Ana dilimiz – milli varlığımızın aynası

post-img

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilən tədbirdəki nitqində milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirib. Dövlət başçısının həmin fikirlərini və qarşıya qoyduğu vəzifələri dilçi alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, təhsil sahəsinin məsul şəxsləri fundamental tezislərdən ibarət “Yol xəritəsi” kimi qəbul edərək, bununla bağlı düşüncələrini bölüşürlər. 

Qeyd edək ki, dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib. Məqsədi Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyənləşdirmək olan konfransda bildirilib ki, mummilli liderin bünövrəsini qoyduğu dil siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir və bu gün ana dilinin qorunması, ədəbi dil normalarının müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. Qeyd olunub ki, bu məsələlər Milli Məclisin də daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların ardıcıl və uğurlu şəkildə həyata keçirilməsini təmin edir.

Əlbəttə, Azərbaycan dilinin qarşısında çağdaş dünya dinamikasından irəli gələn yeni hədəflər durur. Dilimizin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s.  bu sıradandır.

Dil milli varlıq nişanı, yaddaş aynası, mənəvi irsin daşıyıcısı, dövlətçilik təfəkkürünün formalaşdığı bir məkandır. Onların dilimizin hazırkı vəziyyəti, teleradio və mətbuatda düzgün istifadəsi, lüğət tərkibinin zənginləşdirilməsi, ictimai həyatın bütün sahələrində – rəsmi, mədəni və işgüzar mühitdə, ədəbi dil normalarına riayət olunması, məktəblərdə Azərbaycan dilinin düzgün metodik tədrisi barədə fikirlərini oxuculara təqdim edirik.

İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, akademik:

– Prezident İlham Əliyevin AMEAnın yubiley yığıncağındakı parlaq çıxışında ana dilimizlə, dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər həm cəmiyyətimizin müxtəlif təbəqələrini, xalqımızı düşündürən mühüm məsələlərdir, həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur.  Dövlətimizin başçısının “Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir.

Bəli, Azərbaycan dili ilə bağlı problemlər var və bunu həll etmək bizim ümummilli məsələmizdir. Prezident İlham Əliyev çıxışında beynəlxalq leksikonda yer alan və dünyada qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan dilinə gətirilməsini “ya səhv, ya təxribat və ümumiyyətlə, qəbuledilməz” kimi qiymətləndirib. Fikrimcə, bu mövqe Azərbaycan alimləri, tədqiqatçıları, müəllimləri və ziyalıları üçün dilin qorunması istiqamətində aydın çağırışdır.

Müasir, inkişaf etmiş dillər beynəlxalq terminləri mənimsəməklə yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşdirilən dillərdir. Azərbaycan dilinə də bu baxımdan daha ciddi yanaşmalıyıq. AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fəaliyyəti bundan sonra daha da genişlənəcək.

Milli Elmlər Akademiyası proqram şəklində 15 cilddən ibarət Azərbaycan tarixi ilə bağlı sənəddə Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirində səsləndirdiyi fikirlər əsas istiqamət olaraq əksini tapacaq.

Qeyd edim ki, hazırda Dilçilik İnstitutunda yeni orfoepiya və orfoqrafiya lüğətləri hazırlanır. Texnoloji inkişaf olmadan ümumi inkişafa nail olmaq mümkün deyil. Akademiya olaraq süni intellekt, kibertəhlükəsizlik sahəsində də inkişafa nail olmalı və bunu işimizdə tətbiq etməliyik. Eyni zamanda, Tarix İnstitutu yeni atlas xəritələr hazırlayır ki, burada, həmçinin sovet dövründən əvvəl Azərbaycan ərazilərinin tarixi adları əks olunur. Bunun üçün geniş tədqiqatlar aparılır. Toponimlərin bərpası məsələsində də tarixiliyi və gerçəkliyi nəzərə almağı zəruri sayırıq.

Reklam bazarında, efirlərimizdə, dərsliklərimizdə, elmi-tədqiqat əsərlərində bəzən alınma kəlmələrdən lazım gəldi-gəlmədi istifadə olunur. Düşünürəm ki, müvafiq qurumlar, o cümlədən Akademiya bu məsələni müzakirə edib həll etməyə borcludur. Bu, ümummilli məsələdir. Həmçinin fikrimizcə, Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı, onun fəaliyyəti aktivləşdirilməlidir. Həmçinin televiziya proqramlarında ana dili ilə bağlı proqramların təşkilinə yeni yanaşma tələb olunur. Biz bu cəhətdən televiziyalarımızla qarşılıqlı əməkdaşlığa hazırıq.

Elnarə AKİMOVA, Milli Məclisin deputatı, filologiya elmləri doktoru:

– Prezident İlham Əliyevin fikirləri bir daha göstərir ki, dil yalnız ünsiyyət vasitəsi deyil – millətin yaddaşı, kimliyi və mənəvi sərvətidir. “Dilini itirən millətini itirər” deyən böyük dühalar kimi, ölkə başçısı da dilin qorunmasını siyasi çağırışdan çox, milli məsuliyyət kimi təqdim edir. Onun “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri həm çağdaş bir xəbərdarlıq, həm də gələcək nəsillərə ünvanlanan tövsiyədir.

Azərbaycan dili əsrlərin süzgəcindən keçmiş, xalqımızın taleyini, düşüncəsini, ruhunu daşımış bir xəzinədir. Bu dilin zənginliyini qorumaq, onun hər sözündə gizlənən mədəniyyət qatlarını yaşatmaq yalnız dilçi alimlərin deyil, hər bir vətəndaşın gündəlik həyatına daxil olmalıdır. Çünki dilimizdəki hər alınma söz, hər korlanmış ifadə təkcə dilin üslubuna deyil, millətin yaddaşına zərər vurur.

Fikrimcə, qloballaşma dövründə, informasiya axını içərisində ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqe tələb edir. Gənclərin sosial mediada öz ana dilində düzgün yazması, musiqiçilərin, yazıçıların, jurnalistlərin dilin imkanlarını qoruması və inkişaf etdirməsi bu mücadilənin ən önəmli cəbhələridir. Bu gün qloballaşmanın dil üzərində təhdidlərini dilin keşiyində dayanmaqla qoruya bilərik. Dövlət başçısının vurğuladığı kimi, biz başqa dillərin inkişafına qarşı deyilik, amma öz dilimiz – öz kimliyimiz yad sözlərin əsarətində qalmamalıdır.

Bu gün Azərbaycan dilində bir fikri, hissi və ya hadisəni ən incə çalarlarla ifadə etmək mümkündür. Bizim dilimiz Qarabağda çalınan kamanın səsi qədər ahəngdar, muğam kimi zəngin, dastanlar qədər dərindir. Onu sevmək və qorumaq təkcə “borc” deyil, milli şərəf məsələsidir.

Ana dilimizin saflığını qorumaq gələcəyimizi, kimliyimizi və milli dirçəlişimizi qorumaq deməkdir. Bu həm elm, həm dövlət siyasəti, həm də mənəvi missiyadır. Prezidentin çağırışı bu missiyanı hər kəsin şəxsi məsuliyyəti səviyyəsinə qaldırır və bu, yalnız dövlət başçısının deyil, bütün xalqın dilə olan sevgisinin növbəti ehtiyacı kimi mənalanır.

***  

Məktəb dərsliklərində təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı. Deməli, dərsliklərin dilinin sadələşdirilməsi ilə bağlı addımlar atılmalıdır.

Elnur ƏLİYEV, Təhsil İnstitutunun direktor əvəzi, elm və təhsil nazirinin müşaviri:

– Sirr deyil ki, hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün müəyyən çətinliklər yaradır. Bu kimi hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir. Təhsil İnstitutu dərslikləri mütəmadi keyfiyyət ekspertizasına cəlb edir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir. Toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim olunur. Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir.

Mütəxəssislərin qənaətinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni dərsliklərin hazırlanması üzrə yaradıcı komandaların tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiliyin dəqiqliyini təmin etmək məqsədilə elmi redaktorların iştirakı təmin edilir. Dərsliklərin dilinin şagirdlər tərəfindən rahat mənimsənilməsi üçün sadə olmasına diqqət yetirilir. Eyni zamanda, vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələl gətirməməlidir.

 Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutunda hesab edilir ki, bəzi fənlərin spesifikliyi səbəbi ilə terminologiya mürəkkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə  xələl gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir.

Vasif SADIQLI, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri:

– Azərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir. Müstəqillik dövründə onun geniş istifadəsi, əsaslı təd qiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət dilinin hüquqi statusu, işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyən edilib. Həmin Qanuna əsasən, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi dövlətin vəzifələrinə daxildir.

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında deyib: “Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Deyilən neqativ halların qarşısının alınması üçün dövlət dilindən istifadəyə nəzarət edən kadrlar diqqətlə seçilməli, bu iş təsadüfi şəxslərə tapşırılmamalıdır.  Ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirmişik. Çünki  hazırda bir gündə “ Oksford” lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. 10 ildən sonra dilimizin 60 minə yaxın alınma söz yükü altında əzilməsini istəmirik. Hazırda bizdə termin yaradıcılığı ilə ictimai əsaslarla məşğul olunur. Amma Türkiyədə yeni sözlərlə 30 nəfərlik ştatlı işçidən ibarət bir qurum məşğuldur. İranda isə analoji sahə ilə məşğul olanların sayının 100-ə qədər olduğu bildirilir. Fikrimizcə, belə bir qurum Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar aça bilər.

Ana dilimizi uzaq dillərlə yanaşı, yaxın dillərin də mənfi təsirlərindən qorumaq lazımdır. Mərhum akademik Tofiq Hacıyevin bir fikrini xatırlatmaq istərdim: “Dillərin ayrılması irəli gedən bir prosesdir, geriyə dönmür. Vaxtilə ana dil olub, ondan ayrılmalar getməyə başlayıb. Bu, tarixi inkişafın məntiqidir. Geriyə inkişaf, əgər buna inkişaf demək olarsa, assimilyasiyadır, zorakılıqdır”.

Bəzi şəxslərin cəfəng siyasi mülahizələrlə ana dilimizi başqa dillərin törəmə strukturuna çevirmək cəhdləri, dilimizdə oturuşmuş bir sıra sözlərin alınma olduğunu bəhanə edib, onları dildən çıxarmaq çağırışları zərərlidir, antimillidir, təhlükəlidir. Bu, Türkiyədə olduğu kimi, indiki nəsillə keçmiş nəsillər, ədəbi, elmi, mədəni irsimiz arasında uçurum yaratmaq deməkdir. Belə olarsa, gələcək nəsillər, hətta Vaqifi, akiri, Səməd Vurğunu, Mirzə Cəlili oxuyan zaman lüğətdən istifadə zərurəti ilə üzləşərlər. Nəhayət, onu da unutmaq olmaz ki, dil təkcə verbal ünsiyyət vasitəsi deyil, o həm də mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Burada zeyir Hacıbəylinin sözlərini xatırlatmaq yerinə düşərdi: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat-vücud onun dilidir”.

Azər TURAN, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru:

– Bu gün həyatımız geniş, qlobal proseslərlə təmasda keçir. Belə bir reallıqda Azərbaycan dili qloballaşan dünyanın sıxışdırılan deyil, söz sahibi olan dillərindən biri olmaq haqqına malikdir. Dilin qorunması, inkişafı, lüğət tərkibinin zənginləşməsi həm də qalib millət olmağımızın nəticəsi və göstəricisidir. Dil millətin köküdür, toplumu millət edən başlıca amillərdən biridir. Dilimizin saflığını qorumaq milli kimliyimizi, bir millət olaraq yaşama haqqımızı qorumaq deməkdir.

Ədəbiyyat yaddaşı olan dilin əsasında formalaşsa, daha gözəl və üstün nəticələr verər. Ədəbiyyat, eyni zamanda, dilin lüğət tərkibini zənginləşdirməlidir. Bunu da təbii ki, ədəbiyyatı yaradanlar - yazıçılar etməlidir.

Xatırladım ki, sovet dövründə bunu Azərbaycanda ən çox edən şairlərdən biri Rəsul Rza olub. Bu gün Azərbaycan dilinin lüğət tərkibinə Rəsul Rzanın poeziyasından keçmiş sözlər kifayət qədərdir. Məsələn, “göydələn”, “ötəri” və başqaları. Eləcə də bu gün artıq ümumişlək olan “çimərlik” sözü dilimizə Xəlil Rzanın yadigarıdır. Hər şair, hər yazıçı dil fondumuza milli kökü və yaddaşı olan, səslənərkən narahatlıq yaratmayan, dilimizin arxitekturasını pozmayan, xələl gətirməyən bir-iki söz əlavə etsə, onun faydasını hər yerdə hiss edərik.

Dilin mühafizəsi üçün millətin müstəqil olması vacib şərtdir. akin Azərbaycan dili təkcə sovet hakimiyyəti dönəmində deyil, ondan əvvəl - Rusiya imperiyasının tərkibində olduğumuz dövrdə də ciddi təzyiqlərlə üzləşib. O zamanlar dilimizi ədəbiyyat qorudu. Bu mənada, ən böyük xidməti Molla Pənah Vaqif göstərib. Vaqif bunu vəzir kimi yox, şair kimi edib. Saray dili farsca idi. Xalq isə Vaqifin şeirlərini oxuyub öz milli və həm də estetik meyarlarını müəyyənləşdirdi.

Ədəbiyyat adamları hər dövrdə zamana uyğun sözlər yaratmaqla dilin lüğət tərkibini zənginləşdirməlidir. Xalqın içindən gələn söz dilə, adətən, təzyiqlə qəbul etdirilən sözlərdən daha tez yatır, tez yayılır və ümumişlək olur. Türk Dövlətləri Birliyinin reallaşdığı bir mərhələdə türk dillərinin də qovuşmasına, bir-birinə yaxınlaşmasına ehtiyac var. Azərbaycanda dilimizin saflığını daha məsuliyyətlə qorumalıyıq, çünki bu, həm də bütün türkləri birləşdirən amildir.

Qarşıdan gələn Türkoloji Qurultayın 100 illiyi ilə bağlı maraqlı bir tarixi faktı da xatırladım: Həmin qurultayda çıxış edən özbək alimi Qazi Alimcan deyirdi ki, azəri türk şairi Sabiri Türküstanın hər yerində oxuyurlar, anlayırlar, zövq alırlar. Demək, xalqa yaxınlaşdıqca anlaşma imkanı da artır. Bu halda ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi ehtimalı böyükdür. Dilin özü birləşməyi və yaxınlaşmağı təmin edir. Buna heç bir kimsə mane ola bilməz.

Bəzən Şah İsmayıl Xətaiyə yönələn əsassız yanaşmalar olur. Bəziləri - onların arasında yazıçılar da, siyasətşünaslar da var – Xətai haqqında istədikləri tərzdə danışırlar. Halbuki dil məsələsi baxımından Azərbaycan dili, xüsusən də Azərbaycan ədəbi dili geniş mənada Xətaiyə borcludur. Bəkir Çobanzadə yazırdı ki, XVI əsr Azərbaycan türkcəsi ədəbiyyatının bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülürsə, bu dilin içindəki bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur. Çobanzadəyə görə, Xətai Azərbaycan türk dilini daha geniş və zəngin şəkildə şeirlərində işlədən və bu dilin dialekt xüsusiyyətlərini əks etdirən birinci şairdir. Deməli, Xətainin irsini qorumaqla dilimizi də qorumuş oluruq.

Ədəbiyyat dillə bağlı bu missiyanı başqa tarixi dövrlərdə də yerinə yetirib. Şah dövrü İranında panfarsizm təbliğatçıları Azərbaycan dilinə “dönmə dil” deyəndə, Əhməd Kəsrəvilər dilimizi hədəfə alanda Şəhriyar “Heydərbabaya salam”ı yazmaqla Azərbaycan türkcəsinə möhtəşəm abidə ucaltdı.

Dil xalqın namusudur, əgər bu belədirsə, deməli, onu hamımız birlikdə qorumalıyıq. Təkcə sözləri yox, sözlərin harmoniyasını, dilin ahəngini, ritmini, daxili musiqisini də. Dilin saflığını qorumaq əslində millətin mənəvi saflığını qorumaqdır.

İbrahim İLYASLI, Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, şair:

– Cənab Prezidentin “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”, – deyə bir fikri var. Biz dilimizin saflığını ona görə qorumalıyıq ki, kürəsəlləşmə dövründə onu kənar təsirlərdən, əcnəbi dil basqılarından qoruyub, gələcək nəslə saf, təmiz bir Azərbaycan dili ötürək. aman-zaman üstümüzə yeriyən ərəb, fars, rus dilləri basqısının acılarını hələ də çəkməkdəyik.

Yeri gəlmişkən, bu mənada, ana dilimizin bütövlüyünü tamamlayan dialekt, şivə dediyimiz bir anlayışı da unutmamamalıyıq. Sovetlər dönəmində lüğət tərkibindən çıxarılmış, əslində qədim türkcəmizdə olan sözləri də lüğətimizə, orfoqrafiya kitabımıza yenidən daxil etməliyik. Türk dünyasının yenidən bir dil ailəsi olaraq gündəmə gəldiyi bir zamanda bu, bizim üçün ən önəmli bir məsələ olmalıdır.   Elektriki naqil ötürdüyü kimi, dili də bu dildə danışmış ata-babalarımız, ana-nənələrimiz ötürür bizə. Naqil qırılan yerdə enerji, dil qırılan (təhrif olunan) yerdə də millət yox olur. atın dilinin timsalında bu faciə bir örnəkdir. Saf dil varsa, saf da millət var.   

Ana dilinin dövlət qurulmasında və dövlətçiliyin yaşamasında nə qədər önəmli bir yer aldığını zaman-zaman bizdən gizli saxlanılmış, müstəqillik dövrümüzdə isə yenidən öyrənilməyə başlanmış ən yeni tariximiz xalqımıza sübut etdi. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı isə bütövlükdə türk dili ailəsinin uluslararası miqyasa yenidən və daha yetənəkli çıxacağına böyük ümidlər verir.

Mən ədəbiyyat adamıyam. Ədəbiyyat, hər şeydən öncə, ana dili hadisəsidir. Hər bir yazı adamı, ilk növbədə, ana dilinin bütün incəliklərinə bələd olmalıdır. Təəssüf ki, bəzən həm sosial platformalarda, həm də yazılı mətbuatımızda bunun hansı faciələrə gətirib çıxaracağının fərqində  olmayanlar da var. Müşahidələr göstərir ki, yeni nəsil azərbaycanlılar – Azərbaycan övladları özlərindən asılı olmayaraq, dilimizin saflığının daşıyıcısı olmaq anlamında müəyyən çətinlik çəkirlər. Məişət dilindən tutmuş, gənc yazarların nəsr, publisistika, poetik mətnlərinə qədər uzanıb gedir bu problem.

Buna görə də Prezident İlham Əliyev mövcud durumu nəzərə alıb, bu məsələyə xüsusi önəm verərək, AMEA-nın yubileyindəki çıxışında bütün qələm adamlarına və ümumən, ictimaiyyətə ciddi mesajlar ismarlayıb. Təkcə qələm adamları deyil, aidiyyəti olan bütün qurumlar bundan nəticə çıxarmalıdır. Rəsmi yazışmalardan tutmuş, reklam lövhələrinə qədər bütün mətnlər ciddi nəzərdən keçirilməlidir.

Teleradio qurumlarına ana dilini mükəmməl mənimsəmiş, orfoqrafiya və orfoepiya qaydalarını dərindən bilən mütəxəssislər cəlb edilməlidir.

Unutmaq olmaz ki, dil var olmaq hadisəsidir.  

Səhifəni hazırladı:

Əli NƏCƏFXANLI

XQ

 

 











Mədəniyyət