Hər il iyunun 14-ü bütün dünyada olduğu kimi, ölkəmizdə də Ümumdünya Qan Donoru Günü humanist aksiyalardan biri kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2005-ci ildən həmin günün qeyd olunması məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır. Bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə qanını təmənnasız verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyəti olub.
Hər il dünyada, təxminən, 117 milyon donor qeydiyyatdan keçir. Hazırda 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatına malikdir. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov dedi:
– Respublikada irsi qan xəstəliklərindən əziyyət çəkən xeyli insan var və məhz bu amil qana olan tələbatı artırır. Assosiasiya 2008-ci ildən fəaliyyət göstərir və etiraf etmək lazımdır ki, bu illər ərzində həyata keçirdiyimiz layihələrin hər biri qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olub. Qan həyat üçün o qədər zəruridir ki, tibb elminin inkişafından asılı olmayaraq onun alternativi yoxdur. Yaxşı olar ki, hər bir sağlam insan könüllü olaraq ildə bir neçə dəfə qan versin.
Ölkəmizdə sosial şəbəkələrdə müxtəlif qan qruplarının axtarışı onu göstərir ki, qana ciddi tələbat var. Qan Donorları Assosiasiyası olaraq, donorluğun təbliği istiqamətində müəyyən nailiyyətlər əldə etmişik. Birlik qısa müddətdə Dünya Qan Donorları Cəmiyyətləri Federasiyasına üzv olmaqla bir çox beynəlxalq layihələrin icrasında iştirak edib. Bu günə qədər səkkiz dəfə Gənc Qan Donorlarının Beynəlxalq Forumunda ölkəni təmsil etmişik. İlk dəfə paytaxt və regionlarda forumlar keçirərək geniş təbliğat aparmaqla yanaşı, daimi donorları mükafatlandırmışıq. Hazırda əsas məqsədimiz düşərgələrin yaradılmasıdır. Qan donorları və onların ailə üzvləri yay və qış düşərgələrində sağlamlıq sahəsində maarifləndirilir. Burada əsas məqsəd donorun sağlamlığını qorumaqdır.
– Qan donoru olmaq üçün kim müraciət edə bilər?
– Sağlamlıq imkanı icazə verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır və buna qərar verən insanlara böyük hörmətlə yanaşırıq. Amma hər kəs donor ola bilməz. Bunun üçün boy ölçüsü və çəki əhəmiyyət kəsb edir. Boyu 160 santimetrdən, çəkisi 60 kiloqramdan yuxarı olan, eyni zamanda, qan xəstəliyi (viruslar) olmayan şəxslər rahatlıqla qan bankına yaxınlaşıb qanvermədə iştirak edə bilərlər. Qeyd etmək lazımdır ki, qanvermənin insan sağlamlığına böyük faydası var. Çünki bütün bədən hüceyrələri yenilənir və yeni qan orqanizmdə daha yaxşı dövr edir. Kişilər ildə 3 dəfə, qadınlar isə 4 dəfə rahatlıqla könüllü qanverməyə qatıla bilərlər.
– Qan verməzdən öncə hansı qaydalara əməl edilməlidir?
– Öncə qan verməyə gedən insan normal yatmalıdır. İki sutka ərzində spirtli içki qəbul edən qan verməməlidir. Qan verən insan əvvəlcə qidalanmalıdır. Əks halda, qanvermədən sonra başgicəllənmə, ürəkgetmə ola bilər. Yaxın üç ay ərzində qan verən insan yenidən qan verə bilməz. Bu, onun sağlamlığına ziyandır. Hamilələrə və yeni əməliyyat olunmuş insanlara da qan vermək qadağandır.
– Ölkəmizdə qan donorluğuna münasibət necədir?
– Bu sual bizə çox ünvanlanır, amma hər zaman cavablar fərqli olur. Məsələn, Ramazan ayında, yay aylarında qan verən insanların sayı azalır. Düzdür, bunun səbəbləri də var. Amma bir şeyi bilmək lazımdır ki, qan insana onun həyatı təhlükədə olduğu zaman köçürülür. Qan yoxdursa, demək, xəstəni xilas etmək də mümkün deyil. Ölkəmizdə qan ehtiyatları qan ehtiyacından həmişə az olub. Çünki ölkədə minlərlə irsi qan xəstəliklərindən əziyyət çəkən insan var və onlara ayda bir neçə dəfə qan köçürülür.
Bizdə insanlar qan vermək üçün daim dəvət gözləyir. Bu isə istənilən cəmiyyət üçün problemdir. Qanvermə artıq bir tibbi mədəniyyətə çevrilməlidir. İnsan həyatını xilas etmək üçün dəvət gözləmək yanlışdır. Amma qan verəcəyi günü bilən daimi donorlar da az deyil. Onlar, sözün əsl mənasında, qəhrəmandırlar. Biz onları “qan xeyriyyəçiləri” adlandırırıq. Çünki “donor” sözünün mənası da “ianə edən” deməkdir.
– Qan donorluğu ilə bağlı maarifləndirilmə səviyyəsi sizi qane edirmi?
– Maarifləndirmə hər zaman yenilənməlidir və bu işdə KİV-in də üzərinə məsuliyyət düşür. Efir məkanlarında donorluğu təbliğ edən verilişlər, demək olar ki, mövcud deyil. Sosial öhdəlik tam icra olunmadığından vətəndaş cəmiyyətlərinin də yükü artır. Assosiasiya yalnız maarifləndirmə işləri deyil, eyni zamanda, donorların həvəsləndirilməsi, onlara diqqət və qayğı göstərmək üçün müxtəlif yerli və beynəlxalq düşərgələr, istirahət layihələri həyata keçirir. Bizim fəaliyyətin kökündə genefondun qorunması dayanır. Gələcək nəslin sağlam böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik.
Söhbəti yazdı:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”


