Qarabağın qeyrət qalası Şuşa ilə Türküstan dağ silsiləsinin cənnət guşəsi İsfaranın qardaşlaşması Azərbaycan və Tacikistan arasında dostluq və səmimi əməkdaşlıq münasibətlərinin rəmzi sayılır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbəyə dövlət səfəri zamanı Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair protokol imzalanıb. Sənədi Azərbaycan tərəfdən Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Tacikistan tərəfdən isə İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.
İsfaranın Türk dünyasının mədəniyyət paytaxtı Şuşamıza qardaş seçilməsi heç də təsadüfi deyil. Çünki bu iki şəhər arasında oxşar cəhətlər kifayət qədərdir. Həm coğrafi mövqeləri, həm yerləşdiyi iqlim qurşağı, həm də şəfaverici müalicə ocaqları onları, təbii olaraq, bir-birinə daha da yaxınlaşdırır və qardaşlaşdırır.
Tacikistanın Soqdi vilayətində eyniadlı rayonun inzibati mərkəzi sayılan İsfaranın ərazisi 881 kvadratkilometr, əhalisi 210 min nəfərdir. Ölkənin mədəni və iqtisadi cəhətdən inkişaf etmiş rayonu sayılan İsfarada çoxsaylı müalicəvi kurort və sanatoriyalar vardır. Onların arasında ən məşhuru “Zumrad” sanatoriyasıdır.
Türküstan dağ silsiləsinin ətəyində qərar tutmuş İsfara dörd tərəfdən əsrarəngiz dağlarla əhatə olunub. Buranın təbiəti indi artıq qardaşlaşdığı Şuşanın təbiətinə bənzəyir. Respublikanın şimal-şərqində, Fərqanə vadisində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İsfaranın iqlimi də Şuşamızın iqliminə çox yaxındır. Burada havanın temperaturu qışda mənfi 25 dərəcəyədək düşür, yayda isə müsbət 35 dərəcəyə qədər qalxır. Bəzi mənbələrə görə, İsfara sözünün mənası “istirahət yeri” deməkdir.
* * *
Oxucularımıza onu da xatırladaq ki, Şuşa-İsfara qardaşlığına qədər Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bir qədər əvvəl isə Xocənd şəhəri ilə Gəncə qardaşlaşıb.
Əslində, İsfara şəhəri ilə Şuşanın qardaşlaşması faktının özü rəsmi Düşənbənin respublikamızın suverenliyini və ərazi bütövlüyünü tanıması və qəbul etməsinin bir daha təsdiqidir. Bu qardaşlaşma, eyni zamanda, Azərbaycan və tacik xalqları arasında əsrlər boyu davam edən mədəni əlaqələrin, dostluğun, həmrəyliyin rəmzi kimi qəbul edilməlidir. Azərbaycanda dünən olduğu kimi bu gün də tacik mədəniyyətinə xüsusi dəyər verilir və yüksək qiymətləndirilir. Tacikistanda isə bu ölkənin mədəni həyatında yaxından iştirak etmiş, xüsusilə musiqi və heykəltəraşlıq sahələrində dəyərli sənət əsərləri yaratmış azərbaycanlı sənətkarların xidmətlərini və xatirələrini unutmurlar.
İndi artıq həm qədim, həm də çağdaş ortaq mədəniyyətimizə aid nümunələrin Azərbaycanda və Tacikistanda nümayiş etdiriləcəyi yeni məkanlar var. Bunlar iftixar hissi ilə bir-birinə qardaş deyəcək Şuşa və İsfara şəhərləridir.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

