İyunun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar yaz sessiyasının növbəti plenar iclası keçirildi. Əvvəlcə cari məsələlər müzakirə olundu.
Deputatlar qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğöanın ölkəmizə səfərindən, iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin nümunəviliyindən, daim bir-birinə arxa-dayaq olmalarından söhbət açdılar. Bununla yanaşı, qeyd edildi ki, ölkəmiz mühüm əhəmiyyətli bayram ərəfəsindədir. On beş iyun həm Qurtluş Günü, həm də Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalandığı gündür.
Sonra Milli Məclisin Sədri gündəliyə 14 məsələnin çıxarıldığını dedi.
Birinci məsələ barəsində məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr Tahir Mirkişili dedi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Bu da ondan xəbər verir ki, büdcənin gəlirləri 3 milyard manatdan, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Komitə sədri vurğuladı ki, yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək. Bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.
Deputatlar qanun layihələrinin müzakirəsində çıxış edərək dəyişiklikləri müsbət qiymətləndirdilər. Onlar təklif olunan dürüstləşdirmədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinin, Böyük Qayıdış Proqramının icrasının, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasının prioritetdə saxlanılmasını müsbət qarşıladılar. Deputatlar, həmçinin büdcə gəlirlərinin artımında dayanıqlığın təmini üçün qeyri-neft sektorunun potensial imkanlarından istifadənin əhəmiyyətindən söhbət açaraq idxal olunan inflyasiyanın azaldılması, əməkhaqqlarının artırılması, regionlarda işsizlik probleminin həlli ilə bağlı fikirlərini bölüşdülər.
Maliyyə naziri Samir Şərifov və Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev səslənən fikirlərə münasibətlərini bildirib deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdilər.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.
Sonra komitə sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim etdi. Layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30 milyard 679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32 milyard 64,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az, müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 385 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.
2022-ci il icmal büdcənin gəlirləri 17,2 faiz çox icra edilməklə, 43 milyard 97,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri isə 1,6 faiz az icra olunub.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri fondun 5 milyard 606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5 milyard 729,7 milyon manat və ya 2,2 faiz çox, yəni 102,2 faiz icra olunub.
Qeyd edildi ki, fondun gəlirlərinin 19,8 faizini və ya 1 milyard 132 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5 milyard 606,3 milyon manata qarşı 5 milyard 252,1 milyon manat və ya 93,7 faiz icra olunub ki, bu da 2021-ci ilə nisbətən 8,4 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 172,8 milyon manat və ya 95,3 faiz icra olunub.
Qanun layihəsi üçüncü oxunuşdan sonra səsə qoyularaq qəbul olundu.
Sonra qeyd edildi ki, Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, hərbi əməliyyatlar zamanı həlak olması güman edilən şəxslərin həlak olduğunu elan etmək üçün müəyyən edilən vaxt məhdudiyyəti azaldılır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliyə görə, hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdiriləcək.
Ə. BƏDƏLOV, “Xalq qəzeti”

