“Göyün cazibə qüvvəsi” kitabının təqdimatı keçirildi

post-img

Bu gün Əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı və imza mərasimi keçirildi. 

Tədbiri giriş sözü ilə açan Qulu Məhərrəmli kitab haqqında məlumat verdi və onun ruhumuzun qidası və ağıl dünyasına açılan qapı olduğunu qeyd etdi. Bahəddin Həzinin Azərbaycan publisistikasında öz sözü olan bir şəxs olduğunu vurğulayan Qulu Məhərrəmli ilk sözü kitabın önsöz müəllifi Seyran Səxavətə verdi. 

Seyran Səxavət kitabın and yerimiz olduğunu vurğuladı. Bildirdi ki, kitaba diqqətin aşağı olduğu bir vaxtda bu qədər insanın tədbirdə iştirak etməsi Bahəddin Həzinin yaradıcılığına verilən qiymətdir. 

Sonra çıxış edən millət vəkili Qüdrət Həsənquliyev yazıçı-publisist Bahəddin Həzinin kitabının təqdimatının 28 May Müstəqillik Günü ərəfəsində keçirilməsini əlamətdar hadisə adlandırdı. Müəllifin publisistika və jurnalistika sahəsində rolunu yüksək qiymətləndirdi. 

Sonra söz millət vəkili Vüqar İsgəndərova verildi: "Mən arzu edirdim ki, tədbir bir az gec keçirilsin və kitabla tam tanış ola bilim. Buna baxmayaraq, kitab barədə fikir söyləyə bilərəm. Çünki Bahəddin bəyin bütün yazılarını oxuyuram. Burada psixoloji və fəlsəfi məqalələr var. Sevə-sevə oxuyacağım kitabdır”. 

Etibar Əliyev və Aslan İsmayılov da Bahəddin Həzinin yaradıcılığını yüksək qiymətləndirdilər. Bildirdilər ki, o, Azərbaycan Jurnalistikasında çox nadir simalardan biridir: “ Abırlı insandır və həmişə kömək etməyi özünə borc bilir”. 

Bakı Dövlət Universitetinin dossenti İlahə xanım isə bildirdi ki, Bahəddin bəyi yaxından tanıyır, tərif sevmədiyini yaxşı bilir: “Mənim şəxsi fikrimə görə Bahəddin bəy bütün tərifli sözlərə laiqdir. Onun hər yazısı "susma", "düşün" çağrısıdır. Onu təbrik edirəm, yaradıcılığında uğurlar diləyirəm”. 

Yazıçı Elçin Hüseynbəyli isə bildirdi ki, Bahəddin Həzini yaxından tanıyır: “Dostluğumuz çox qədimdir. Bahəddin bəy çox gözəl qələm adamıdır. Publisistika ədəbiyyat və jurnalistikanın sintezidir və orada dəyərlər təbliğ olunur. İlk qələm təcrübəsindən bu yana çalışıram ki, onun yazılarını hər zaman oxuyum. İstəyirəm ki, Bahəddin Həzi hər zaman yazsın, yaratsın, oxucularını məzmunlu əsərləri ilə sevindirsin. 

Əməkdar jurnalist Əntiqə Qonaq isə qeyd etdi ki, Bahəddin bəy yaxşı qələm sahibidir: “Onun esselərini çox sevirəm və sevərək də oxuyuram".

XQ

































Mədəniyyət