda qüvvələr balansını kökündən dəyişəcək. Öz növbəsində Çin və Rusiya narahatdırlar ki, yeni alyans təkcə ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə hərbi-texniki əməkdaşlığının artmasına gətirib çıxarmayacaq, o həm də hər iki ölkənin qısa olaraq AUKUS adlanan Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi alyansına qoşulmasına şərait yaradacaq.
ABŞ dövlət katibi Entoni Blinkenlə Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Yoşimasa Hayaşi və Pak Çin arasında danışıqlar ABŞ prezidenti Co Baydenin Yaponiya baş naziri Fumio Kişidanı və Cənubi Koreya prezidenti Yun Seok-Yolu qəbul edəcəyi Kemp-Devid sammiti öncəsində müzakirə olunacaq məsələlərin dəqiqləşdirilməsi nöqteyi-nəzərindən qiymətləndirilir. Tərəflər qarşıdan gələn görüşü əməkdaşlığın yeni mərhələsi adlandırırlar. Bunun mənasını Yaponiya mediasına ABŞ-ın Tokiodakı səfiri Rahm Emanuel izah edib. Amerikalı səfirin sözlərindən belə qənaətə gəlmək olur ki, üç dövlətin liderləri bu cür sammitləri mütəmadi olaraq keçirmək, onları ayrıca qarşılıqlı fəaliyyət formatına çevirmək qərarına gələcəklər. Cənab Emanuelin sözlərinə görə, “bu hadisə Hind-Sakit Okean regionunda strateji atmosferi kəskin şəkildə dəyişəcək” və 2007-ci ildə Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) yaradılması ilə müqayisə oluna bilər: “İllik birgə təlimlərin keçirilməsi, məxfi məlumatların mübadiləsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunacaq”.
Yaponiyanın “Yomiuri” qəzeti isə Tokiodakı məlumatlı mənbələrə istinadən yazır ki, prezident Bayden və baş nazir Kişida arasında Kemp-Deviddə ayrıca görüş zamanı iki ölkə liderləri hipersəs silahlarının qarşısını almaq üçün sistemlərin birgə hazırlanması barədə razılığa gələ bilərlər. İyun ayında iki ölkənin müdafiə rəhbərləri Lloyd Austin və Yasukazu Hamada ABŞ və Yaponiyanın hipersəs raketlərinin qarşısının alınması sisteminin imkanlarını gücləndirmək üçün artıq birgə işə başladığını bildirmişdilər. Bundan əlavə, ötən ilin sonunda Yaponiya KİV-i yazmışdı ki, ABŞ və Yaponiya hipersəs ballistik raketlərin qarşısını almaq üçün birgə texnologiyaların yaradılması imkanlarını araşdırırlar. Layihə uğurla həyata keçirilərsə, o zaman raket əleyhinə qurğular Amerikanın çoxfunksiyalı “Aegis” sistemi ilə təchiz edilmiş yeni hərbi gəmilərə yerləşdirilə bilər. İlk belə hərbi gəmi 2027-ci ilin, ikincisi isə 2028-ci ilin yazında istifadəyə verilməlidir. “Kyodo” agentliyi də Yaponiya hökumətindəki mənbələrinə istinadən xəbər verir ki, Vaşinqton və Tokio tərəfindən yaradılan yeni tipli raketlər “Şimali Koreya, Çin və Rusiya tərəfindən hazırlanmış hipersəs silahlarının qarşısını almaq üçün nəzərdə tutulub”.
Siyasi müşahidəçilər vurğulayırlar ki, Yaponiya və Cənubi Koreya arasında münasibətlərdə uzun müddət davam edən soyuqluğun başa çatması Vaşinqton, Tokio və Seul arasında müttəfiqliyin yaranmasına imkan yaradan əsas amillərdən biridir. Tokio və Seul üçün qarşılıqlı iddiaların və qalmaqalların vaxtının bitdiyinə dair siqnal prezident Yun Seok-Yolun çərşənbə axşamı Koreya yarımadasının azad edilməsinin 78-ci ildönümü münasibətilə etdiyi çıxış oldu. Xatırladaq ki, 1945-ci il avqustun 15-də imperator Hirohito müraciət edərək, ölkənin müharibəni davam etdirə bilməyəcəyini etiraf etmiş və Tokiodan qeyd-şərtsiz təslim olmağı tələb edən Potsdam bəyannaməsinin şərtlərini qəbul etmişdi. “İndi Yaponiya ümumbəşəri dəyərləri paylaşdığımız və ümumi maraqlara malik olduğumuz tərəfdaşımızdır. Koreya Respublikası və Yaponiya təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsində tərəfdaşdırlar. Biz gələcək üçün birgə çalışaraq dünya sülhü və rifahına birgə töhfə verə bilərik”, - deyə Cənubi Koreya lideri vurğulayıb. Eyni zamanda Vaşinqtonla qarşılıqlı əlaqə formatını ayrıca qeyd edən cənab Seok-Yeol bildirib ki, Koreya Respublikası, ABŞ və Yaponiya arasında əməkdaşlığın regionda və Koreya yarımadasında əhəmiyyəti gündən-günə artır: “Şimali Koreyanın nüvə raket təhdidi ilə təməl səviyyədə mübarizə aparmaq üçün Pxenyanın nüvə raket potensialı haqqında məlumat mübadiləsi və Koreya Respublikası, ABŞ və Yaponiyanın kəşfiyyat vasitələri sahəsində sıx üçtərəfli əməkdaşlığı lazımdır”.
Pekin və Moskva ABŞ-ın Hind-Sakit okean regionunda daha bir ittifaqın yaradılmasına narahatlıqla reaksiya veriblər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, “Çin bu ölkələrin kiçik qruplar yaratmasına, qarşıdurmanın artmasına gətirib çıxaran və digər dövlətlərin strateji təhlükəsizliyinə xələl gətirən hərəkətlərə qarşıdır”. Rusiyanın BMT-də və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Gennadi Qatilov “İzvestiya” qəzetinə müsahibəsində vurğulayıb ki, Kemp-Deviddə Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli Alyansı olan AUKUS-un genişləndirilməsi ilə bağlı ilkin razılaşmalar əldə edilə bilər: “Vaşinqtonun Seul və Tokio ilə hərbi-texniki və elmi-texnoloji əməkdaşlığının intensivləşməsi AUKUS çərçivəsində həyata keçirilən layihələrlə qarşılıqlı əlaqəni asanlaşdırır və buna görə də Cənubi Koreya və Yaponiyanın tərəfdaşlığa qoşulmasını olduqca real edir. Gennadi Qatilov AUKUS-un yaradılmasını “blok təfəkkürünün təzahürlərindən biri” adlandıraraq, “Vaşinqton və onun ən yaxın müttəfiqlərinin bundan imtina edə bilmədiklərini” iddia edib.
Bəzi mənbələrə görə, AUKUS-a Hind-Sakit okean regionunda sabitliyin və naviqasiya azadlığının qorunmasında maraqlı olan digər ölkələr də qoşula bilər. Onların arasında Yaponiya, Hindistan, Kanada, Yeni Zelandiya və s. ölkələrin olduğu qeyd edilir. Lakin bu ölkələrdən alyansa qoşulmaq istəkləri və ya AUKUS üzvlərindən alyansın genişləndirilməsinin mümkünlüyü barədə hələlik rəsmi açıqlama yoxdur.
S.ELAY,
“Xalq qəzeti”

