Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib

post-img

Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti aprelin 22-də "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli abidənin önünə çələng qoyub. Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və mədəniyyət xadimlərimiz kompleksin qarşısına tər qərənfillər düzüblər.

Sonra kompleks ərazisində dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ədibin ruhuna Qurani-Kərimdən ayə oxunub.

Daha sonra kompleksin muzey bölməsi ilə tanışlıq olub. Nümayəndə heyətinə memorial kompleks və muzey haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Ata-Beyit" kompleksi 8 iyul 2000-ci ildə açılıb. Çuy vilayətinin Alamudin rayonunun Taş-Döbö kəndində yerləşən kompleksə qəbiristanlıq, abidələr, heykəllər və yurt şəklində tikilmiş muzey daxildir. Memorial kompleks Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” (“Ataların məzarlığı”) adlandırılıb.

Burada 1930-cu illər Stalin repressiyalarının qurbanları, 1938-ci ilin 5-8 noyabr tarixlərində qətlə yetirilən 137 qırğız ziyalısının və 19 etnik qrupun nümayəndəsinin xatirəsinə 1991-ci ildə ucaldılmış abidə və digər yaddaş tikililəri mövcuddur. Siyasi baxışlarına görə edama məhkum edilən Qırğızıstanın görkəmli siyasi, dövlət və ictimai xadimləri arasında Ç.Aytmatovun atası Törökul Aytmatov da olub. Repressiya qurbanlarının adları muzeydəki xatirə lövhəsində həkk edilib və orada onların şəxsi əşyaları və sənədləri saxlanılır.

Ərazidəki “Urkun” abidəsi isə qırğız xalqının rus ordusuna hərbi xidmətə çağırılmasına qarşı 1916-cı ildə baş verən üsyanı və sonradan onların Çinə qaçışını simvolizə edir.







Mədəniyyət