Avrokuboklardakı təmsilçilərimiz cavab görüşləri ərəfəsindədirlər. Bu axşam “Qarabağ” Azərbaycanın futbol pərəstişkarlarına Helsinkidə UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinə vəsiqə sevinci yaşatmaq üçün əlindən gələni edəcək. Elə ilk cəhdindən qitə klub futbolunda tarix yazmağa başlayan “Sabah”, Bakıdakı kimi, Belqradda da Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bütün Serbiyanı təəccübləndirmək əzmindədir. Onlarla müqayisədə arzuolunmaz vəziyyətdə olan “Neftçi” isə İstanbulda “Beşiktaş” qarşısında imtahan verəcək. Bu, Bakıdakından da çətin sınaq olacaq.
Mərhələnin ilk oyunlarında qeydə alınmış nəticələr belə bir qənaətə gəlməyimizə əsas verir ki, üç komandamızdan ikisi pley-off görüşlərinə “bilet” almaq üçün özünə kifayət qədər zəmin yaratmışdır. İndi həlledici anda üstünlüyü qoruyub-saxlamaq vaxtıdır.
Qrup mərhələsinin astanası sayılan pley-offa aparan yolda ilk addımı Azərbaycan çempionu atmalıdır. Bu axşam komandalarımızdan birinci olaraq meydana məhz Ağdam klubu çıxacaq. Bizim vaxtla saat 20-də Helsinkidə başlayacaq HİK—“Qarabağ” görüşü ərəfəsində hesab Qurban Qurbanovun komandasının xeyrinə 2:1-dir. İki oyunun yekununda növbəti mərhələyə vəsiqənin xoşbəxt sahibinin kim olduğu Finlandiya paytaxtında fransalı hakim Villi Delajodun final işarəsindən sonra məlum olacaq.
Saat 21-də isə UEFA-nın Yulian Veinbergerin başçılığı ilə avstriyalı hakimlər briqadasına həvalə etdiyi “Beşiktaş”–“Neftçi” matçına start veriləcəkdir. Dost-rəqiblərin İstanbul görüşü qarşısında meydan sahibləri özlərini daha inamlı hiss edirlər. Bir həftə əvvəl “Neftçi Arena”da Şenol Günəşin komandasının xeyrinə qeydə alınmış 3:1 hesabı kiçik üstünlük deyil. Ancaq yeniləşən, 1937-ci ildən bəri tarixinin növbəti, 86-cı səhifəsini yazmaqda olan “Neftçi” də tam ümidsiz vəziyyətdə deyil. Komanda qardaş Türkiyə futbolunun nəhənglərindən birinə bu dəfə daha güclü müqavimət göstərə bilər.
Nəhayət, nəzərlərimizi Belqrada yönəldək. “Srvena Zvezda” ilə birlikdə Serbiyanın iki ən böyük klubundan biri kimi yaxşı nüfuz sahibi “Partizan”ın Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin start görüşündə Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da ilk dəfə avrokuboklar səhnəsinə çıxmış sonuncu Azərbaycan milli çempionatının gümüş mükafatçısı “Sabah”a iki cavabsız qolla uduzması Belqrad “partizanlarının” sıralarında ciddi narahatlıq yaratmışdır. Serbiya mətbuatının təmsilçimizin oyununu bəyənməsi, hətta onu Almaniyanın “Bavariya”sı ilə müqayisə etməsi də “Sabah”ın əzmkarlığına və layiqli qələbəsinə verilən yüksək qiymətdir.
Maraqlıdır, rəsmi beynəlxalq meydanda keçirdiyi ilk üç görüşün hər birində iki top vurub, məhsuldar oyunu ilə diqqətləri özünə cəlb edən “Sabah” bu axşam serbiyalı azarkeşləri bir daha məyus edə biləcəkmi? Bakı vaxtı ilə saat 23-də başlanacaq və polşalı hakim Bartoş Frankovskinin idarə edəcəyi hər iki rəqib üçün ağır görüş kimə nə vəd edir? Yatmayıb, gecə saat 1-i gözləyək…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

