Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasının qeyri-mümkünlüyü barədə ekokönüllülərin tələbi düşmən ölkəni getdikcə çıxılmaz vəziyyətə salır. Vaxtilə işğal etdiyi ərazilərimizdə bütün vasitələrlə terror törətməyə nail olan “şər qüvvə”nin amansızlıqla həyata keçirdiyi dağıdıcılıq missiyası sona çatmaqdadır.
Torpaqlarımızda zaman-zaman vəhşilik törədən, kənd və şəhərlərimizin külünü göyə sovuran, meşələrimizi dağıdan ermənilər vandalizm hərəkətlərinə bəraət qazandırmaqda çətinlik çəkirlər. Ölkəmizin ekologiya könüllülərinin mütəşəkkil aksiyası da Qarabağın yeraltı sərvətlərinin amansızcasına talan edilməsinə dünyanın diqqətini cəlb etməklə, onların bütün yalanlarını alt-üst edir.
Üç aydan artıq davam edən aksiyanın ilk günlərində Ermənistan mətbuatı etirazçıların Laçın-Xankəndi yolunu bağlamaları barədə dezinformasiya yaymağa cəhd etsə də, növbəti uğursuzluqla üzləşib. Elə ekoaksiyanın dünən keçirilən 116-cı günündə də humanitar məqsədlər üçün yolun açıq olması, eyni zamanda Rusiya sülhməramlılarına məxsus avtomobillərin aksiya ərazisindən maneəsiz keçidinin təmin olunması ilə bağlı həqiqətlər dünya gündəmini zəbt edib.
Aksiya iştirakçısı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Xalq qəzeti” ilə fikirlərini bölüşərkən düşmənimizin çox amansız, məkrli və hiyləgər olduğunu, bunu döyüş meydanında da, dinc insanlara, təbiətə münasibətdə də sübut etdiklərini bildirdi. Qeyd etdi ki, aksiya erməni tərəfinin ötən illər ərzində işğal olunmuş ərazilərimizdə ekoloji terror həyata keçirməsini dünya diqqət mərkəzində saxlayır. Düşmən işğal bölgəsində qiymətli filiz yataqlarını qanunsuz və qaydalara uyğun olmayan tərzdə istismar edib, nadir ağaclar bitən meşə sahələrini məhv edib, çayları, gölləri zəhərləyib. Ermənilər qanunsuz olaraq Kəlbəcər rayonu ərazisində yerləşən Zod, keçmiş Ağdərə rayonu ərazisindəki “Qızılbulaq”, “Dəmirli” və Zəngilan rayonundakı “Vejnəli” qızıl yataqlarını standartlardan kənar şəkildə, ətraf mühitə ziyan vurmaqla istismar edirdilər. Həmin yataqlar hər il ermənilərə on milyonlarla dollar qanunsuz qazanc gətirirdi. Azərbaycan tərəfi dəfələrlə sülhməramlılara xəbərdarlıq edərək qızıl yataqlarının qanunsuz istismarına son qoyulmasını, ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb etmişdilər. 2022-ci il dekabrın 12-də bir qrup ekologiya yönümlü QHT rəhbərinin təşəbbüsü ilə Şuşanın girəcəyində Xankəndi-Laçın yolunda etiraz aksiyası başlandı.
Aksiyada mən də iştirak edirdim. Vətəndaş cəmiyyəti fəallarının məqsədi heç də gediş-gəlişə mane olmaq, yolu bağlamaq deyildi. Biz sülhməramlıların rəhbəri general Volkovla görüşmək, tələblərimizi ona çatdırmaq istəyirdik. Aksiyada “Ekoloji cinayətə son!”, “Qızıl yataqlarının qanunsuz istismarı dayandırılsın!”, “Ərazidə ekoloqların monitorinqinə şərait yaradılsın!” tələbləri səsləndirilirdi. Yeri gəlmişkən, düşmən tərəfindən, guya, azərbaycanlı fəalların yolu bağlaması, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin blokadaya alınması ilə bağlı yaydıqları informasiyaların heç bir əsası yoxdur. 116 gündür ki, aksiya davam edir. Lakin bu günə qədər erməni vətəndaşlarımızın blokadaya alınması ilə bağlı hər hansı fakt qeydə alınmayıb. Xankəndi ilə Ermənistan arasında Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Hər gün oradan onlarca yük və minik avtomobili keçir.
Dövlət başçısı İlham Əliyev də çıxışlarının birində vurğuladı ki, yol aksiyanın ilk günündən humanitar məqsədlər üçün açıqdır. Biz Qarabağ iqtisadi rayonunda yaşayan erməni vətəndaşlarımza problem yaratmaq istəmirik. Xankəndi Azərbaycan ərazisidir, orada yaşayanlar da bizim vətəndaşlarımızdır. Biz istəyirik ki, Xankəndi-Laçın yolu ilə Qarabağa silah-sursat, mina daşınmasın. Onsuz da son 27 ildə işğaldan azad olunmuş ərazilərimiz mina ilə çirkləndirilib. Ərazilərimizdə təxmini rəqəmlərə görə, 1 milyondan çox mina basdırılıb. Minaların təmizlənməsi illərimizi alacaq. Azərbaycan tərəfi istəyir ki, erməni əhalisi cəmiyyətə inteqrasiya olunsun.
Elman Cəfərli onu da bildirdi ki, son vaxtlar Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyasının həyata keçirilməsi istiqamətində müxtəlif addımlar atıb. Ümid edirik ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər, nəhayət reallığı dərk edəcək, revanşist qüvvələrin fitnəsinə uymayıb Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini sürətləndirəcəklər. Xalqımızla yanaşı, sülh, sabitlik içərisində və təhlükəsiz şəraitdə yaşamaq istəyən erməni vətəndaşlarımıza da silahsız, minasız, ekoloji cəhətdən təmiz Qarabağ – təmiz dünya lazımdır.
Leyla QURBANOVA, “Xalq qəzeti”


