Böyük uğurlar müdrik rəhbərlik sayəsində qazanılır

post-img

“Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda belə müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”. 

Prezident İlham Əliyevin tacikistanlı həmkarı Emoməli Rəhmonla birgə keçirdiyi mətbuat konfransındakı çıxışından.

Ötən əsrin 90-cı illərindən başlayan, qarşılıqlı inam və etimada söykənən Azərbaycan-Tacikistan əlaqələri bu gün yüksələn xətlə inkişaf etməkdədir. 

Son illər rəsmi Bakının Mərkəzi Asiya respublikaları ilə münasibətlərin­də hissolunacaq canlanma, dinamizm müşahidə edilir. Bu, heç də təsadüfi deyil. Çünki çağdaş dünyada cərəyan edən proseslər müxtəlif amillərə görə bir-birinə yaxın ölkələrdən birgə əmək­daşlıq, ortaq layihələr reallaşdırmaq və səyləri birləşdirmək zərurətini ortaya çıxarıb. Azərbaycanın xarici siyasətin­də bu amillərin prioritetə çevrildiyinin hamımız şahidiyik. 

Prezident İlham Əliyevin son bir neçə ildə Mərkəzi Asiya respublikala­rına ardıcıl səfərləri, eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri bu əlaqələrin daha da geniş­lənməsi, dərinləşməsi və strateji xa­rakter alması baxımından böyük əhə­miyyət kəsb edir. Cənab Prezidentin Tacikistana dövlət səfərinə də məhz bu prizmadan yanaşmaq doğru olardı. Tacikistan Prezidenti Emoməli Rəhmo­nun dəvəti əsasında həyata keçirilən səfər iki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin qurulması­nın 31-ci ildönümünə təsadüf edib.

İki ölkə arasında qarşılıqlı etimada, uzunmüddətli qardaşlıq münasibətlərinə söykənən əməkdaşlığın indiki səviyyəyə çatması ötən əsrin 90-cı illərinin əvvə­lində respublikaların rəhbərlərinin apar­dığı gərgin işin, yürütdükləri müdrik və məqsədyönlü siyasətin sayəsində müm­kün olub. Bu tarixi faktı Prezident İlham Əliyev Düşənbəyə səfərində tacik həm­karı Emoməli Rəhmonla keçirdiyi birgə mətbuat konfransında xüsusi olaraq vur­ğulayıb: 

“O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üz­ləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əli­yev, – hərəsi öz ölkəsində, - qanlı sə­hifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkün­dürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın, təhlükə­sizliyin əsasıdır. Əgər sabitlik olmasa, nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.

Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Preziden­tinə təşəkkürümü bildirən İlham Əliyev atasının Emoməli Şərifoviç Rəhmonla birlikdə iki ölkə arasında münasibətlərin formalaşmasının təşəbbüskarı olduğu­nu, mahiyyət etibarilə bu münasibətlərin təməlini qoyduqunu bildirib. 

Tacikistan Prezidenti Emoməli Rəh­monun öz çıxışında İlham Əliyevin yaxın keçmişlə bağlı xatırlatmasına münasibəti maraqlı və ibrətamiz olub:

“Dostluğumuzun və əməkdaşlı­ğımızın əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, bö­yük yoldaşım Heydər Əliyev tərəfin­dən qoyulub və buna sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait ya­radır. Gələn ay Heydər Əliyevin 100 il­liyini Tacikistanda da qeyd edəcəyik”.

Cənab Prezident qarşılıqlı səfərlərin gələcəkdə daha intensiv olacağına ümid etdiyini bildirərək, iki dövlətin və xalqın əl-ələ verərək işləyəcəyinə, dostluq edə­cəyinə və gələcəyi bərabər quracağınə əminliyini ifadə edib. 

Səfərin yukunu olaraq iki ölkənin Xa­rici İşlər Nazirliklərinin arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı, Daxili İşlər Nazirlikləri, Gömrük Xidmətlə­rinin arasında əməkdaşlıq haqqında Sa­ziş, Hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilmə­sinə dair Yol Xəritəsi, eləcə də orta biz­nesin inkişafı, turizm, bankçılıq və digər sahələrə aid cəmi 14 müqavilə imzalanıb. 

Əməkdaşlığın mübadilə aspektləri

* 2010-2022-ci illərdə Tacikistan Si­lahlı Qüvvələrinin 39 kursantı Heydər Əli­yev adına Azərbaycan Ali Hərbi Məktəbi­ni bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.

* Dövlət Sərhəd Xidməti Akademi­yasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çata­caq.

* 2022-ci ildə Azərbaycanın Tacikis­tan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yan­var-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib.

* Ötən il Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Taci­kistana isə 1,5 milyon dollar investisiya qoyulub.

* 2022-ci ildə SOCAR tərəfindən Ta­cikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.

* 2023-cü il mayın 1-dən “Azərbay­can Hava Yolları” QSC tərəfindən Ba­kı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların hə­yata keçirilməsi planlaşdırılır.

* * * 

Bütün bunlar onu deməyə əsas verir ki, iki dost və qardaş respublika arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafı uğurlu perspektiv vəd edir və bu hədəfə çatmaqdan ötrü həm Azərbaycan, həm də Tacikistan böyük potensiala malikdir.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət