Tofiq Bakıxanov – 95
Dekabrın 9-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli bəstəkar, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr edilən “Azərbaycanın ictimai-siyasi və elmi-mədəni gerçəkliyində Bakıxanovlar sülaləsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov mərasimi açaraq Azərbaycan tarixində silinməz iz qoymuş Bakıxanovlar sülaləsinin Azərbaycan dövlətçiliyi, hərb sənəti, ədəbiyyatı və mədəniyyəti sahələrində xidmətlərindən bəhs edib. O bildirib ki, Bakıxanovlar nəsli Xəzərin sahilində yaşayıb, Bakının yanında “xan” adlarını qoruyublar. Milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş Bakıxanovlar həmişə əməllərinin soyadlarına daha artıq başucalığı gətirməsi üçün çalışıblar.
Görkəmli nəslin nümayəndəsi professor Tofiq Bakıxanov da bu şəcərənin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verib.
Akademik “Bakıxanovlar sülaləsinin davam edən dərsləri” mövzusunda məruzəsində professor Tofiq Bakıxanovun zəngin yaradıcılığı, bəstəkarlıq irsi haqqında ətraflı məlumat verib. O bildirib ki, Tofiq Bakıxanov görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib. Böyük sənətə aparan yolunu dahi Üzeyir Hacıbəylinin bələdçiliyi ilə skripkaçı kimi başlayan Tofiq Bakıxanov ömrü boyu ustadının və soyadının ona həvalə etdiyi vəzifələrə və meyarlara sadiq qalıb. Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığını dövlətimiz daim yüksək qiymətləndirib. O bu günlərdə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Akademik Rafael Hüseynov bəstəkarın ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə bizimləsən” yeni simfonik poemasında Ulu öndərin həyat yolunu musiqi dili ilə əks etdirdiyini qeyd edib, kitaba “Şəxsiyyətin cazibəsi” sərlövhəli “Ön söz” yazdığını bildirib.
Akademik Rafael Hüseynov ustad sənətkarı anadan olmasının 95 illiyi, yaradıcılıq fəaliyyətinin isə 75 illiyi münasibətilə təbrik edib, Tofiq Bakıxanova cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Sonra muzeyin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova Bakıxanovlar nəslinin Azərbaycanın ədəbi, ictimai-siyasi həyatında xidmətlərindən bəhs ediblər.
Mərasimdə Xalq artisti Tofiq Bakıxanovun atası Əhməd Bakıxanovun xatirəsinə həsr olunan kompozisiya səsləndirilib, bəstəkarın əsərlərindən musiqi nümunələri tar, kamança və fortepianonun ifasında təqdim olunub.
Qabil ƏLİYEV
XQ


