Belə çıxır ki, Xankəndiyə tankla getməli idik. Hər halda, şəhər xəstəxanasına erməni pasiyentlərini çatdırmış Azərbaycana məxsus təcili tibbi yardım avtomobili ilə bağlı Ermənistan cəmiyyətində gedən diskussiyalar bunu deməyə əsas verir. Hayların ictimai rəyi xəstədir. Xəstəliyə xüsusi “rəng” qatan isə Qarabağdakı separatçı rejimin təmsilçiləridir.
Bu qənaətə də gəlmək mümkündür ki, Ermənistan cəmiyyəti insanpərvərlik hisslərindən uzaqdır. Xəstə ermənilərə tibbi yardım göstərmişik, deməli, etməli deyilmişik, lazımsızmış. Haylar tarix boyu sadiq qaldıqları nankorluq xislətlərini yenə də ortaya qoymaqdadırlar. Sən demə, dığalara Azərbaycana məxsus avtomobilin Xankəndiyə gedib çıxması yer eləyibmiş. Buna görə hadisənin baş tutmasına imkan verilməsini mümkünsüz sayılan insident kimi qiymətləndiriblər. Yollara nəzarəti sərtləşdirməyin zəruriliyinə dair fikirlər səsləndiriblər.
Guya, nəzarəti gücləndirib, gələcəkdə belə halların qarşısını alacaqlarmış. Göründüyü kimi, Ermənistan ictimai rəyi hər şeyi bu qədər primitiv görməkdədir. Hələ bunların bir qədər ağıllıları var ki, adi bir insanlıq hadisəsindən böyük siyasi mənalar çıxarmaqdadırlar. Bu barədə də söz açacağıq. Hələlik isə Azərbaycanın, guya, Laçın yolundan keçən Qarabağın erməni sakinlərini qorxutmağa yönəlmiş davranışlar həyata keçirməsinə dair iddialardan başlayaq.
Bəli, gərək Xankəndi küçələrində Azərbaycan əsgərinin çəkməsinin izləri qalmalıdır ki, Ermənistan cəmiyyəti ağlını başına toplasın. Bütün insani hisslərdən məhrum xəstə toplumu başqa cür yola gətirmək mümkünsüz görünür. Baxın, bu toplumun nümayəndələri nə deyirlər? Onlar bildirirlər ki, Laçın yolu bağlı olduğundan, Ermənistandan Qarabağa gedən ermənilər xeyli vaxt itirirlər, üstəlik, guya, azərbaycanlılar tərəfindən hədə-qorxulara və psixoloji təzyiqlərə məruz qalırlar. Belə bir şəraitdə dörd erməni qadının halı pisləşib, onlardan üçü huşunu itirib. Yəni, vurğu onun üzərinə qoyulur ki, məhz bundan sonra Şuşadan Azərbaycanın təcili tibbi yardım maşınları gəlib və Xankəndi yolçuluğu başlayıb. Deməli, günahkar biz imişik...
Açığı, Ermənistandan Qarabağa gələnlərin Laçın yolunda 5 saat vaxt itirmələri müsbət haldır. O anlamda ki, Azərbaycan tərəfdən keçid prosesi ciddi şəkildə yoxlanılır. Başqa cür mümkün deyil. Bir qədər yumşaqlıq edəndə, yaxud işi bölgədəki Rusiya sülhməramlı kontingetinin (RSK) hərbçilərinin öhdəsinə buraxanda, hansı mənfi halların yaşandığını gördük – yoldan silah-sursat, canlı qüvvə keçirdilər. Bu, azmış kimi, məkrli niyyətləri naminə ətrafdakı torpaq yollardan da yararlandılar. Görünür, hazırda belə yarıtmazlıqların qarşısı alınıb. Laçın yolunda sərt nəzarət tətbiq edilib.
Yekun nəticədə bütün bunlar, əlbəttə, Qarabağın sadə ermənilərinə də pis təsir göstərir. Yəqin, elə buna görə vaxt itirməli olurlar. Gedib “təşəkkürlərini” Ermənistanın siyasi rəhbərliyinə, onunla əlbir “fəaliyyət” göstərən separatçı rejimin təmsilçilərinə bildirsinlər. Əlbəttə, korrupsioner fəaliyyətə qurşanmış RSK komandanlığını da unutmasınlar. Yaxşı-yaxşı bilsinlər ki, əgər, hətta hadisə yuxarıda təsvir etdikləri kimidirsə, yəni dörd erməni qadın, yolda çox qalmaq səbəbindən, səhhətində narahatlıq hiss edibsə, bu zaman da müqəssir Azərbaycan deyil. Ölkəmiz üç il naqisliklərə dözüb. Daha dözməyəcək.
Əlbəttə, Xankəndiyə erməni xəstələrini çatdıran Azərbaycanın tibb işçiləri özlərinin peşə borclarını yerinə yetiriblər. Ermənistan mediası, ümumən, ölkənin ictimai rəyi bunu insanların iztirabları ilə manipulyasiya tipli psevdohumanizm şousu adlandırırsa, deməli, dövriyyəyə yuxarıda haqqında bəhs etdiyimiz tanklar, əsgər çəkmələri girməlidir. Elementar məntiq var – xoşluq yaramırsa, zor olmalıdır. Zor, həm də ona görə olmalıdır ki, erməni mediası məsələni Azərbaycanın öz vətəndaşı olan ermənilərə yardım göstərməsi kimi qəbul etmək məntiqindən tam uzaqdır. Mövcud fonda ölkəmizin reinteqrasiya çağırışları, sanki, məsxərə predmetinə çevrilməkdədir.
Hələ bu, azmış kimi, Qarabağda separatçı rejimdən bildirilib ki, aprelin 4-də erməni xəstələrin Xankəndiyə aparılması ilə yekunlaşmış insident Qarabağ ermənilərinin hüquqlarının kobud şəkildə pozulmasıdır və guya, bu hadisə bölgə əhalisinin deportasiyası məqsədilə həyata keçirilən planın başlanğıcıdır. Bu qədər həyasızlıq olar? Hələ həyasızlığın Ruben Vardanyanın yerinə təyin edilmiş yeni “dövlət naziri” Qurgen Nersisyan “zirvəsi” də var. Onun sözlərinə görə, hadisədən sonra xəstələrin Ermənistana daşınması Beynəlxalq Qırmızı Xaç Komitəsinin separatçı rejimdəki nümayəndəliyi vasitəsilə gerçəkləşdiriləcəkdir.
Burada meydana maraqlı məsələ çıxır. Tutaq ki, bölgədə BQXK-nin təmsilçiləri ola bilər. Qurumun separatçı rejimdə nümayəndəliyi də var? Hesab edirik ki, Azərbaycanın əlaqədar orqanları məsələni diqqətdə saxlamalıdırlar. Belə bir nümayəndəlik, həqiqətən, varmı? Varsa, hansı əsasda fəaliyyət göstərir?
***
Yeri gəlmişkən, Xankəndiyə Azərbaycanın təcili tibbi yardım maşınının yollanması ilə bağlı duruma Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də münasibət bildirib. O, ölkəsinə məxsus sülhməramlıları tərifləməklə kifayətlənib və belə təəssürat yaranıb ki, səfir məsələ ətrafında RSK-ya ünvanlanmış tənqidləri neytrallaşdırmaq istəyib: “Rusiya sülhməramlıları ağır şəraitdə fəaliyyət göstərirlər, onların rolu Ermənistan rəhbərliyi tərəfindən tanınır. Sülhməramlılarımızın rolu həm həyat dəstəyini təmin etmək, həm də mümkün eskalasiya cəhdlərinin qarşısını almaq üçün vacibdir. Siz onların necə fəaliyyət göstərdiyini çox yaxşı bilirsiniz. Bu barədə məlumat daim dərc olunur. Bunu Ermənistan rəhbərliyi də etiraf edir”.
Əlbəttə, erməni ekspertlərin və siyasətçilərinin Bakının Qarabağı tam nəzarət altına almaqda tələsdiyini bildirmələrində həqiqət payı yox deyil. Bu, məlum məsələdir. Söhbət ondan gedir ki, Ermənistan rəhbərliyi prosesi ləngitmək, imkan daxilində, tamamilə, qarşısını almaq, vəziyyəti donduraraq status-kvonu qeyri-müəyyən vaxtadək saxlamaq yolunu tutur. Başqa sözlə desək, Azərbaycanın haqqını tanımaqdan boyun qaçırır.
Ölkəmiz Qarabağın bütün ərazisində de-fakto qanuni hakimiyyətini bərpa etməkdə israrlıdır və bunu reallaşdıracaqdır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, İrəvan məsələ ilə nə qədər tez barışsa, bir o qədər ona xeyirdir. Ancaq görünən budur ki, xeyir avantüraya və onun psixi pozuntu halı almış xəstəlik təzahürlərinə qurban verilməkdədir.
***
Məsələn, Qarabağ ermənilərinin, guya, blokadada qaldıqları məntiqini qabardan Ermənistan parlamentinin müxalif “Mənim şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan deyir ki, Azərbaycan onları evlərini tərk etmələrinə nail olmaq və bu yolla problemi aradan qaldırmaq istəyir.
Təbii, ölkəmiz öz məramını gizlətmir. Qarabağda yaşayan erməni əhalini Azərbaycan vətəndaşı kimi tanıdığını bəyan edən ölkəmizin rəsmiləri mövqelərində kifayət qədər ardıcıl və prinsipialdırlar. Yəni, Qarabağda qalıb Azərbaycan yurisdiksiyası altında yaşamaq istəyən ermənilər üçün hər hansı problem yoxdur. Yox, əgər, bunu istəməyəcəklərsə, bölgəni tərk edə bilərlər. Ölkəmiz Qarabağa tam sahiblənmək yolundakı detalları nəzərə almayacaqdır. Qarabağ erməniləri çalışıb özlərini detal olmaqdan çıxarmalı, vətəndaş kimi təsdiqləməlidirlər. Bunun yolu isə Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçı rejimin oyunlarında alətə çevrilməməkdən keçir.
***
Bu mənada Yerevan mətbuat klubunun sədri, analitik Boris Navasardyanın fikirlərini, müəyyən qədər, pozitiv, yəni vəziyyəti düzgün dəyərləndirmiş kimi hesab etmək mümkündür. Onun sözlərinə görə, Bakının hərəkətlərində Laçın dəhlizinin işləməsi üçün Qarabağdakı separatçı rejimə və Rusiya sülhməramlılarına öz qaydalarını tətbiq etmək istəyi var: “Azərbaycan həm Laçın dəhlizində, həm də Qarabağda vəziyyətə tam nəzarət etmək üçün tələsir. Onun məqsədlərinə nə vaxt və nə qədər çata biləcəkləri, bu, bir çox hallardan asılı olacaq, lakin heç şübhəsiz, Bakı inadla bu məqsədə doğru irəliləyir”.
B.Navasardyan onu da bildirib ki, əsas problem Ermənistan hakimiyyətinin Qarabağ məsələsini dünyaya humanitar fəlakət kimi təqdim etməsindədir. “Bunu (fəlakəti – red.) aradan qaldırmaq Azərbaycan üçün, sadəcə, lütfdür. Bakı bildirir ki, vətəndaşlarının humanitar problemlərinin həlli üçün tədbirlər görməyə hazırdır. Nəticədə Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ kölgədə qalır”, – deyən erməni analitik bu düşüncədədir ki, İrəvanın siyasəti hazırkı vəziyyətə qeyri-adekvatdır. Erməni elitanın Azərbaycanın Qarabağ üzərində tam nəzarəti genişləndirmək planlarını ciddi qəbul etməməsi isə doğru yanaşma deyil: “Bakının məqsədi çoxdan bəllidir, müvafiq olaraq, İrəvan onun davranışında müəyyən korrektələrə nail olmaq üçün danışıqlarda maraqlı olmalı idi. Erməni tərəfi belə bir təşəbbüs göstərmədiyindən, Azərbaycan tərtib etdiyi proqramı həyata keçirir”.
B.Navasardyan hər şeyi açıqca izah etdi. Əslində, erməni cəmiyyətinin Qarabağ isteriyasının mənasızlığını da bildirdi. İndi qalır, onun dediklərinə ciddi yanaşılması. Təəssüf ki, bu yanaşma yoxdur və belə olmayacaqsa, Xankəndiyə Azərbaycana məxsus təcili tibbi yardım avtomobili deyil, ölkəmizin tankları daxil olacaq. Belə olarsa o tankların tırtılları altında qalıb əzilənlər də mütləq olacaq.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

