Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

post-img

Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisi İtaliyanın Bolonya şəhərində öz işinə başlayıb. Dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən biri hesab olunan bu beynəlxalq tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz milli stendlə təmsil olunur.

XQ xəbər verir ki, sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edir. Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları – “Libra Kitab”, “Qələm”, “3 alma”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Aspoliqraf”, “Altun Kitab”, “Qanun”, “Ting”, “Səbat” və “Radius” tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirir. Bu görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Eyni zamanda, nümayəndə heyəti Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə görüş keçirərək uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

16 aprel tarixinədək davam edəcək sərgi müddətində Azərbaycan müəlliflərinin kitab təqdimatları, eləcə də yerli nəşriyyatların beynəlxalq tərəfdaşlarla görüşləri davam etdiriləcək.







Mədəniyyət