İşğaldan azad edilmiş ərazilərdə vətəndaşların işlə təmin edilməsi və regionun sosial-iqtisadi inkişafına dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında faydalı əməkdaşlıq mövcuddur.
Belə ki, humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib. Keçirilən nəzəri və praktiki təlimlərin əsas məqsədi təlimlərə cəlb edilmiş müdavimlərə humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqların öyrədilməsidir.
Qeyd edilmiş təlimlərlə birgə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində müdavimlərə “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə hazırlıq kursları da təşkil edilib.
ANAMA-nın Qubadlı mobil bazasında Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzinin nümayəndələrinin iştirakı ilə təşkil edilən təlim və kurslarda müdavimlərə ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb.
Təlim və kursları müvəffəqiyyətlə bitirən 137 nəfər şəxsə Qarabağ Peşə Hazırlığı Mərkəzinin Bərdə şəhərində yerləşən inzibati binasında təşkil edilən tədbirdə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, həmin şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.