Uşaq İncəsənət Festivalının qalibləri "Xarıbülbül" Festivalında bacarıqlarını nümayiş etdiriblər

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 24-25 may tarixlərində Şuşa şəhərində VIII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir.

Ənənəvi musiqi tədbiri çərçivəsində bu il ölkəmizdə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) xüsusi zonası yaradılıb.

AZƏRTAC xəbər verir ki, həmin məkanda "UİF – 2023"ün qalibləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan İbrahimov bildirib ki, Uşaq İncəsənət Festivalı ilk dəfə 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilib. Festivalda müxtəlif nominasiyalar üzrə incəsənətdə fərqlənən uşaqlar qalib seçiliblər. Bu gün "Xarıbülbül" Musiqi Festivalı artıq səkkizinci dəfədir keçirilir və burada ilk dəfə olaraq Uşaq İncəsənət Festivalı zonası fəaliyyət göstərir. Həmin qaliblər bu zonada çıxış edirlər. Ümumilikdə, 20-dən artıq qalib iştirak edir. Eyni zamanda, Şuşa şəhərində yaşayan uşaqlar, şəhər sakinləri və şəhərin qonaqları üçün xüsusi, interaktiv zonalar yaradılıb", - deyə K.İbrahimov qeyd edib.

Daha sonra "UİF-2025"in guşəsində yerli sakinlər və mədəniyyət paytaxtımıza təşrif buyurmuş qonaqlar arasında səhnəyə çıxmaq istəyən uşaqlar və yeniyetmələr könüllü şəkildə öz bacarıqlarını nümayiş etdiriblər.

Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə guşələri və yaradıcı fəaliyyət sahələri uşaqların böyük marağına səbəb olub. Festival atmosferini gücləndirən çadırlarla qurulmuş düşərgə prototipi və promo məhsulların təqdimatı zonaya gələn hər kəsə unudulmaz anlar yaşadıb.

Axşam saatlarında isə əsl sehr yaşanıb. Ocaq başında bir araya gələn iştirakçılar, şeir, musiqi və nağılvarı çıxışlarla günü unudulmaz xatirəyə çeviriblər.

Gecənin sonunda isə “Mədəniyyət səninlə tanınır!” mesajı ilə festivalın mənəvi kulminasiya nöqtəsinə çatılıb.

Uşaq İncəsənət Festivalının Şuşadakı xüsusi zonası bir daha göstərib ki, incəsənət uşaqların dili, Şuşa isə ruhun və mədəniyyətin vətənidir.























Mədəniyyət