Haylar 44 günlük Vətən müharibəsi dövründə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), guya, onlara dəstək vermədiyini hələ də “həzm edə” və öz aləmlərində onu bağışlaya bilmirlər. Ona görə guya yazırıq ki, hayların iddiasının əksinə olaraq, KTMT Ermənistana hər zaman hərbi-siyasi dəstək verib. Ancaq sıralarında Ermənistandan savayı postsovet məkanının 5 dövlətinin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) birləşdiyi təşkilatın rəsmi İrəvana dəstəyi qurumun nizamnaməsi əsasında olub. Nizamnamənin yurisdiksiyasına Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri daxildir. Ermənistan isə özünü ərköyün uşaq kimi aparır və KTMT-ni istər Azərbaycanla müharibə dövründə, istərsə də ondan sonra nizamnamədən kənar hərəkətlərə sövq etmək istəyib.
Müharibədən sonrakı dövrdə Ermənistanla Azərbaycan arasında üç ciddi insident olub. 2021-ci ilin mayında iki ölkənin şərti sərhədində – Zəngəzur bölgəsində, Qaragöl ətrafında gərginlik yaşanıb. Ölkəmizin torpaqları 30 il işğal altında qaldıqdan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsi Ermənistanda “Azərbaycan hərbçilərinin sərhədi pozub 3,5 km ölkənin içərisinə doğru hərəkət etməsi” kimi qəbul olunub. Həmin ilin noyabrın 15-16-da 44 günlük müharibədən sonra ilk dəfə şərti sərhədin Kəlbəcər istiqamətində qanlı döyüşlər baş verib. Nəhayət, 2022-ci ilin sentyabrın 12-14-də gecə saatlarında Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətməsi ilə postmüharibə dövrünün ən ciddi hərbi toqquşması yaşanıb. Bu hadisələrin hər biri baş verən günlərdə və ondan sonrakı dövrdə Ermənistan ən yüksək səviyyədə KTMT-yə müraciət edərək təşkilatı qəti tədbirlər görməyə çağırıb. KTMT isə öz nizamnaməsi çərçivəsində hərəkət edib, təmkinli davranıb və İrəvanın avantürasına getməyib.
Onu da qeyd edək ki, həm 2021-ci ilin noyabr, həm də 2022-ci ilin sentyabr döyüşləri Ermənistanın KTMT-yə rotasiya qaydasında sədrlik etdiyi dövrdə baş verib. Təşkilatdan umduğu dəstəyi ala bilməyəndən sonra Ermənistanla KTMT arasında münasibətlərdə ciddi soyuqluq yaranıb. İş o yerə gəlib çatıb ki, Ermənistanın baş naziri KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü ilin noyabrın 23-də İrəvanda keçirilən sammitinin bəyannaməsini imzalamaqdan imtina edib. Sammit Ermənistan üçün tam fiasko ilə nəticələnib. KTMT üzvləri toplantıda aydın şəkildə öz mövqelərində qaldıqlarını və bu mövqedən geri çəkilməyəcəklərini bildiriblər.
Bundan sonra “nicatı” Qərbdə axtaran rəsmi İrəvan sonda Avropa İttifaqının mülki missiyasının şərti sərhədin Ermənistan tərəfinə yerləşdirilməsinə nail olub. 2022-ci ilin oktyabrın 20-də iki ay müddətinə yerləşdirilən missiyanın müddəti sonradan uzadılıb. Bu ilin fevralın 20-də Aİ Ermənistanda səlahiyyət müddəti iki il olan mülki missiyasının fəaliyyətə başladığını elan edib.
***
KTMT rəsmi İrəvanın avantürasına getməsə də, iki stulda eyni vaxtda oturmağa adətkərdə olan hayların xəyanətkar xislətinə bələd olan Moskva Aİ missiyasının gəlişindən sonra hərəkətə keçib. KTMT-nin nüvəsində dayanan ölkənin – Rusiyanın yüksək vəzifəli şəxsləri İrəvanı öz orbitlərindən kənara çıxmağa qoymaqda maraqlı olmadıqlarını nümayiş etdiriblər. Onların Ermənistana KTMT missiyasının göndərilməsinə hazır olmaqla bağlı açıqlamaları son günlər daha da intensivləşib. Sonuncu dəfə məsələyə aprelin 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib. O, keçirdiyi brifinq zamanı deyib ki, KTMT missiyasının regiona göndərilməsi Ermənistandan asılıdır. Xanım Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın KTMT missiyasını qəbul etməkdə marağının olmasından məmnunudur: “İnanırıq ki, bu addım regiondakı vəziyyətin sabitləşməsinə yardım edəcək. Həm Rusiya, həm də digər müttəfiqlər KTMT missiyasını göndərməyə hazırdırlar. Belə qərarlar KTMT çərçivəsində razılaşdırılır və təsdiq olunur. O ki qaldı, KTMT missiyasının regiona göndərilməsinin vaxtına, mənə elə gəlir, burada hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olan kimi, biz KTMT-nin müşahidə missiyasının hansı konkret modallıqda olacağı ilə bağlı predmetli işə qayıda bilərik. Ona görə də, top İrəvanın tərəfindədir”.
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan isə martın 20-də rusiyalı həmkarı ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur və layihə üzərində iş davam edir: “Bizim təəssüratımıza görə, KTMT, sanki özü-özünün məsuliyyət zonasını aydın tanımırdı. Burada bizim üçün əsas olan bu idi. Amma bir daha deyirəm, qərar layihəsi masa üzərindədir, iş davam edir”.
KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov da qurumun şərti sərhədə missiya göndərməyə hazır olduğunu bildirib: “Qafqaz kollektiv təhlükəsizlik regionuna gəlincə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə və digər yardımlar göstərməyə daim hazırdır”.
Öz növbəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, Qarabağda və şərti sərhəddə vəziyyət gərgin olaraq qalır və KTMT ölkələrində sabitliyin pozulması riskləri yaradır. Tasmaqambetov katibliyin və KTMT-nin birgə qərargahının rəhbər heyətinin genişləndirilmiş iclasında deyib: “Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir”. O əlavə edib ki, KTMT mövcud və yaranan çağırışlara, təhdidlərə qarşı mübarizə mexanizminin təkmilləşdirilməsi üzərində daim çalışır.
***
KTMT-nin missiyasının bölgəyə gəlib-gəlməyəcəyini, onun fəaliyyətinin nə dərəcədə uğurlu olub-olmayacağını, sözsüz ki, zaman göstərəcək. Ancaq Aİ missiyasının Ermənistanda mövcud olduğu bir dövrdə KTMT qüvvələrinin gəlişi heç də uğurlu kombinasiya sayıla bilməz. İstər Aİ, istər KTMT, istərsə də hansısa digər hərbi-siyasi missiya Azərbaycanın regionda yaratdığı yeni reallıqları dəyişmək gücünə malik deyi. Bunu Brüsseldə, Moskvada və İrəvanda da aydın başa düşürlər.
Şair Ramaldanov,
ehtiyatda olan polkovnik:
– KTMT-nin şərti sərhəddə yerləşməsinin Azərbaycana heç bir təsiri ola bilməz. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bu missiyanın gəlişi baş tutsa, o, delimitasiya və demarkasiya işlərində iştirak edə bilər. Orada Aİ-nin missiyası var. Bu missiya həm KTMT-ni, həm də Rusiyanı qıcıqlandırır. Ermənistan öz ərazisində kimi yerləşdirir-yerləşdirsin, bizim buna müdaxilə etmək fikrimiz yoxdur.
Digər tərəfdən, KTMT-nin Ermənistan istisna olmaqla, bütün üzvləri Azərbaycanla çox yaxşı münasibətdədirlər. Cənab İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycanın istər Rusiya, istər Belarus, istərsə də digər KTMT üzvləri ilə münasibətləri yüksək səviyyədədir. KTMT missiyasının gəlişi ilə də Azərbaycanın maraqlarına zidd hansısa addım atılacağını düşünmürəm. Biz Rusiyanın da, Belarusun da, Orta Asiya ölkələrinin də bu məsələdə mövqeyini bilirik. Mən düşünürəm ki, Aİ-nin missiyasındansa, orada KTMT missiyası daha faydalı ola bilər. Çünki Aİ missiyası Fransa tərəfindən təşkil edilmiş missiyadır. Təsadüfi deyildir ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar da erməni yönümlüdür.
Səxavət HƏMİD, “Xalq qəzeti”


