Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
Görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirildi.
Dünən Bakı şəhərində açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunuldu, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığı diqqətə çatdırıldı.
Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlandı. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulandı.
Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.