Tanınmış riyaziyyatçı, nüfuzlu pedaqoq

post-img

Asəf İsgəndərov – 85

İnsan ömrü yaşadığı illərlə deyil, Vətən və xalq qarşısında etdiyi xidmətlər, dəyərli işlər, xeyirxah əməllərlə ölçülür. Ömür cəmiyyətə, insanlığa faydalı olduqda daha qiymətlidir. Haqqında söhbət açdığımız elm və təhsil fədaisi, dünyaşöhrətli riyaziyyatçı Asəf İsgəndərov yola saldığı 85 ilin zirvəsindən baxanda ayların, illərin unudulmaz xatirələri, üzləşdiyi çətinliklər, qazandığı uğurlar kino lenti kimi gözünün önündən keçir.

Asəf müəllim Lerik rayonunun Cəngəmiran kəndində dünyaya göz açıb. Kənd məktəbini qızıl medal, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə təhsil aldığı universitetin “riyazi və nəzəri fizika” ixtisası üzrə aspirantura şöbəsinə daxil olub. Aspirant hazırlığını M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçib.

26 yaşında “İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri” mövzusunda namizədlik, 37 yaşında isə Moskva Dövlət Universitetində “Parabolik və elliptik tənliklər üçün tərs məsələlər” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edən Asəf İsgəndərov keçmiş ittifaqda perspektivli alim kimi tanınıb.

1967-ci ildə Azərbaycan Dövlət Universitetində, sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 1973-cü ilin dekabrında Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirərək Optimallaşdırma və idarəetmə kafedrasının müdiri seçilib.

Professor Asəf İsgəndərov riyazi fizika, hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində bir sıra tədqiqatların müəllifi, korrekt qoyulmamış və identifikasiya məsələlərinin nəzəriyyəsini və həll üsullarını inkişaf etdirmiş görkəmli riyaziyyatçıdır.

Parlaq istedada malik alim riyaziyyat sahəsində praktik əhəmiyyəti olan çox mühüm elmi nəticələr almışdır. Riyazi fizikanın xətti və kvazi-xətti tənlikləri və onların diskret analoqları üçün tərs məsələlərin yeni sinfini, bu məsələlərin korrektlik nəzəriyyəsini, tədqiq etmiş, onların həll üsullarını göstərmiş və əsaslandırmışdır. İlk dəfə olaraq diferensial tənliyin həllindən asılı əmsalın tapılmasına dair tərs məsələyə baxmış, bu məsələnin elmi-praktik əhəmiyyətini göstərmiş, korrektlik hüdudlarını müəyyənləşdirərək effektiv həll üçün xüsusi requlyarlaşdırma üsulunu əsaslandırmışdır. İlk dəfə olaraq xüsusi törəməli yüklənmiş diferensial tənlik adlanan yeni sinif diferensial tənlikləri onların əsas tipləri üçün sərhəd məsələlərinin keyfiyyət nəzəriyyəsini və həll üsullarını işləmişdir.

Professor Asəf İsgəndərovun elmi fəaliyyəti əsasən tətbiqi riyaziyyat və riyazi fizika sahələrini əhatə edir. Xüsusi törəməli diferensial tənliklərin fiziki proseslərin modelləşdirilməsinə tətbiqi, riyazi fizika tənlikləri üçün tərs və qeyri-korrekt qoyulmuş məsələlərin analizi, təbiət elmləri, iqtisadiyyat və texniki sahələrdə proseslərin riyazi dillə təsviri istiqamətində sanballı tədqiqatların, dəyərli elmi nəticələrin müəllifi kimi tanınır.

Riyazi ədəbiyyatlarda alimin məqalələrinə 2 minə yaxın istinad edilib. Aldığı elmi nəticələr dünyanın müxtəlif ölkələrində nəşr olunmuş onlarla monoqrafiyalara, namizədlik və doktorluq dissertasiyalarında, yüzlərlə elmi məqalələrdə daxil edilib, istifadə olunub.

Dünyada tanınan məşhur riyaziyyatçılardan M.M.Lavrentyev, V.Q.Romanov, Y.E.Anikonov, A.L.Buxqeym, O.M.Alifanov, E.A.Artyuxin, S.V.Rumyantsev, V.B.Qlasko, A.M.Denisov, K.Q.Reznitskaya və digər alimlərin monoqrafiyalarında və C.R.Cannonun kitabında A.İsgəndərovun tərs məsələlər nəzəriyyəsinə dair elmi nəticələrinə xüsusi yer verilib. Onun elmi yaradıcılığını riyaziyyat elminin korifeyləri sayılan akademiklərdən A.H.Tixonov, A.A.Samarskiy, V.A.Sadovniçiy, V.K.İvanov, B.N.Straxov, V.G.Romanov, K.H.Hoffmann, R.Gorenflo yüksək qiymətləndiriblər.

Zəhmətkeş alim, bacarıqlı təhsil təşkilatçısı A.İsgəndərov 2005-ci ildə Lənkəran Dövlət Universitetinin rektoru, sonra isə AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Rektor vəzifəsində çalışdığı 11 il ərzində universitetin elmi və tədris potensialının gücləndirilməsinə, regionda ali təhsilin inkişafına mühüm töhfələr verib.

Universitetə rəhbərlik etdiyi dövrdə fakültələrin sayını 2-dən 4-ə, kafedraların sayını isə 11-ə çatdırıb. Təhsilin praktiki tərəfini gücləndirmək məqsədilə universitetdə yeni laboratoriyalar yaradılıb. Magistratura və doktorantura şöbələrinin işi daha da təkmilləşdirilərək təhsil ocağının elmi potensialı artırılıb. Yurdumuzun cənub bölgəsində ali təhsilin nüfuzunun yüksəlməsi, gənclərin təhsil imkanlarının genişlənməsi üçün burada hər cür şərait yaradılıb.

İlk növbədə, qazanılan beynəlxalq qrantlar hesabına təhsil müəssisəsinin maddi-texniki bazası möhkəmləndirilib, tədris korpusları yenidən qurulub, laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Elmi kitabxana zənginləşdirilib, elektron resurslara çıxış imkanları artırılıb. Elmi jurnalların və topluların nəşri genişləndirilib.

Universitetdə müntəzəm beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edilib. Bir sıra xarici universitetlərlə əməkdaşlıq sazişləri imzalanıb. “Erasmus” və digər proqramlar çərçivəsində tələbələrin xaricdə təhsilinə, müəllim və tələbələrin elmi layihələrdə iştirakına diqqət artırılıb.

Görkəmli alim 30-a yaxın elmlər namizədi, 10-a yaxın elmlər doktoru hazırlayıb. O cümlədən 80-ə yaxın namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Onun rəhbərliyilə AMEA-da, Bakı Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində elmi-tədqiqat problem laboratoriyaları təşkil edilib. Asəf müəllimin səyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən laboratoriyalardan biri, optimallaşdırma və idarəetmə kafedrası, Lənkəran Dövlət Universitetində isə iqtisadi təhlil və idarəetmə kafedrası yaradılıb.

Onun elmi, təşkilatçılıq fəaliyyəti pedaqoji işi ilə sıx bağlıdır. Ali məktəb tələbələrinə, magistrlərə optimallaşdırma üsulları, iqtisadi təhlildə optimallaşdırma üsulları, paylanmış parametrli sistemlərin optimal idarə olunması fənlərindən dərs deyib. O, Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika kafedrasında elmi seminarlar keçirib, gənc riyaziyyatçılar nəslinin yetişməsinə mühüm töhfələr verib, 6 nəfərin fəlsəfə doktorluğu üzrə elmi rəhbəri olub.

Asəf müəllim “Optimallaşdırma üsulları” dərsliyinin müəlliflərindən biri və redaktorudur. Dərslik respublikamızın ali məktəblərində geniş istifadə olunur. Həmçinin A.N.Tixonov, D.P.Kostamarovun “Tətbiqi riyaziyyata giriş mühazirələri” adlı dərs vəsaitini ana dilimizə tərcümə edib.

Professor Asəf İsgəndərov dünyanın qabaqcıl elmi mərkəzlərindən olan Moskva, Kiyev, Novosibirsk, Berlin, Bonn riyaziyyat məktəbləri ilə sıx əlaqə saxlayır. O, 3 dəfə DAAD, 2 dəfə İNTAS-ın qrantını qazanıb. Alman və yapon riyaziyyatçıları ilə birgə qeyri-xətti tərs məsələlərin, Hölder kəsilməz nüvəli birinci növ Abel tipli inteqral tənliklərin, kəsr tərtib diferensial tənliklərin həlli haqqında nüfuzlu beynəlxalq jurnallarda 10-a yaxın elmi məqalə çap etdirib. Rusiya, Almaniya, Türkiyə, Çexiya və İranın universitetlərində dəfələrlə Azərbaycan, rus və ingilis dillərində yüksək elmi və pedaqoji səviyyəli mühazirələr oxuyub, Sərbəst Berlin Universitetində dəvətli professor və dəvətli elmi tədqiqatçı vəzifələrində çalışıb.

120-yə yaxın elmi və 45 elmi-kütləvi məqalənin müəllifidir. Beynəlxalq konfranslarda dəfələrlə təşkilat komitəsinin üzvü olub, 6 respublika və beynəlxalq səviyyəli konfransa sədrlik edib. Professor Asəf İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında riyaziyyat elmləri üzrə ekspert şurasının sədri, ixtisaslaşmış müdafiə şuralarının üzvü olub.

Tanınmış, nüfuzlu alim elmi və pedaqoji sahədə nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeninə, “Əməkdar müəllim”, Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb. 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Asəf müəllim ömrünün müdrik çağlarını yaşayır. O, bu gün də yorulmadan elmi tədqiqat işlərini uğurla davam etdirir, gənclərə qayğısını, dəstəyini əsirgəmir.

Aytəkin ƏFƏNDİYEVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti,

Ruslan HƏMİDOV,
Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dosent

Mədəniyyət