Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri

post-img

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəvəsində bu ölkənin Milli Kitabxanasında Azərbaycanın Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə görkəmli söz ustasının qırğız dilində yeni nəşr olunmuş “Seçilmiş əsərləri”nin və “Mənim dostlarım” (1949) adlı ilk kitabının təkrar nəşrinin təqdimatı keçirilib.

Əvvəlcə Bəxtiyar Vahabzadənin ömür və yaradıcılıq yoluna, ictimai fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova Bəxtiyar Vahabzadənin kitablarının qırğız dilində çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

TÜRKSOY-un Baş katibi və yeni nəşrin ön söz müəllifi Sultan Raev deyib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə doğma yurdu Azərbaycanın deyil, eyni zamanda, Türk dünyasının taleyinin, xalqlarımızın dostlunun və ölkələrimizin birliyinin təcəssümüdür. Baş katib bildirib ki, təşkilat böyük şairin 100 illiyi münasibətilə 2025-ci ili “Bəxtiyar Vahabzadəni anma ili” elan edib. TÜRKSOY-un dəstəyi ilə nəşr olunan kitablar isə qırğız oxucuların şairin yaradıcılığı ilə dərindən tanışlığı üçün qiymətli mənbədir.

Mədəniyyət naziri Adil Kərimli XX əsr Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin milli-etnik yaddaşımızla bağlı çox qiymətli əsərlər qələmə aldığını deyib. O bildirib ki, Xalq şairinin yaradıcılığını dövlətimiz daim yüksək qiymətləndirib. Ünlü sənətkar respublikanın ali təltiflərinə layiq görülüb, xatirəsi əbədiləşdirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Bəxtiyar Vahabzadənin 100 illiyi dövlət səviyyəsində geniş qeyd edilir. Nazir yeni nəşrlərin şairin yubileyinə dəyərli töhfə olduğunu bildirib.

Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və nəşrin tərcüməçiləri Altınbek İsmailov, Baktıgül Çoturova, Ömürbek Tillebaev və başqaları çıxış edərək B.Vahabzadənin şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Mərasimdə incəsənət ustalarımızın ifasında B.Vahabzadənin sözlərinə yazılmış musiqi nömrələri ifa olunub, şeirləri səsləndirilib.

T.RÜSTƏMLİ
XQ

Mədəniyyət