Aprelin 22-də Bişkekdə Qırğızıstan Milli İncəsənət Muzeyində, mədəniyyət günləri çərçivəsində sənətşünas alimlərimizin mühazirələri təşkil olunub.Mühazirələri müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində” mövzusunda mühazirə söyləyib.
Şirin Məlikova XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) ömür yolu və yaradıcılığından danışıb.
Qeyd olunub ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Mühazirə konkret nümunələrin təsvirləri əsasında slaydla müşayiət olunub.