Musa Ələkbərli həyatın gözünə dik baxan şair idi
Qələm dostumuz, gözəl şeirləri ilə uzun illər geniş oxucu dairəsinin rəğbətini qazanmış Musa Ələkbərlinin qəfil ölüm xəbəri hər birimizi sarsıtdı. Belə hüznlü ovqatla özü bir vaxt ölümün gözünə dik və nikbinliklə baxmışdı:
Axı nə fərqi var, kimdir, nəçidir,
İnsan bu dünyada kirayəçidir.
Hər ömrün sonu var, ölüm də haqdı,
Can ilə ödənir kirayə haqqı...
Gədəbəy rayonunun Ataxal kəndində dünyaya göz açan Musa şair kimi mayasını bulaqların gümültüsündən, sazın-sözün hənirindən götürmüşdü deyə, ömrünün müdrik çağında belə ilhamı sovulmadı, sənət eşqi soyumadı. Onun istedadı, poetik ruhu, çalışqanlığı gənclik illərindən dəyərləndirilib. Ötən əsrin 60-cı illərində Bakı Dövlət Universiteti filologiya fakültəsinin 2-ci kursunda oxuduğu vaxt ustadı saydığı Hüseyn Arifin “Uğurlu yol”u ilə ilk şeirləri işıq üzü görüb. Sevimli müəllimi Bəxtiyar Vahabzadənin xahişi ilə “azad təyinat” alıb və İlyas Tapdığın köməkliyi ilə “Gənclik” nəşriyyatında işə düzəlib.
1977-ci ildə çıxan ilk kitabını “Məndən şeir istə” adlandırıb. Görkəmli yazıçı-ədəbiyyatşünas Qulu Xəlilov isə “Ədəbiyyat və incəsənət” qəzetində ona açıq məktub yazaraq, xeyir-duasını əsirgəməyib. Həyatını poetik sözün sirrinə-sehrinə bağlamış şair yarım əsrdən çox şəhərdə yaşasa da, köksündə kənd uşağının saf ürəyini gəzdirib, dünyaya nəcib qəlbinin gözü ilə baxıb təqlid etmədən, öz cığırını tutub gedən şair idi. Saf vətənpərvərlik duyğuları şairin yaradıcılığının ana xəttini təşkil edib. Şeirləri pafosdan uzaq, təbii sevgi duyğularının çələngi olub:
Sevginə köklənib ürəyim, canım,
Nə qədər ömrüm var, eşqinlə yanım.
Sənə qurban olum, Azərbaycanım,
Məni gözlərindən uzağa qoyma!
Onun “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Sevgi bulağı”, “Aydanım Ay işığı”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”, “Gəlir türkün səadəti”, “Ürəyimin qapısından keçənlər”, “Gözümdə ağlayan bulud” və s. kitabları təpədən-dırnağa şair olan qələm sahibinin poetik tərcümeyi-halı kimi diqqət çəkib. Zaman-zaman Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Nizami Cəfərov, Vaqif Yusifli onun poeziyasını yüksək qiymətləndiriblər.
Musa Ələkbərli nəşriyyat redaktorluğunda illərcə çalışıb. İstedad və qabiliyyətini şəxsi yaradıcılığı ilə bərabər, gənc müəlliflərin əsərlərini seçib-sonlayıb kitab halına salmağa, danışan dili olduğu xalqı üçün ictimai xarakterli publisistik yazılar qələmə almağa sərf edib. Son dövrlərdə “şövq”, “coşğu” anlamına gələn “Şur” adlı nəşriyyatın direktoru kimi yorulmaz fəaliyyət göstərib.
Şairin sevgi şeirləri dillər əzbəri idi. Bu mövzuda çox və gözü-könlü tox” yazırdı. Həmin şeirləri oxuyan bütün sevənlər özlərini onun “qəhrəman”ı sanırdılar:
Ürəyimdə bir həsrətin göynəyi,
Gecə-gündüz göyüm-göyüm göynəyir.
Biləmmədim heç yer nədir, göy nədir,
Həyat bildim mən bu dərdi, ələmi,
Məhəbbətdən çox yazıram, eləmi?!
İnişil XQ-nin səhifələrində Musa Ələkbərlinin publisist Rauf Vəliyevin birlikdə ərsəyə gətirdiyi “Arazı adlayan məktublar” adlı kitab barədə yazmışdıq. Görkəmli ədibimiz Mir Cəlal Paşayevin böyük qardaşı, Cənubi Azərbaycanda S.C.Pişəvəri hərəkatının öncüllərindən biri olan Mir Xəlil Mirəliəşrəf oğlu Xəliliyə həsr edilmiş o kitab əsasən xatirə üslubunda yazılsa da, əhatə dairəsi və fakt zənginliyi ilə diqqət çəkir. Şairin kitabda yer alan “Ayrılığın sonu yoxmuş” lirik poeması “Arazı adlayan məktublar”a poetik ovqat gətirir.
Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı və sayca 16-cı kitabında son 20 ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi, eləcə də Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması çap olunub. Sanballı kitab 776 səhifədən ibarətdir. Bütün səhifələrindən vətəndaşlıq yanğısı, yurd sevgisi, insan mənəviyyatı “aşıb-daşır”.
Həmin toplunun bir nüsxəsini gətirib redaksiyamızın qarşısında mənə hədiyyə etdiyi gün son görüşümüz oldu. O, mən, bir də şeir-sənət xiridarı olan həmkarım İlqar Həsənov çay süfrəsi arxasında xeyli söhbət etdik. Musa müəllim gələcək arzularından da danışdı, amma onun istəklərinin yarıda qalacağı, tezliklə bizləri tərk edəcəyi ağlımıza da gəlmədi.
Son illərdə tələbə yoldaşımız – yazıçı-publisist Nurəddin Ədiloğlu şairlə daha çox təmasda olurdu. Adətən, Musa müəllimlə paytaxtın “Gənclik” adlanan parkında elə gənclik həvəsi ilə “səhər yürüşü” edirdilər. Nurəddin indi acı-acı xatırlayır ki, şairin azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə etdiyi söhbətlərdən doymurdum. Gənclik xatirələri, şeir-sənətlə bağlı fikirləri dəyərli idi. Musa Ələkbərli, necə deyərlər, elin kisəsindən gedənlərdən oldu…
İnnən belə günlərini say, Musa,
Sirlərini şeirə çevir, yay, Musa.
İndi sənnən gözəllər yox, ay Musa,
Mələklərin maraqlanan vaxtıdır.
Sanki, mələklərin onu qanadlarına alıb aparacağını gözləyirdi. Amma burası da var ki, şair əsərlərinin birində Əzrayıla da “xəbərdarlıq” edib:
Açılsın gözümdə göylərin qatı,
Uçmaq eşqim varsa, ölməyəcəyəm.
Əzrayıl da bilsin: mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!
Ömrünü elə gözəl şeir kimi bitirən Musa Ələkbərli Gədəbəydəki Ataxal bulağının mirvari sularındakı gülümsər əksi ilə, ona aid həzin xatirələrlə yadda qalacaq.
Əli NƏCƏFXANLI
XQ

