Fatmanın rəngli hekayətləri

post-img

Rəssamlıq dünyasında hər bir rəngin, hər bir xəttin öz hekayəsi var. Bu hekayələri ən gözəl şəkildə ifadə edən sənətkarlardan biri də Fatma İmanovadır. Onun yaradıcılığına nəzər yetirdikdə təbiətlə, insanlarla və milli dəyərlərlə qurduğu emosional əlaqə aydın hiss olunur.

Fatma İmanova 1993-cü ildə Bakıda anadan olub. Rəssamlıq istedadı onun üçün uşaqlıqdan aşkar edilən bir işıq yoludur desək, yanılmarıq. Hələ 3 yaşı olarkən qələmlə, karandaşla çəkdikləri onun istedadının ilk işartıları idi. Qızdakı bacarığı fərq edən valideynlərinin diqqəti və dəstəyi sayəsində o, 11 yaşında rəssamlıq dərsləri almağa başlayıb. İlk müəllimi Əməkdar rəssam Elçin Axundov olan istedadlı qız müəlliminin rəhbərliyi altında sənətin sirlərinə yiyələnməyi bacarıb. Daha sonra o, Səttar Bəhlulzadə adına Uşaq Rəsm Studiyasına (indiki Qalereya 1969) gedib və orada Əməkdar rəssam Dilarə Atakişiyevadan rəssamlıq dərsləri alıb. Beləliklə, istedadlı gəncin ilk qrup sərgisi 2006-cı ildə keçirilib və o vaxtdan etibarən yaradıcılığı geniş auditoriyanın diqqətindədir. Həmin ilin may ayında Üzeyir Hacıbəylinin 120, Rəşid Behbudovun 90 illiyinə və "Arşın mal alan" bədii filminin 60 illiyinə həsr olunmuş “Musigi rəngləri” adlı uşaq rəsm müsabiqəsində uğurla iştirak edib. İki əsəri sərgilənib və kataloqda çap olunub.

Fatma İmanova 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecinə daxil olaraq dekorativ-tədbiqi sənət və xalq sənəti ixtisasında xalçaçı-rəssam şöbəsində təhsil alıb. Diplom müdafiəsi zamanı o, “Xətai” naxışını işləyərək milli sənət ənənələrinə müasir yanaşma nümayiş etdirib. 2015-ci ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına “Müasir rəngkarlıq” ixtisası üzrə qəbul olunaraq təhsilini davam etdirib. Diplom işi olaraq “Dayanacaq” mövzusunda seçdiyi işində gündəlik həyatın sadə, lakin dərin məqamlarını – avtobus gözləyən insanların emosiyalarını özünəməxsus üslubda təsvir edib.

Getdikcə onun mövzu dairəsi də genişlənib. Rəssamın yaradıcılığında “Dədə Qorqud” dastanından tutmuş A.S.Puşkin kimi dahi şəxsiyyətlərin təsiri də öz əksini tapıb. Onun sənət dünyasında maraqlı məqamlar çoxdur. Bəlkə də heç düşünməzdi ki, məktəb illərində kitabda görüb diqqətini çəkən rəsm əsərlərindən birinin müəllifi – Əməkdar rəssam Asif Azərelli sonradan onun diplom rəhbəri olacaq. Amma belə olub və Fatma rənglərlə danışan incəsənət qəhrəmanlarının müəllifi kimi tanınıb.

İstedadlı gəncimzin iştirak etdiyi sərgilər və qazandığı mükafatlar onun sənətdəki uğurlarının gözlə görünən sübutudur. O, İtaliya, Ukrayna, Türkiyə, Misir kimi bir çox xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərə qatılıb, diplom, sertifikat və mükafatlara layiq görülüb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan gənc rəssamın istedadı 2021-ci ildə Prezident təqaüdü ilə dəyərləndirilib. Hazırda Fatma İmanova təkcə yaradıcılıqla deyil, həm də rəsm müəllimi kimi fəaliyyət göstərir. Gənc rəssamlara özünün təcrübələrini ötürməklə milli sənətin inkişafına dəyərli töhfələr verir.

Fatma İmanovanın yaradıcılığı Azərbaycanın mədəni irsi ilə müasir incəsənətin harmoniya içində birləşdiyi bir sənət aləmidir. Onun fırçasından çıxan hər bir əsər izləyicini özünəməxsus emosional səyahətə aparır. Sənətin qüdrəti rənglərlə danışmaqdadır, sənətkarlar isə bu danışığın ən gözəl tərcüməçisidir.

Ziyarət QƏHRƏMANOVA-CABAROVA,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas



Mədəniyyət