Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 milyon manat çox olmaqla 2 milyard 686 milyon manat təşkil edib. Bu barədə fonddan aldığımız məlumatda bildirilir.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar–may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 milyon manat artaraq 2 milyard 70 milyon manat olub.
Qeyd olunur ki, son 5 ayda DSMF-nin xərcləri 2 milyard 506 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 milyon manat çoxdur.
Həmçinin bidirilir ki, fond tərəfindən iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Xəbərdə qeyd olunur ki, may ayınadək pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox olmaqla 2 milyard 366 milyon manat vəsait yönəldilib. Pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.
Bu ilin yanvar–may ayları ərzində 15 min 700, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87 min 100 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

