Bir qayda olaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi kimi qələmə verilən nüfuzlu “Stratfor” analitik şirkəti Qarabağda və Azərbaycan-Ermənistan sərhədində yeni hərbi eskalasiya risklərini təhlil edib. Bununla bağlı material “haqqin.az” saytında yayımlanıb.
“Stratfor”un təhlilində, konkret olaraq, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının dalana dirəndiyi, Qarabağda yeni hərbi qarşıdurma ehtimalının artdığı vurğulanıb. Şirkətin ekspertləri hesab edirlər ki, Azərbaycan irimiqyaslı əməliyyatlara başlasa belə, İranın münaqişədə birbaşa iştirakı “ağılsızlıqdır”.
Xatırladaq ki, Azərbaycan Ordusu martın 25-də Qarabağın Xankəndi-Xəlfəli-Turşsu yolunu nəzarətə götürüb, martın isə 29-na keçən gecə isə Ermənistanla sərhədin Tex kəndi istiqamətində yeni mövqelər ələ keçirib. “Stratfor” bu əməliyyatları “gərginlik spiralı” kimi xarakterizə edib və onları Bakının, faktiki olaraq, dondurulmuş danışıqlar prosesinə cavabı sayıb. Qurumun analitiklərinin fikrincə, danışıqların olmaması şəraitində Azərbaycan güc tətbiqi də daxil olmaqla, öz təsirini daha da nümayiş etdirəcək və bu, diplomatik tərəqqiyə təkan verəcəkdir.
Maraqlı məqamlardan biri də ondadır ki, “Stratfor”un analitikləri Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratmaq niyyətini, Azərbaycanın mövqeyində irəliləyiş kimi qiymətləndiriblər. Onların sözlərinə görə, hazırda regional tranzit dəhlizlərinin açılması və sərhədlərin demarkasiyası əsasən texniki detallardan asılıdır. Keçmiş Dağlıq Qarabağ regionunun gələcəyi ilə bağlı fikir ayrılıqları isə yekun sülh sazişinin imzalanmasına əsas maneədir.
“Danışıqlar dalana dirəndiyi halda, Azərbaycan, çox güman ki, Qarabağda taktiki cəhətdən əlverişli əraziləri azad etmək üçün kiçikmiqyaslı cəhdlərə və ya Ermənistan–Azərbaycan sərhədi boyunca oxşar taktikalara əl atacaq” – fikrini gündəmə gətirən amerikalı təhlilçilər onu da vurğulayırlar ki, 2020-ci ilin noyabrında atəşkəs sazişinin (Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı – red.) imzalanmasından sonra Bakı bu strategiyadan dəfələrlə yararlanıb, diplomatik irəliləyiş əldə edib və eyni zamanda, təsir rıçaqlarını artırıb.
“Stratfor” analitiklərinin fikrincə, Azərbaycanın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və ya Zəngəzurdakı əraziləri ələ keçirmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağı ehtimalı azdır. Onların bildirdiklərinə görə, Bakı daha az xərc tələb edən üsullarla məqsədlərinə çatmağa doğru gedir.
Amerikalı təhlilçilər, həmçinin, bildirirlər ki, Azərbaycan qüvvələri nə vaxt irəli getsə, taktiki mövqelərini təkmilləşdirirlər. Hətta, həqiqi təmas xəttinin yerdəyişmələri cəmi bir neçə metr olsa belə, bu işlər aparılır. Genişmiqyaslı hərbi əməliyyat təhlükəsini artıran belə manevrlər Azərbaycan hökumətinin danışıqlar rıçaqlarını daha əhəmiyyətli edir. Böyük ərazilərin tutulması ilə müqayisədə bu strategiya Bakıya öz təsir gücünü artırmağa imkan verir.
Azərbaycan özünün xeyrinə olacaq sülh sazişini lüzumsuz şəkildə təhlükəyə atmaqda maraqlı deyil. Davamlı normallaşma prosesləri vasitəsilə digər ölkələrlə, o cümlədən, Rusiya, ABŞ, Avropa İttifaqı və hətta Türkiyə ilə münasibətləri dəyişmək cəhdlərinə baxmayaraq, Ermənistanın, Azərbaycanın təsirini ciddi şəkildə sarsıda biləcək, hər hansı xarici tərəfdaşlığı təmin edə bilmə ehtimalı çox azdır.
Bu fikirləri diqqətə çatdıran “Stratfor” ekspertləri, İranın bölgədəki rolunu da təhlil ediblər. Mövcud xüsusda qeyd olunub ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır, çünki onun nöqteyi-nəzərindən həmin dəhliz Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsinə gətirib çıxara və bununla da İranın Qara dənizə çıxışını əngəlləyə bilər. Nəticə etibarilə Tehran Azərbaycana qarşı təhdidlərini, habelə, Ermənistanla diplomatik əlaqələrini gücləndirir.
“Stratfor”un təhlilində o da bildirilir ki, İran onun üçün xırda təzyiq üsullarından yararlanaraq, qarşıdakı müddətdə Bakını hədələməkdə davam edəcək. Ancaq əgər Azərbaycan, həqiqətən, Zəngəzuru nəzarətə götürmək istəsə, o zaman Tehranın regional münaqişədə birbaşa iştirak ehtimalı son dərəcə aşağıdır. Bunun baş verməsi İran üçün təhlükə yaradacaq, Türkiyə ilə müharibə riski formalaşdıracaqdır.
R.ƏVƏZ, “Xalq qəzeti”


