Ağdam Qarabağın müasir sənaye mərkəzi olacaq

post-img

Qarabağın giriş qapısı adlandırılan Ağdam 27 il ərzində erməni faşizmi tərəfindən yerlə-yeksan edilərək xarabalığa çevrilib. Şəhər düşməndən azad edildikdən sonra bu tarixi torpaqlarımızın sürətlə dirçəldilməsi prosesinə başlanılıb. 

Ağdamın əlverişli coğrafi mövqe­yi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və logistika potensialı rayonda müasir infrastruktura malik sənaye parkının yara­dılmasını zəruri edib. Nəticədə, 2021-ci il mayın 28-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Bu müəssisə Azərbaycan ərazisində 5-ci sənaye par­kı kimi qeydə alınıb. Qurum yaradılarkən əvvəlki sənaye parklarının təcrübəsi nəzərə alınıb. 

Müsahibim Qarabağ iqtisadi rayo­nuna daxil olan işğaldan azad edil­miş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəli­yinin baş məsləhətçisi Eldar Seyidov Ağdamda sənaye mərkəzi yaradılması barədə açıqlamasında bildirdi: 

– Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye poten­sialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye is­tehsalının təşkil edilməsi, əhalinin isteh­sal sahəsində məşğulluğunu artırmaqdır. Buranın coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanla­rı rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını geniş­ləndirir.

Ağdam Sənaye Parkında tikintinin iki mərhələdə aparılması planlaşdırılıb. Bi­rinci mərhələdə sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Sahibkarların rahat fəaliyyət göstərmələri üçün mo­bil şəhərcikdə 16 modul tipli yataqxana quraşdırılıb. Bununla yanaşı, sənaye parkının ərazisində yeməkxana, anbar, market, camaşırxana, tibb məntəqəsi, “paypoint” ödəniş məntəqəsi, bankomat və idman zonası istifadəyə verilib, mo­bilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb. Artıq 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. 

Bundan əvvəl isə əraziyə 10 kV-luq elektrik xətti çəkilib, 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Parkın günəş panelləri ilə işıqlandırılma­sına xüsusi diqqət göstərilib. Tikinti mey­danı sürətli internetlə təmin edilib. Müəs­sisəyə asfalt yol və su xətləri çəkilib. Yeri gəlmişkən, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik ener­jisi və su təchizatı sistemi bu parkın əra­zisində quraşdırılıb. Yaxın günlərdə ikinci quyunun qazılması da nəzərdə tutulub. Bunlar göstərir ki, əsas işlər birinci mər­hələdə tamamlanmaq üzrədir.

– Ağdam Sənaye Parkında sahib­karlar üçün yaradılmış biznes imkan­ları barədə də məlumat verərdiniz.

– Ağdam Sənaye Parkında sahibkar­lar üçün geniş biznes imkanları yaradılıb. Bura investisiya qoymaq iş adamları üçün çox səmərəlidir. Təkcə ona görə yox ki, qurulan infrastruktur müasir dövrün tələb­lərinə cavab verməklə ən müasir texno­logiyalar vasitəsilə həyata keçirilir, həm də dövlət həmin ərazilərdə sahibkarlıq mühi­tinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Məsələn, parkın hər bir rezidenti qeydiyyata alındığı tarixdən 10 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən, istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı 10 il ƏDV-dən, 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azal­dılması deməkdir.

Bundan başqa, sənaye parkının sa­hibkarlarına əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunma­sı, sosial sığorta ödənişlərin subsidiyalaş­dırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi və s.) də verilməsi nəzərdə tutulur. Bu il yanvarın 1-dən Ver­gi Məcəlləsinə edilən dəyişikliyə əsasən, düşməndən təmizlənən ərazilərdə məs­kunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət ödənilmə­si, iş icazələrinin alınmasının sadələşdi­rilməsi, əmək miqrasiyası kvotasının tət­biq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq olunmaması) nəzərdə tutulur. Bunlar isə sənaye parklarının fəaliyyətinə təsir edən amillərdir. 

Parkda sahibkarlara təşkilati və mə­lumat dəstəyi diqqətdə saxlanılır. Rezi­dentlərin qeydiyyatı “bir pəncərə” sistemi vasitəsilə həyata keçirilir, texniki şərtlər, xüsusi icazələr və lisenziyalar sadələşdi­rilmiş formada alınır. İnvestorların sorğu­ları vaxtında cavablandırılır, onlara sek­torlar üzrə investisiya imkanları barədə məlumat verilir.

Göründüyü kimi, Ağdam Sənaye Parkının yaradılması güzəştli kreditlərin ayrılması və biznesin aparılması üçün sadələşdirilmiş şəraitin yaradılmasını nəzərdə tutur ki, bu, həm yerli, həm də xarici kapital üçün investisiya yeri seçi­mində həmişə prioritet olacaq. Bu, eyni zamanda, həmin ərazinin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxar­maqla ölkə iqtisadiyyatına tam inteqrasi­yasını təmin edəcək.

– Hazırda Ağdam Sənaye Parkının rezidentləri arasında istehsalla məş­ğul olanı varmı?

– Park 190 hektar sahədə yaradılıb. Bugünədək 17 rezident və 5 qeyri-rezi­dent qeydiyyata alınıb. Onlar burada ti­kinti materiallarının istehsalı müəssisələ­ri yaradır, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konserv­lərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalı, eyni za­manda, xidmət sahələrinin, soyuducu ka­meraların təşkili istiqamətində işlər görür­lər. Artıq parkda ilk müəssisə fəaliyyətə başlayıb. Qeyri-rezident “Yüksəl Beton” QSC sənaye parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Zavod saatda 120 kub beton istehsal et­mək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraş­dırılacaq. Müəssisə Ağdam sənaye zo­nasında və şəhərdə görülən tikinti işlərini betonla təmin edəcək.

Sənaye parkında hazırda layihələndir­mə işləri görən və yaxın zamanda tikinti işlərinə başlayacaq sahibkarlar da var. Onların arasında rezident kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliy­yətli Cəmiyyəti (MMC) bu ilin noyabr-de­kabr aylarında fəaliyyətə başlamağı plan­laşdırır. Müəssisə PVC dam örtüklərinin istehsalını həyata keçirəcək. Şirkətin aylıq istehsal həcminin 14 min kvadratmetr ol­ması proqnozlaşdırılır. “NN-Tel Group”un dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək. Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 min manat investisiya yatırmağı planlaşdırır.

“Rail Trans Service” MMC isə Azər­baycanda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək ilk müəssisə olacaq. Zavodun tikintisinin təxminən 7 aya başa çatdırılması nəzərdə tutulur. İnşaat işlərinin aparılması zamanı yerli xammaldan istifadə ediləcək ki, bu da işlərin daha qısa zaman ərzində başa çatdırılmasına imkan verəcək. “Made in Azerbaijan” brendi altında istehsal olu­nacaq yerli məhsulların sifarişlərdən asılı olaraq Rusiya və Avropaya da ixrac edil­məsi planlaşdırılır. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir. La­yihəyə təqribən 5 milyon 700 min manat investisiyanın yatırılması nəzərdə tutulur.

Qeyri-rezidentdən “PMD Projects“ MMC sənaye parkının ərazisində beton istehsalı, topdan və pərakəndə satışı ilə məşğul olacaq. MMC artıq layihələndirmə işlərinə başlayıb. Parkda ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başla­ması nəzərdə tutulur. Siyahını uzatmaq da olar. Məncə, bu dediklərim ümumi təsəvvür yaratmaq üçün kifayət edər. 

Beləliklə, Ağdam Sənaye Parkında ikinci mərhələ – istehsal sektorunun ya­radılması mərhələsi başlayıb. İnvestorlar tərəfindən sənaye parkına 161 milyon manatdan çox vəsait yatırılacaq.

Bu mərhələdə, sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajla­rının, boru və qutu profillərin, alçı, ekster­yer suvaq, dolğu və izolyasiya material­larının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif növ metal və dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, av­tomatlaşdırma və telemexanika sistemlə­rinin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatları və s. istehsal müəssisələri inşa ediləcək. 

– Sənaye parkında buraxılan məh­sulların bazara çıxarılması üçün nəq­liyyat infrastukturunun yaradılması sahəsində görülən işlər barədə də məlumat verərdiniz. 

– Parkda istehsal olunmuş məhsullar azad edilmiş rayonların əksəriyyətində aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək, eyni zamanda, digər rayonlara göndəriləcək, həm də xaricə ixrac olunacaq. Bunun üçün nəqliyyat infrastrukturu yenidən qurulur. Bərdə–Ağdam dəmir yolu xətti və Bərdə–Ağdam avtomobil yolu bu il istifadəyə veriləcək. Bununla sənaye parkında istehsal edilən məhsulların regional və dünya bazarına çıxarılması imkanları genişlənəcək. 

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Ağdam





Müsahibə