“Heydər Əliyev xatirələr işığında” layihəsinin qonağı olmuş ictimai-siyasi xadim Əhməd Əhmədzadə ilə söhbətimizi davam etdiririk.
III söhbət
... Növbəti düşərgədə görüşümüz də sona çatırdı. Heydər Əliyev çıxışını bitirib camaata müraciət etdi ki, kimin sözü, sualı var? Bir gənc qız dedi, mənim bir xahişim var. Dedi: “Buyur qızım, de”. Dedi: “Mənim qardaşım bu sovxozda baş aqranom işləyirdi. Sovxoz direktoru onu çıxarıb. Ailəmiz əziyyət çəkir. Xahiş edirik onun yerinə qaytarılmasına kömək edəsiniz”. Diqqətlə Heydər Əliyevə baxıram ki, indi bu qıza nə deyəcək. Dedi: “Qızım, mən padşah deyiləm. Mən Mərkəzi Komitənin birinci katibiyəm. Mən ədalətin tərəfini saxlayan insanam. Əgər ədalətsizlik olubsa, onu bərpa etmək mənim işimdir. Görürəm, siz bu birinci katibinizə çox inanırsınız. Mən də ona inanıram. Mən ona tapşıraram, əgər ədalətsizlik olubsa, bərpa edər”.
Görün Heydər Əliyev bu sözlərlə neylədi. Mənim nüfuzumu qaldırdı. Sovxoz direktoruna dərhal göstəriş vermədi ki, qaytar, bərpa elə o adamı işə”.
Toplantı qurtarandan sonra gəlib maşına oturduq. Dedi: “Əhmədzadə, kolxozçu qız ki, müraciət etdi, onu araşdırmadan, səbəbini öyrənmədən qardaşını işə qaytarma. Sovxozun direktorunun çıxışı mənim xoşuma gəldi. Biz bu təsərrüfatları onun kimi adamların hesabına dirçəldə bilərik. Çox təcrübəli adama oxşayır. Biz belə adamları qorumalıyıq. Bax, əgər ədalətsizlik olubsa, bərpa elə, olmayıbsa yox”.
Dedim: “Heydər Əliyeviç, o aqronomu mən işdən çıxartmışam, sovxoz direktoru yox. İşdən də uzaqlaşdırmamışam. Ayrı iş vermişəm. Savadı, intizamı yerində olan gənclərdəndir. Amma o şəhərdən olan bir qızla evləndi, sonra yoldaşını kəndə apara bilmədi və o da məcbur olub şəhərdə qaldı. İndi mənzil kirayələyib şəhərdə qalır. Ona görə də, hər səhər durub yoldaşını aparır işə, ordan gəlir kəndə. Belə olanda iş yerinə 9-10-a çatır. Aqronom isə gərək səhər saat 6-7-də iş başında olsun. Mən bir il onu gözlədim ki, bu problemi yoluna qoysun. Bir nəticə hasil olmadı. Sonra şəhərdə kənd təsərrüfatı birliyində ona iş verdim. İndi də uşaqları var, heç cür kəndə getməyəcək”. Dedi: “Düz etmisən. Kənd təsərrüfatı spesifik bir sahədir, gərək burda mütəxəssis daim iş başında olsun”.
Baxın bir gündə Heydər Əliyev özünün gənc kadrına hansı idarəçilik dərsi keçdi. Mən belə bir insanın, dahinin dərsləri ilə idarəçilik məktəbi keçmişəm. Bu gün çox xoşbəxtəm və fəxr edirəm ki, mən onun kadrıyam. Bəzən o günlər yadıma düşəndə özüm üçün müqayisə aparıram və qəti qərara gəlirəm ki, o vaxt Heydər Əliyevdən başqa Azərbaycanı onun kimi idarə edə biləcək, dirçəldə və inkişaf etdirə, milli dəyərlərimizi qoruya biləcək ikinci bir adam yox idi. Bunu zaman da göstərdi. Ondan sonra neçə adam Azərbaycanda rəhbər oldu, heç biri işləyə bilmədi. Əksinə, ölkəni fəlakətə sürüklədilər.
Yenə Heydər Əliyev qayıtdı, ölkəni ayağa qaldırdı, xaosdan çıxardı, müstəqilliyi, dövlətçiliyi möhkəmləndirdi və hətta növbəti onilliklər üçün bu strateji xətti onun kimi davam etdirə, Azərbaycanı yeni əsrdə qətiyyətlə, mətanətlə təmsil və idarə edə biləcək – Prezident İlham Əliyev kimi fenomenal varisini yetişdirdi. Mən deyirəm Heydər Əliyev məktəbinin yetirməsiyəm, amma İlham Əliyev Heydər Əliyev akademiyasının əlaçı məzunudur.
– Heydər Əliyev Moskvaya gedəndən sonra onunla əlaqələriniz olurdumu?
– Mənim o zaman ulu öndərlə şəxsi əlaqələrim yox idi. 1987-ci ildə xain Qorbaçov erməni separatçılarının təhriki ilə onu hakimiyyətdən uzaqlaşdırandan sonra, təbii ki, bu Heydər Əliyevin Azərbaycanda çalışan birçox yetirmələrini çox məyus etdi. Biz bu ədalətsizliyin nədən qaynaqlandığını bilirdik. Ona görə bir çoxumuz etibarlı adamlarla Heydər Əliyevə Azərbaycana qayıtması ilə bağlı müraciətlərimizi çatdırırdıq.
Sonra Naxçıvana gəlib Ali Məclisin sədri seçiləndə də ondan xahiş edirdik ki, Milli Məclisin sessiyalarına gəlsin, müzakirələrdə iştirak etsin. Çünki onun fikirlərinə ehtiyacımız var idi.
– 1993-cü ildə hakimiyyətə qayıdandan sonra sizinlə ilk görüşdə nə barədə danışdı?
– Cəbhə hakimiyyətə gələndə mən Qubada rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Əbülfəz Elçibəy Prezident seçiləndən sonra dəfələrlə müraciət etdim ki, məni vəzifəmdən çıxarın, sizinlə işləyə bilmirəm. Nəhayət, məni işdən çıxartdılar və 8 ay işsiz qaldım. Bu müddətdə cəbhə hakimiyyətinin başına çox işlər gəldi. Bu ərəfədə respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyini komitə edəndə rəhbər kadr tapa bilmirdilər. Baş nazirin birinci müavini Vahid Əhmədov, müavinlər Abbas Abbasov və Əsgər Məmmədov mənim namizədliyimi təklif edirlər. Bunlar da Heydər Əlyevin yetirmələri idilər və məni yaxşı tanıyırdılar. Elçibəy onların təklifini dəstəkləyir və deyir: “Bu kişini mən nə vaxt işdən çıxarmışam özüm də bilmirəm. Əhmədzadə bu ölkə üçün bizdən çox iş görüb. Bir güllə atmadan Şəmkirdən 20 min erməni çıxarıb. Ermənilər yaşayan kəndləri boşaldıb. Bildiyim qədər də saf, Vətənini sevən insandır”. Beləcə məni elə orda komitə sədri təyin edirlər. Amma mən nə Elçibəyi gördüm, nə də başqa bir rəhbər adamı. Ailəmlə Qaxda, dədə-baba evimdə oturmuşdum. Uşaqlardan biri “svinka” olduğundan “Niva” avtomobilimə minib onu Bakıya həkimə gətirirdim. Bakıda yoldaşlar mənə çıxdılar ki, səni komitə sədri təyin ediblər...
İşə yenicə başlamışdım. İşçilər aylar idi əməkhaqqı almırdılar, Komitədə vəziyyət çox ağır idi. Maliyyə naziri ilə görüşüb xahiş-minnətlə ilkin ehtiyaclar üçün 500 min manat vəsait ala bildim. Müavinlərimdən biri hələ Heydər Əliyevin birinci katib olduğu illərdə meliorasiya nazirinin müavini işləmiş Rafael Axundov idi. Onu kabinetə çağırdım və dedim: “Rafael müəllim, heç kimə heç bir məlumat söyləmədən, Naxçıvana yola düşürsən. Bizə ayrılan 500 min manat vəsaitin 150 min manatını Naxçıvana ayırmışam. O sənədi də özünlə götür. Heydər Əliyeviçə də deyərsən mən onun komitə sədriyəm. Mənim bir rəhbərim var, o da Heydər Əliyevdir. Nə sözü, nə tapşırığı olsa əsgər kimi hazıram”. Naxçıvanda hələ Meliorasiya Nazirliyi idi, amma bizə tabe idilər. Nazirə zəng vurdum ki, Rafael müəllim gələcək, onu kişi ilə görüşdür. Rafael Heydər Əliyeviçin kadrıdır, özü də seyid adamdır”. Heydər Əliyev Naxçıvanda olanda hər adamı qəbul etmirdi.
Rafael müəllimi qəbul etmişdi və vəsaitə görə də təşəkkür etmişdi ki, camaat burda aylarla əməkhaqqı ala bilmir. Bu çox yaxşı oldu.
Mən özüm telefonla danışa bilməzdim, çünki onunla əlaqə saxlamaq o demək idi ki, hakimiyyətin əleyhinə işləyirsən. Rafael bunları söyləyəndən sonra demişdi: “Mən onun mövqeyini bilirəm. O məni hər yerdə müdafiə edib, bu xəbərlər mənə çatır. Əhmədə de mənə zəng eləməsin, telefonlara qulaq asırlar. Nə sözü, vacib xəbəri olsa, bizim Kərimi Bakıya çağırsın (Naxçıvanın meliorasiya naziri) sözünü ona desin, o mənə çatdırar. Mən də sözümü Kərimlə ona çatdıraram. Hələ ki, bir az ehtiyatlı olaq”.
Bakıya qayıdandan sonra məni qəbul etdi, tez-tez əlaqələrimiz olurdu, tapşırıqlar, məsləhət və tövsiyələr verirdi.
– Əhməd müəllim, 1992-ci ildə siz də Ali Sovetin deputatı idiniz. Parlamentdə onunla görüşmüşdünüzmü?
– Heydər Əliyev Naxçıvanda olanda bəzən Bakıda keçirilən tədbirlərə gəlirdi və görüşlərimiz olurdu. Yəqin, 1992-ci ildə Heydər Əliyevin parlamentdəki məşhur çıxışını xatırlayırsınız. İclasdan fasiləyə çıxdıq. Ulu öndər tək-tənha foyedə bir kənarda durmuşdu. Şəmkir rayonunu təmsil edən neftçi alim Fərman Salmanovla ona yaxınlaşdıq. Ondan bir az aralıda İliçin polis rəisi işləmiş, həmin vaxt deputat olan şəxs durmuşdu. Naxçıvandan olan deputatlardan da heç kim yanında yox idi. Biz yaxınlaşanda Fərman Salmanov rus dilində dedi: “Heydər Əliyeviç, çıxış etmək lazım deyildi...” Dedi: “Düz elədim. Mən öz sözümü deməliyəm, haqqı söyləməliyəm”. Kənardan Feyruz Mustafayev bizə yaxınlaşdı və o da qayıtdı ki, Heydər Əliyeviç mənə elə gəlir danışmamalıydınız. Ona da dedi, “yaxşı elədim”. Sonra Bəxtiyar Vahabzadə papirosunu yandıra-yandıra bizə yaxınlaşdı. Bu dəfə Heydər Əliyev bir qədər də ucadan dedi: “Axır bu məclisdə sözünü deyən bir kişi tapıldı”. Çünki həmin sessiyada Heydər Əliyevə hücumlar olanda Bəxtiyar müəllim tribunaya çıxıb onu müdafiə etdi.
İnanın, həmin vaxtlarda öz təşəbbüsümlə Heydər Əliyevin vaxtında birinci katib işləmiş 30-a yaxın adamla söhbət edib, onları ulu öndərə qarşı çıxış etməkdən çəkindirmişəm ki, bu insan bizim ağsaqqalımız, sayılıb-seçilən nüfuzlu şəxsiyyətlərimizdən biridir. Parlamentin o vaxtkı sədri Elmira Qafarova onun sözünü kəsəndə, dözməyib ona yaxınlaşıb dedim: “Siz neyniyirsiniz, kimin sözünü kəsirsiniz? Bu Heydər Əliyevdir, ağlınızı başınıza yığın...” (Əhməd müəllim yenə kövrəlir və gözləri yaşarır. Sanki, Heydər Əliyevə qarşı olan həmin ədalətsizliklərin, haqsız çıxışların təsirini təkrar yaşayırmış kimi üzlür.) O da başda oturan Ayaz Mütəllibova işarə edib dedi: “Görmürsən, oturub yuxarıda, göstərişi o verir, mən neyniyim...” Dedim: “Heydər Əliyevin çörəyi onların gözünü tutacaq”. Elə də oldu...
Milli Məclisin foyesində mənimlə görüşəndə dedi: “Əhmədzadə, Şəmkirin kəndlərini ki, ermənilərdən təmizləmisən, o çox böyük işdir. Ən yaxşısı da odur ki, bunu bir güllə atılmadan, faciəyə imkan vermədən, ağıllı şəkildə etmisən. Bunu çox bəyəndim”. Sonra nə düşündüsə, dedi: “Çardaxlıda Baqramyana bir yaxşı muzey tikmişdik. Onun taleyi necə oldu?” Dedim: “Heydər Əliyeviç, eksponatların hamısını yığdım zirzəmiyə, binada da Ermənistandan məcburi köçürülən bizim 150 qız-gəlinimiz indi xalça toxuyur”. Dedi: “Əhmədzadə, bax, bunu lap əla etmisən. İndi çox yerlərdə belə obyektləri dağıdırlar, amma başa düşmürlər ki, bunlar bizim xalqımıza məxsusdur, Azərbaycanın sərvətidir. Düz eləmisən”.
– Heydər Əliyev artıq hakimiyyətdə olanda onunla tez-tez təmasda olmusunuz. O illərin xatirələrindən yadınızda daha çox nələr qalıb?
– Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedirdi. Orda İslam Bankı ilə də görüşü nəzərdə tutulurdu. Məndən arayış istədi ki, bankdan nə istəyə bilərik? Bizim də ölkədə meliorasiya və su təsərrüfatı sahəsində işlənib hazırlanmış 150 layihədən 10 layihəni seçmişdik. O layihələrdən daha vacib olan beş layihəni ayırıb ulu öndərə təqdim etdim və dedim, bunları həyata keçirmək üçün büdcəmiz yoxdur. Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam Bankı bizə kömək etsə yaxşı olar. Heydər Əliyev məndən sənəd yox, təklif soruşdu ki, nə təklif edirsən onu söylə. Təkliflərimizi verdim. İslam Bankı sadəcə Heydər Əliyevə müsəlman dünyasının görkəmli və nüfuzlu liderlərindən biri olduğuna görə vəsait ayırmışdı. Heç kim inana bilmirdi ki, müqavilə yox, layihə yox, elə Heydər Əliyevin müraciətinə hörmət əlaməti olaraq İslam Bankı 9,8 milyon dollar vəsait vermişdi. Biz onu Muğan kollektorunun tikinti-quraşdırma işlərinə yönəltdik.
Layihələri hissə-hissə işləyib təqdim edirdik, çünki həmin illərdə vəsaitimiz yox idi. Bir gün onunla görüşəndə dedi, “Əhməd, bunları kompleks elə. Narahat olma, bizim pulumuz olacaq, hamısını tikəcəyik”. Bu vaxtlarda da artıq “Əsrin müqaviləsi” imzalanmışdı, neft hasilatı tədricən ritmə düşürdü və xarici investisiyaların axını uzaqda deyildi.
Taxtakörpü su anbarının tikinti layihəsi barədə söhbətdə, ona məlumat verdim ki, bunu tikməsək, çox böyük problemlərimiz yarana bilər. Dedi: “Onu da tikərik, başqa layihələrimizi də. Buna şübhən olmasın”. Həqiqətən, belə də oldu, ölkə dirçəldikcə, neft gəlirlərimiz artdıqca layihələrimizi bir-birinin ardınca tikirdik.
Ulu öndərdən sonra bir gün cənab Prezident İlham Əliyev soruşdu: “Əhmədzadə, bu qədər layihəni hardan çıxarırsan?” Dedim: “Cənab Prezident, bunlar ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə hazırlanıb. Həmişə deyirdi ki, pulumuz olacaq, hamısını tikəcəyik”. Beləcə, bu sahədə çox böyük və nəhəng layihələr reallaşdırdıq.
– Heydər Əliyev nəyəsə qərar verəndə onu qəfil bildirirdimi?
– Mən deyərdim yox. Heydər Əliyev hər hansı bir iş, layihə haqqında qərar verməmişdən onu ən incə məqamlarına qədər öyrənir, araşdırır, suallar verir və onun reallığına əmin olandan sonra qərarını bildirirdi. Hər sualın arxasında çox incə məqamlar dururdu. O, verilən layihənin ölkəyə, xalqa faydasını, gətirəcəyi iqtisadi mənfəəti, hansı müddətə işləmək gücündə olduğunu bilməsə, razılıq verməzdi. Çox güclü fəhmi vardı, verilən hər hansı təklifi bir andaca özündə analiz edir və nəticəsinin nə olacağını qabaqcadan bilirdi. Mən inanmıram ki, o nə vaxtsa hansısa qərarında yanılmış olsun.
– Əhməd müəllim, Heydər Əliyev çalışdığı adamlarda, kadrlarında daha çox nəyi, hansı keyfiyyəti yüksək qiymətləndirirdi?
– İlk tələblərindən biri peşəkarlıq idi. Amma insanlıq onun üçün daha əhəmiyyətli idi. Etibar, sədaqət və vicdanlı olmaq. Heydər Əliyev yalanı sevmirdi. Ümumiyyətlə, ona yalan danışmaq da qeyri-mümkün idi.
Bir əhvalat danışım. Heydər Əliyevin İrana ilk rəsmi səfəri idi. Prezident Rəfsəncani dəvət etmişdi. Mən də nümayəndə heyətinin tərkibinə salınmışdım. İran rəsmiləri Heydər Əliyevin Təbrizə getməsindən ehtiyat edirdilər deyə, bizi ora aparmadılar. Quş adasına apardılar, amma Təbriz protokola salınmadı.
Hələ SSRİ dövründə Xudafərində su elektrik stansiyasının tikilməsi ilə əlaqədar İranla müqavilə imzalanmışdı. Rəsul Həmidov da Enerji Tikinti Komitəsində işləyirdi. SSRİ dağılandan və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə bizim buna hələ ki, nə vaxtımız, nə də imkanımız vardı. Amma bu vacib məsələ idi deyə, həll olunmalı idi. Mən də Meliorasiya Komitəsinin sədri kimi bu məsələ ilə bağlı İranla müntəzəm işləyirdim.
Heydər Əliyevin İrana səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri də Xudafərin bəndinin tikintisi idi. Axşam Azərbaycan Prezidenti üçün ayrılmış iqamətgahda toplaşdıq və Heydər Əliyev bir-bir sabah imzalanacaq protokollar, bəyannamələrlə bağlı fikir mübadiləsi aparırdı. Növbə mənə çatdı. Məsələ ilə bağlı fikirlərimi söyləməyə başladım. Burada iştirak edənlərin vəzifəcə ən kiçiyi mən idim, qalan hamısı nazirlər idi. Heydər Əliyevi də səthi izahlarla razı salmaq, ümumiyyətlə, mümkün deyildi. Xudafərinlə bağlı hamı danışıb fikrini bildirəndən sonra, dedi: “Əhmədzadə, buyur, sən fikirlərini bildir”. Heydər Əliyev yanında oturan baş nazirin müavini, Dövlət Plan Komitəsinin sədri Səməd Sadıxovu ayağa qaldırdı, mənə dedi, gəl otur burda.
Mən layihənin xırdalıqlarına qədər izah etdim, Arazın potensialını, bizim qazanacağımız, itirəcəyimiz nə olacaq və sair. Dedi: “Əhmədzadə, deyirsən tikməyək bunu?” Dedim: “Heydər Əliyeviç, tikməmək düz olmaz. Çünki biz tikməsək, İran bunu Ermənistanla tikəcək. Amma biz öz mənfəətimizi artırmalıyıq, ərazimizə sahib çıxmalıyıq. Tikintidə də bizim iştirakımız təmin olunmalıdır. Su elektrik stansiyasının istehsal etdiyi enerji ədalətli şəkildə bölünsün”. Bütün bunları açıqladım. Dedi: “Bütün danışdıqlarını hazırla”. Dedim: “Heydər Əliyeviç, icazə verin gedim hazırlaşım”. Dedi: “Olmaz. Görürsən, bizə bu boyda stol açıblar. İranda başqa harda sənə belə süfrə açacaqlar”. Yenə dedim: “İcazə verin gedim hazırlaşım”. Gülə-gülə qayıtdı ki, “Ay kişi camaat mənə salam verməyə fürsət axtarır, mən səni stoluma dəvət edirəm deyirsən, icazə ver gedim. Otur”.
Oturdum. Stolda da heç kim ulu öndərlə üz-üzə oturmaq istəmir, çəkinirlər. O da üzünü şeyxülislama Hacı Allahşükür Paşazadəyə tutub dedi: “Şeyx həzrətləri, gəl sən burda otur. Bunlar hamısı mənə hesabat verirlər deyə, üz-üzə oturmaq istəmirlər. Sən Allaha hesabat verirsən, gəl otur”. Yəni bu insan o məqamda yaranan rəsmi mühiti bir iki zarafatla elə aradan qaldırıb, xoş, səmimi bir şərait yaratdı ki, hamı oturub rahat yemək yedi.
Səhəri gün Rəfsəncani ilə oturub layihələri müzakirə etməyə başladılar. Mən 1 saat 40 dəqiqə layihəni iki prezidentə izah etdim. Layihə qəbul edildi. Stansiyanın tikintisinə gələndə, Rəfsəncani dedi, “tender keçirilsin, kim udsa, o da tiksin”. Rəsul Həmidov da özünü öldürür ki, tender olsa, iranlılarda qiymətlər aşağıdır, onlar udacaqlar, biz işsiz qalacağıq. Heydər Əliyev də məndən soruşdu: “Bu Rəsul niyə özünü dağıdır”. Dedim: “Heydər Əliyeviç deyir bunlarda qiymətlər ucuzdur, tenderi udacaqlar”.
Rəfsəncani də dedi, əgər İran tenderi udsa, 10 faiz nəfinə Azərbaycan tərəfinə verə bilər. Yəni İran udacağı təqdirdə, öz qiymətindən 10 faiz artıq qiymətə layihənin tikintisini Rəsula verir. Mən özümü saxlaya bilmədim. Dedim: “Cənab Rəfsəncani, çox üzr istəyirəm, daha bu qardaşlıq olmur ki”. Heydər Əliyev bu məqamda rus dilində qayıtdı: “Zdorovo Axmedzade”. Bundan sonra Rəfsəncani məndən soruşdu: “Bəs sən necə deyirsən?”. Dedim: “Komissiya bunu 50-nin 50-yə bölsün və onun nəzarəti altında işləsinlər”. Razılaşdılar və sənədə düzəlişlər edib imzalanma mərasiminə hazırlayıb imzaladılar. Bu gün məhz 1994-cü ildə imzalanan həmin sənəd əsasında layihə həyata keçirilir.
O tarixdə sənədin imzalanma mərasimindən sonra Heydər Əliyev bəyannamənin Azərbaycanın mənafeyinə uyğun qəbul edilməsinə görə bizə razılığını bildirdi.
– Əhməd müəllim, maraqlı söhbətə görə təşəkkür edirik.
Söhbəti qələmə aldı: İlqar RÜSTƏMOV, “Xalq qəzeti”


