Ağrıdan süzülən işıq

post-img

Mahirə Nağıqızının yaradıcılığı poeziya və nəsrin qovşağında

Azərbaycan ədəbiyyatı özünün zəngin lirika ənənələri ilə yanaşı, sosial-tarixi proseslərin poetik inikasına da xüsusi həssaslıqla yanaşır.

Xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verən hadisələr – müharibələr, məcburi köçkünlük, milli azadlıq hərəkatı – ədəbiyyatımızın əsas bədii istiqamətlərindən birinə çevrilmişdir.

Bu kontekstdən yanaşanda şairə Mahirə Nağıqızının yaradıcılığı xüsusilə diqqət çəkir. Onun şeirləri və hekayələri milli yaddaşla fərdi psixologiyanın sintezini yaradır, ictimai dərdlə şəxsi ağrının poetik paralelini qurur.

Müəllif lirikanın emosional gücünü, nəsrin realist təsvir imkanlarını birləşdirərək həm bədii-estetik, həm də psixoloji dəyəri yüksək mətnlər ortaya qoyur.

İş masamın üzərində Mahirə Nağıqızının üç kitabı var: “Salam olsun”, “Onun daş nağılı” və “Lövbər adam”. Bu kitabların hər birində milli ruh və fərdi duyğuların vəhdəti poeziya və nəsrin qovşağında yüksək bədii sənətkarlıqla təqdim edilib.

Mahirə Nağıqızının şeirlərində Vətən yalnız coğrafi məkan deyil, millətin ürəyində yaşayan ana obrazı, qəhrəman oğulların qanı ilə suvarılan müqəddəs bir məkandır. Onun poeziyasında zəfər səsləri sanki xalqın yaddaşından boylanan dastan kimi dirilir, hər misrada qürurla qovuşan milli birlik duyulur.

Şairin söz dünyasında ağrı ilə qələbə, göz yaşı ilə fəxarət qovuşur və bu qovuşma hər bir azərbaycanlının qəlbində ölməz bir zəfər poetikası yaradır.

Mahirə Nağıqızının “Azərbaycanım”, “Salam olsun”, “Tarix yazan əsgər” şeirləri vətənpərvərlik lirikasının parlaq nümunələridir. Bu mətnlərdə şairin istifadə etdiyi poetik simvol, epitet və metaforalar, həmçinin intonasiya ritmikliyi milli qəhrəmanlıq ovqatını gücləndirir. İdeya-məzmun səviyyəsində bu şeirlər xalqın milli həmrəyliyini, zəfərə aparan iradəsini bədii kodlara çevirir:

Hərə bir ərə döndü,
Sana, Azərbaycanım!
Millət əsgərə döndü,
Ana Azərbaycanım!
Füzuliyə çatmışam,
Canına can qatmışam.
Düşmanı boyatmışam,
Qana, Azərbaycanım!

Bu bəndlərdə xalqın bütöv şəkildə mübarizəyə qoşulması və qələbənin poetik simvolikası ifadə olunmuşdur.

“Salam olsun” şeirində isə qəhrəmanlara yönələn ehtiram diqqət çəkir:

Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Otuz ildən sonra güldü növrağımız,
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum hamınıza, salam olsun!

Burada tarixi yaddaş motivi və “salam” arxetipi milli qürurun poetik ifadəsinə çevrilir. Burada həm tarixi dəqiqlik, həm də poetik rəmz vardır: Bayraq xalqın azadlıq rəmzi, milli qürurunun təcəssümüdür.

Son misra – “Qurban olum hamınıza, salam olsun!” – xalq dilinin səmimiyyətini, içdən gələn minnətdarlığı ifadə edir. Bu sözlər yazılı ədəbiyyatla xalq danışıq üslubunun qaynayıb-qarışdığı yerdir.

“Tarix yazan əsgər” şeirində isə əsgərin simvolik obrazı yaradılır:

Azərbaycan sərhədçisi, gözlə səddi,
Qoru onu gözün kimi, dayağı ol!
Bu gün sənsən, mənəm, odur – tarix yazan,
Bu da olsun o kitabdan bircə varaq.

Əsgərin fəaliyyəti Vətən kitabının səhifəsinə çevrilir. Bu parçada Azərbaycan sərhədçisinin vətənpərvərliyi və müqəddəs vəzifəsi bənzərsiz poetik dillə ifadə olunub.

“Gözlə səddi” və “qoru onu gözün kimi” kimi metaforalar sərhədçini sadəcə fiziki qoruyucu yox, vətənin canlı gözü, dayağı və əzəmətli simvolu kimi təqdim edir.

Müəllif obraz vasitəsilə oxucuda vətənə bağlılıq və məsuliyyət hissini oyadır, hər bir fərdi bu müqəddəs vəzifənin dəyərini dərk etməyə çağırır. Parçada həmçinin tarix və qəhrəmanlıq motivi də işlənmişdir: “Bu gün sənsən, mənəm, odur – tarix yazan” misrası göstərir ki, sərhədçilərin fəaliyyəti Vətən tarixində əbədiləşir, onların qəhrəmanlığı unudulmazdır. Ümumilikdə, bu parça poetik dil, güclü metaforalar və vətənpərvərlik ideyası ilə oxucuda dərin emosional təəssürat yaradır və milli şüuru gücləndirir.

“Buludların gətirdiyi qınaq” və “İsmarlanan dua” isə fərdi və psixoloji lirikanın nümunəsi kimi bədii zövqümü oxşadı:

Alıb havasını Alagöllərin,
Laçını, Şuşanı dolanıb gəlib.
Nəyə tələsirsən, hara yağırsan,
Kimə qəzəblisən, payız yağışı...

Bu parçada təbiət obrazları vasitəsilə insan duyğularının və mövsümlərin poetik təsviri təqdim olunur. İlk misralarda həm təbiətin gözəlliyini, həm də fərqli coğrafi zonaların xarakterini göstərir; oxucuda vizual təsir yaradır.

“Nəyə tələsirsən, hara yağırsan, Kimə qəzəblisən, payız yağışı…” misralarında isə müəllif insan emosiyalarını təbiətlə paralel şəkildə təqdim edir. Payız yağışı tələsik və qəzəbli bir obraz kimi canlandırılır, bu da oxucuda həm təbiətin həm də insanın duyğu dünyasının sürətlə dəyişdiyini hiss etdirir.

Ümumilikdə, parça poetik dil, canlı metaforalar və personifikasiyalar vasitəsilə təbiətin gözəlliyi və insan hisslərinin əlaqəsini göstərir. Müəllif oxucunu həm vizual, həm də emosional səviyyədə təsirləndirir, təbiət ilə insan arasındakı harmoniyanı, eyni zamanda onun dinamizmini poetik üslubda təqdim edir.

Dolanıb haradan, gəlib hayandan,
Bir bulud ömrüynən yorğun, qaralmış?
Keçib Xocalıdan, Kərkicahandan,
Yaralar görübdü qaysaqlanmamış.

Bu bəndlərdə isə təbiət hadisələri tarixi faciələrin metaforik daşıyıcısına çevrilir.

“İsmarlanan dua” şeirində sevginin gizli etirafı dua forması ilə təqdim olunur:

Yuxudan durdumu, hər səhər erkən,
Sənə ismarlayır dualarını.
Allahdan aşağı, bəndədən uca –
Adını bir nəfər ucadan çəkir.

Bu nümunələr poeziyada sevginin ali məqama yüksəldilməsini göstərir.

“Millətin bağrında bitən il” və “Şəhid anasına məktub” isə tarixi-poetik lirikanın bariz örnəkləri kimi diqqəti cəlb edir.

Bu ili sən yazdın əbədiyyətə,
Silinməz, qopsa da tufanlar əgər.
Millətin bağrında əbədi, əsgər.

Bu misralar 2020-ci ilin tarixi əhəmiyyətini “əbədiyyətə yazılan il” obrazı ilə ifadə edir.

“Şəhid anasına məktub” isə güclü lirik-epik təsir gücünə malikdir:

Bir ana qəlbinə əkilənləri,
Ancaq qəlbin bilər, danışar sənə.
Oturar məclisdə, yuxarı başda,
O balan, əynində şəhid libası.

Burada ana qəlbinin psixoloji faciəsi bədii-estetik təsir gücü ilə oxucunun emosional dünyasına hopdurulur. Bu parça ana sevgisi və şəhid övladın itkisi mövzusunu poetik dillə ifadə edir. “Bir ana qəlbinə əkilənləri, ancaq qəlbin bilər” misrası duyğuların dərinliyini göstərir; burada müəllif ana hisslərinin sirlərini və onların yalnız ana tərəfindən tam dərk edilə biləcəyini vurğulayır. Ana qəlbi obrazı həm şəfqət, həm də kədər simvolu kimi təqdim olunur.

“Oturar məclisdə, yuxarı başda” misrası isə sosial və rituallarla bağlı mədəni kodları əks etdirir. Şəhid övladın yeri məclisdə simvolik olaraq yüksək tutulur, bu, həm hörmət, həm də itkini ön plana çıxarır. Burada məclis sadəcə fiziki məkan deyil, eyni zamanda milli və emosional yaddaşın ifadəsidir.

Bu şeirdə müəllif oxucuda həm emosional, həm də fəlsəfi düşüncə oyadır, ana qəlbinin sirlərini və şəhid övladın müqəddəsliyini poetik üslubda ön plana çıxarır.

Mahirə Nağıqızının bayatıları haqqında ayrıca söz açmaq istərdim. Onun bayatılarında lirizm əsas yer tutur; o, şəxsi duyğu və hissləri sadə, eyni zamanda dərin poetik ifadələrlə çatdırır, oxucuda həm duyğulu, həm də estetik təəssürat yaradır.

Bayatılarda xəlqilik motivi də diqqəti cəlb edir; xalqın adi həyatından, gündəlik düşüncələrindən və milli dəyərlərindən ilhamlanan obrazlar müəllifin poetik dilində son dərəcə səmimi şəkildə təqdim olunur.

Mahirə Nağıqızı təkcə şair deyil, həm də istedadlı nasirdir. Onun “Mələk”, “Canavar” və “Daş” hekayələri nəsr yaradıcılığının ideya və forma baxımından poetik lirika ilə səsləşdiyini göstərir.

“Mələk” hekayəsi realizmlə lirizmin sintezidir. Burada müəllif uşaq psixologiyasının bədii rekonstruksiyasını açır. Mələyin anasına bağlanma jestləri – gecəköynəklərin sancaqla birləşdirilməsi, anasının ayaqlarına sarılması – yazıçının psixoloji detallarla obrazları xarakterizə etməsinin parlaq nümunələridir. Hekayənin kulminasiyasında ana obrazının övladını tərk etməsi insanın fərdi ehtirası ilə valideyn məsuliyyəti arasında faciəvi məqamı açır.

“Canavar” hekayəsində isə müəllif təbiət obrazını (canavarı) simvolik-alleqorik məna ilə yükləyir. Canavar bir tərəfdən real kənd həyatının gerçək təhlükəsidir, digər tərəfdən isə insan taleyində qəfil zərbələrin metaforasıdır.

Müəllifin “Daş” hekayəsi isə simvolik realizm nümunəsi kimi diqqət çəkir. Burada “qızıl” və “daş” antitezası insan tamahı ilə həyat həqiqətləri arasındakı ziddiyyəti açır. Əzim obrazı psixoloji portret kimi işlənir: onun illərlə qızıllara bağlanması və son anda “daş”la qarşılaşması daxili faciəni ortaya çıxarır. Əsmərin sakit reaksiyası isə qadın müdrikliyi motivinin ifadəsidir.

Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ədəbiyyatında milli ruhun və fərdi psixologiyanın bədii sintezini təşkil edir. Onun poeziyasında xalqın tarixi mübarizələri ilə insanın şəxsi duyğuları bir-birinə qarışır; hekayələrində isə realist həyat hadisələri simvolik-fəlsəfi qatlarla zənginləşir.

Mahirə Nağıqızının şeirləri ağrını poetik işığa, hekayələri isə gündəlik həyat hadisələrini fəlsəfi düşüncəyə çevirir.

Mahirə Nağıqızının şeirləri yalnız sözlərin ritmi və musiqisi ilə deyil, həm də duyğuların dərin qatlarını işıqlandırmaq gücünə malikdir; o, ağrını, kədəri və həyatın ziddiyyətlərini incə poetik işığa çevirir, oxucunu həm hiss etməyə, həm də düşünməyə dəvət edir.

Onun hekayələrində isə gündəlik həyat hadisələri sadəcə baş verənlər kimi təqdim olunmur, əksinə, müəllif onları fəlsəfi düşüncənin prizmasından keçirərək insan ruhunun mürəkkəb qatlarını, seçimlərin çətinliyini və əxlaqi dilemmaları aydın şəkildə göstərir.

Mahirə Nağıqızı öz əsərlərində yalnız milli poeziyanın ənənəsini davam etdirmir, həm də bu ənənəyə fərdi və səmimi nəfəs gətirərək onu yeni estetika ilə zənginləşdirir; onun dili həm zərif, həm emosional, həm də dərin mənalıdır.

Müəllif həm poeziyanın incə poetik dili, həm də hekayələrinin fəlsəfi dərinliyi ilə müasir ədəbiyyatımızın parlaq simalarından birinə çevrilmişdir; onun əsərləri oxucunu düşündürür, qəlbini titrədir və hər birimizi həyatın, duyğuların və milli kimliyimizin mürəkkəb mənzərəsi ilə üz-üzə qoyur.

Mahirə Nağıqızı hazırda öz yaradıcılığı ilə həm milli poeziyanın ənənəsini davam etdirir, həm də bu ənənəyə yeni, özünəməxsus, fərdi və səmimi nəfəs gətirir.

Hüseynbala MİRƏLƏMOV





Mədəniyyət