F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Özbəkistana kitab kolleksiyası hədiyyə edilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına uşaq ədəbiyyatından ibarət zəngin kitab kolleksiyasını hədiyyə edib.

Kitabların təqdimatı ilə bağlı keçirilən tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Özbəkistan Milli Kitabxanasının direktorunun müavini Nəsibə Xaldarova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, təqdim olunan nəşrlər Azərbaycan uşaq ədəbiyyatının müxtəlif nümunələrini əhatə etməklə yanaşı, gənc oxucuların dünyagörüşünün genişlənməsinə və mütaliə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.

Bildirilib ki, kitab kolleksiyasının Özbəkistan Milli Kitabxanasına təqdim olunması iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığın daha da genişlənməsinə xidmət edir və Azərbaycan ədəbiyyatının Özbəkistanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, kitab mübadiləsinin davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 







Mədəniyyət