Azərbaycan daha bir beynəlxalq qurumun iclaslarına sədrlik edəcək

post-img

Bu tədbirin Türk dünyasının mədəniyyət paytaxtı Şuşada başa çatdırılması da qürurvericidir 

Bəlkə də bu, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, xüsusən, Azərbaycanın 2020-ci ilin payızında regionda yaratdığı yeni reallıqları qəbul etmək istəməyənlərin canfəşanlığı fonunda eşitmək istədiyimiz ən yaxşı xəbərlərdən biridir. 

Kütləvi informasiya vasitələri yazırlar ki, aprelin 7-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Ko­missiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, ADA Universiteti və universitetin İnkişaf və Diplomatiya İnsti­tutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçiriləcək.

Bu xəbəri bizim üçün əhəmiyyətli edən məqamlardan biri də odur ki, Bakıda başlayıb Şuşada başa çatacaq tədbirin iştirakçılarının UNESCO-nun həm 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, həm də öz ərazilərimizi düşmən tapdağından azad edəndən sonra sərgilədiyi xoşagəlməz mövqeyə münasibət bildirməsi mümkün olacaq. Doğrudur, Türk dövlətləri həmin biganəliyə öz münasibət­lərini dəfələrlə bildiriblər. İndi isə söz həmin dövlətlərin UNESCO-dakı təmsilçilərinindir. 

Biz UNESCO-dan nəyi gözləyirik? Sa­dəcə, ermənilərin Azərbaycan ərazilərində törətdiyi barbarlığın miqyasını “görsünlər” və həmin vəhşilikləri öz missiya və funksiyala­rına uyğun şəkildə qiymətləndirsinlər. Etiraf edək ki, əvvəllər UNESCO rəhbərliyi həmin faktları görüb və qınayıb. Ancaq bu quruma Fransa təmsilçisinin rəhbər seçilməsindən sonra UNESCO, sözün həqiqi mənasında, ədalətdən, həqiqətdən və obyektivlikdən uzaq düşüb. Daha doğrusu, Türk dünyasının üzləşdiyi problemlərin heç birini “görmür”, ya da görmək istəmir. 

Bakıda keçiriləcək tədbirin bizim üçün digər əhəmiyyəti isə odur ki, açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Tür­kiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublika­sının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək. Yəni, bundan sonrakı tədbirlərə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bay­ramov sədrlik edəcək. İclasın Şuşada ke­çiriləcək bağlanış mərasimində isə tədbirin yekun bəyanatı qəbul ediləcək.

Azərbaycanın UNESCO-da və TÜRK­SOY-dakı təmsilçilikləri barədə söz açmaz­dan əvvəl bir tarixi çıxışı yada salmaq istər­dim. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun o zamankı xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2019-cu il iyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən UNES­CO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimindəki çıxışında demişdi: “Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq do­ğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında toplamışdı”.

Bəli, Azərbaycan sülhə, dialoqa, qarşılıq­lı hörmət və ehtirama töhfələr vermək üçün həmişə qətiyyətli addımlar atmış və UNES­CO rəhbərliyi gənc müstəqil dövlətimizin həmin iradəsini daim yüksək qiymətləndir­mişdir. Bu arqumentimizin dəqiqliyini sübut etmək üçün həmin beynəlxalq təşkilatın bir sıra mühüm tədbirlərini məhz Bakıda keçir­diyini xatırlatmaq kifayətdir. Bir daha xatır­ladaq ki, UNESCO-nun Azərbaycana qarşı olan xoşməramlı münasibətlərinə Azərbay­canofobiya mərəzindən əziyyət çəkən fran­sız xanım Odri Azule son qoyub. 

Ekspertlərin fikrincə, biz onsuz da xalqı­mıza qarşı Qərbdən gələn ikili standartlara öyrəşmişik. Ancaq onun UNESCO kimi nü­fuzlu beynəlxalq strukturu şəxsi, simpatiya bəslədiyi və ya vətəndaşı olduğu dövlətin maraqlarının qurbanına çevirməsi təəssüfedici hal olmaqla yanaşı, həm də qeyri-peşə­karlığın bariz göstəricisidir.

Qərəz, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il iyunun 3-də UNESCO-ya qəbul edilmiş­dir. 1993-cü ilin ikinci yarısından sonra isə bu əməkdaşlıq rəsmi Bakının UNESCO-nun bütün konvensiyalarına qoşulması ilə nəti­cələnmişdir. Bizi daha çox cəlb edən sənəd “Silahlı münaqişə zamanı mədəni dəyərlə­rin qorunması haqqında” 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Pro­tokol (1993) və İkinci Protokol (2000)” adlı konvensiya idi. Çünki tarixi düşmənlərimizin işğal olunmuş ərazilərimizdə nələri törədə­cəyini yaxşı bilirdik. 

Ölkəmizin bu qurumda təmsilçiliyinə gə­lincə, deyə bilərik ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-nun Ni­zamnaməsinin 7-ci maddəsinə əsasən, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il tarix­li sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmiş və Milli Komissiyanın tərkibi müəy­yənləşdirilmişdir. Dövlət başçımızın 10 mart 2015-ci il tarixli, 11 iyul 2016-cı il tarixli, 29 avqust 2018-ci il tarixli, 12 noyabr 2019-cu il tarixli və 25 fevral 2020-ci il tarixli sərəncam­ları ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir. Hazırda, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Ko­missiyasının sədri Xarici işlər naziri Ceyhun Bayramovdur.

Ölkəmizin TÜRKSOY-dakı fəaliyyəti barədə söz açarkən isə qeyd edək ki, Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY) Azərbay­can Respublikası və Türkiyə Cümhuriyyə­tinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tür­kiyə və Türkmənistan respublikaları mədə­niyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmışdır. İndi bu quruma Azərbaycan, Qaqauziya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Tatarıstan, Türkiyə, Türkmə­nistan və Özbəkistan respublikaları daxildir. 

Adı çəkilən tədbirin yekunlaşacağı Şuşa şəhərinə gəlincə isə qeyd edək ki, TÜRK­SOY Daimi Şurasının 2022-ci il martın 31-də Bursada keçirilən növbədənkənar iclasında Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Tədbir­də Şuşanın qədim tarixi, zəngin mədəniy­yəti, xalqımız üçün əhəmiyyəti və işğaldan azad edildikdən sonra həyata keçirilən la­yihələr barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Bəli, bu gün Bakıda xalqımız, dövlətimiz və ümumilikdə, Türk dünyası üçün xüsusi önəm kəsb edən beynəlxalq tədbir öz işinə başlayır. Məmnunuq ki, ölkəmizin siyasi pay­taxtında başlanan bu tədbir Türk dünyasının mədəniyyət paytaxtında davam etdiriləcək və müvafiq sənədin imzalanması ilə başa çatdırılacaq. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

ittifaq.jpg

Siyasət