Ağdam və Füzulidə müasir tələblərə cavab verən yaşayış məhəllələri salınır

post-img

Ağdam və Füzuli şəhərləri işğal dövründə məqsədyönlü şəkildə dağıdılıb. On minlərlə insanın yaşadığı böyük şəhərlər yerlə-yeksan edilib. Artıq o dövr arxada qalıb. Bu şəhərlərin təsdiq edilmiş baş planlarına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verən yaşayış məhəllələri salınır.

Müsahibim Qarabağ iqtisadi ra­yonuna daxil olan işğaldan azad edil­miş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəli­yin baş məsləhətçisi Eldar Seyidov Ağdam yaşayış məhəllələrinin salın­ması barədə açıqlamasında bildirdi:

– Ağdam şəhərində çoxmənzilli ya­şayış binaları inşa olunur, fərdi evlərin inşasına isə yaxın vaxtlarda başlanı­lacaq. Ağdam şəhərinin Baş planına əsasən əhalinin 70 faizi çoxmənzilli bi­nalarda, 30 faizi isə fərdi evlərdə yaşa­yacaq. Böyük Qayıdışın ilkin mərhələ­sində yaşayış şəraiti məqbul olmayan keçmiş məcburi köçkünlərə üstünlük veriləcək və onlar dövlət tərəfindən tikilən evlərlə təmin olunacaqlar. Bun­dan başqa, özəl sektor nümayəndələri də müxtəlif layihələrin icrasında iştirak edirlər. 

– Ağdamda özəl sektorun tikinti layihələrdə iştirak etdiyini bildirdi­niz. Bu layihələr barədə məlumat verərdiniz.

– Ağdam şəhərində ilk yaşayış komplekslərini özəl şirkətlər tikir. Azər­baycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC tərəfindən "Ağdam Rezidens" yaşayış kompleksi inşa olunur. Bu kompleks Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə və əsas yolların üzərində yerləşir və ümumilikdə, 209 mənzildən ibarətdir. 

6 mərtəbəli 6 binadan ibarət yaşa­yış kompleksi tamamlanmaq üzrədir. Kompleksin birinci mərtəbələri ticarət və iaşə obyektəri üçün nəzərdə tutu­lub. Burada ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradılır. Ailələrin alış-ve­riş və asudə vaxtlarını birlikdə keçirə biləcəyi qonaqpərvər və inklüziv mühit təmin ediləcək, yeraltı parkinq xidmə­ti göstəriləcək. Bu yaşayış kompleksi sözsüz ki, Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişa­fının təmin olunması istiqamətində öz əvəzsiz töhfəsini verəcəkdir.

Özəl sektor daha bir layihənin hə­yata keçirilməsində iştirak edir. “Park Hill” şirkəti tərəfindən "Park Qarabağ" yaşayış kompleksinin inşası davam edir. Bu kompleksin layihələndirilməsi Azərbaycanın “Azərbaycan inkişaf”, ABŞ-ın “Gensler” və Türkiyənin “URAL mühəndislik” şirkətləri tərəfindən hə­yata keçirilib. “Park Qarabağ” yaşa­yış kompleksi də şəhərin mərkəzin­də, məscidin və gələcəkdə salınacaq mərkəzi parkının yaxınlığında inşa edilir. Eyni zamanda, yeni tikilən bina yeni açılacağı gözlənilən Ağdam–Bər­də yolunun üstündə yerləşir. Layihənin 2024-cü ildə tamamlanması planlaşdı­rılır. 

Hazırda qeyd olunan yaşayış komplekslərinin mənzilləri satışa çıxa­rılıb. Əldə olunan gəlir digər yaşayış binalarının tikintisinə yönəldiləcək.

– Ağdamın turizm potensialı nəzərə alınmaqla iki mehmanxa­nanın inşası da davam edir. Meh­manxanalar nə vaxt istifadəyə ve­riləcək?

– Ağdamın bərpası konsepsiyasın­da şəhərin turizm potensialı da nəzərə alınıb. Ona uyğun da infrastruktur ya­radılır. Hazırda Ağdam şəhərində 2 mehmanxananın tikintisi həyata keçiri­lir. Onlar müasir səviyyədə inşa olunur və rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılır. Hazırda 2,16 hektar ərazidə “PMD Projects“ MMC tərəfindən “Park Forest Otel Ağdam” mehmanxanası­nın tikintisi davam edir. 110 nömrədən ibarət olacaq mehmanxananın ərazi­sində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovu­zu, uşaq oyun meydançası, gəzinti yol­ları və istirahət zonaları yaradılır. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

İnşa olunan 2-ci mehmanxana isə “City Hotel Agdam”dır. 130 nömrədən ibarət olan beşmərtəbəli hoteldə də tikinti işləri sürətlə davam edir. Hər iki mehmanxana istifadəyə verildikdən sonra füsunkar təbiəti ilə seçilən, tarixi abidələri ilə tanınan Ağdamın turizm potensialının inkişafına mühüm töhfə verəcəklər. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağ­dam rayonunda sosial layihələrin da­vamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisi olacaq.

– May ayında Ağdamda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2-ci və 3-cü ya­şayış məhəlləsinin təməli qoyulub. Bu məhəllələr istifadəyə verildikdən sonra keçmiş məcburi köçkünlərin köçürülməsi sürətlənəcək. Əsas köç nə vaxt baş tutacaq?

– Ağdam şəhərində 1-ci fazada məcburi köçkünlər üçün dövlət tərəfin­dən çox böyük yaşayış məhəllələri salı­nacaqdır. Əvvəlcə 1-ci yaşayış məhəl­ləsi barədə məlumat verim. Belə ki, Ağdamda hazırda 1-ci yaşayış məhəl­ləsi üzrə layihələndirmə işləri yekun­laşmaq üzrədir. Bu yaşayış məhəlləsi şəhərin şimal-şərqində yerləşir. Şərq­dən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığın­dadır. Burada tikiləcək 1139 mənzildə 3068 nəfər məskunlaşdırılacaq. 

Ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin isə əra­zisinin böyük bir hissəsi yaşıllıq zona­sından ibarət olacaq. Məhəllə Ağda­mın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salı­nacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Məhəllədəki binaların inşasın­da modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydança­larının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri inf­rastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

3-cü yaşayış məhəlləsi isə daha geniş ərazidə olacaq. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəl­ləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Məhəl­lədə tikiləcək yaşayış binalarında ümu­mi sahəsi 120 min kvadratmetr təşkil edən 1 239 mənzil olacaq.

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii material­lardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. Məhəllədə, həmçinin idman meydançaları, velosiped və av­tomobil dayanacaqları yaradılacaq.

Ağdam şəhərinin 4-cü və 5-ci yaşa­yış məhəllələri isə layihələndirmədədir. Birinci layihənin 2025-ci ildə, ikinci la­yihənin isə 2026-cı ildə tamamlanması planlaşdırılır. 4-cü məhəllədə tikiləcək yaşayış binalarında 1220 mənzil, 5-ci məhəllədə tikiləcək yaşayış binaların­da 1277 mənzil olacaq.

Ümumiyyətlə, Ağdam şəhərinin ərazisinin 23 faizi yaşıllıq zonaları (meşə və parklar) kimi nəzərdə tutu­lub. Onun müxtəlif istiqamətlərdə 6 gi­riş-çıxış yolları olacaq. Əsas üstünlük isə daha çox piyada yollarına verilə­cək. Yəni şəhərdə piyada və velosiped yollarından geniş istifadə olunacaq. 

Ağdam şəhərində ərazi geniş oldu­ğu və bu səbəbdən də böyük həcm­də infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin so­nunda başlanacağı nəzərdə tutulur. İlk mərhələdə Ağdama 10 min nəfə­rin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhə­rinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır.

– Füzuli şəhərində 2 məhəllə üzrə tikinti işləri yekunlaşmaq üzrədir. Artıq şəhər sakinlərinin bir hissə­sinin köçürülməsi ilə bağlı püşk də atılıb. Birinci mərhələdə neçə ailənin köçürülməsi nəzərdə tutulur?

– MİDA tərəfindən tikilən Füzuli ya­şayış kompleksinin ümumi sahəsi 8,9 hektardır və 6 məhəllədə 38 yaşayış binasından ibarətdir. Bütün mənzil­lər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə keçmiş məcburi köçkünlərə veriləcək. Mənzil­lər həm də mərkəzləşdirilmiş qazanxa­na vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə park, yeraltı və ye­rüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə ve­riləcək. Hazırda məhəllənin tikintisi ilə bağlı işlər davam etdirilir və 2 məhəl­lə üzrə tikinti işləri yekunlaşmaqdadır. 1-ci mərhələ üzrə ümumi tikinti işləri 2023-cü ilin sonunadək tam başa çat­dırılacaq.

Artıq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Döv­lət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasın­da püşkatma da keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördo­taqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisin­də müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Tezliklə keçmiş məcburi köçkünlər daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaqlar. Bu proses iki mərhələdə planlaşdırılır. Birinci mərhələ sentyabr ayına kimi reallaşacaq.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”





Müsahibə