Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Radisson Blue” mehmanxanasında rəsmi qəbul keçirib.
Tədbirdə Özbəkistan Baş nazirinin birinci müavini Açilbay Ramatov, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları təbrik edərək bildirib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verərək bildirib ki, mövcud olduğu 23 ay ərzində Azərbaycanın dövlət bayrağı və vətəndaşlığı təsis edilib, Bakını işğalçılardan azad edən milli ordu yaradılıb.
Hüseyn Quliyev deyib ki, 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini dayandırıb və ölkədə Sovet hakimiyyəti qurulub.
Müstəqillik illərindən danışan səfir deyib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərliyə gəlib və qısa müddət ərzində vəziyyəti sabitləşdirə bilib. Ölkə iqtisadiyyatı dirçəlməyə başlayıb, Azərbaycan dünya arenasında tamhüquqlu bir dövlət kimi tanınıb.
Diqqətə çatdırılıb ki, uzun müddət Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olsa da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı zamanı işğalçılar Azərbaycan ərazisindən tamamilə çıxarılıb.
Azərbaycan-Özbəkistan əlaqələrindən bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. İstər Azərbaycan Prezidenti İlham Əliyev, istərsə də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sosial-iqtisadi, humanitar, ekoloji və digər sahələrdə xalqın güzəranının yaxşılaşdırılmasına, ölkənin davamlı inkişafına yönəlmiş islahatların tərəfdarıdırlar. İki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb ki, bu, iki ölkə arasında ən yüksək beynəlxalq sənəddir. Bundan başqa ölkələrimiz arasında Ali Dövlətlərarası Şura yaradılıb, iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə intensiv iş aparılır.
Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və özbək mahnıları ifa edib.
Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim olunub və Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin görməli yerləri, turizm imkanları, tarixi abidələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Qulu Kəngərli
Daşkənd