“İndiqo və qırmızı”nın rəngli nağılları

post-img

Səttar İncəsənət Studiyasında Azərbaycan rəssamlarının abstraksiya sənəti mövzusunda “İndiqo və qırmızı” adlı rəsm sərgisi keçirildi.

Sərginin təşkilatçısı, studiyanın rəhbəri rəssam Şəms Səttarzadə bildirdi ki, əsas məqsəd Azərbaycan incəsənətində gənc rəssamların abstrakt janrda olan təcrübələrini sınamaqdır:

– Burada 20 rəssamın fərqli əl işləri sərgilənir. Düşünürəm ki, ölkəmizdə belə sərgilərin keçirilməsi yaxşı haldır. Bu mövzuda əsərlər yaradan gənc rəssamlar üçün də böyük stimuldur. Bu cür sərgilər daha çox olmalıdır ki, Azərbaycanda incəsənət sahəsi inkişaf etsin və gələcəyin rəssamları yetişsinlər.

Sərgidə gələcəyin rəssamlarının əl işləri ilə tanış olduq.

Məsmə Qarayeva:

– Əsərimin adı “Qara yalnızlığa məhkum” adlanır. Rəsmdə qəfəsin içində mələk təsvir olunub. Burada onu insan olaraq göstərməyə çalışmışam. Ətrafda isə parlaq günəş və əlvan rənglər əks olunub. Daxili dünyamız nə qədər qaranlıq olarsa, başqa rəngləri görə bilmərik. Mənfi düşüncələrlə yaşayanda pis hadisələrlə qarşılaşmaq ehtimalımız yüksək olur. Bu da insanı bataqlığa aparıb çıxarır. Hər kəsi qara fikirlərdən uzaq durmağa çağırıram. Rəsmdə də bunu göstərməyə çalışmışam.

Ayişə Hüseynova:

– Mən əsəri yağlı boya ilə işləmişəm. Burada hər kəs fərqli mənzərələr – su, dağ, təbiət və s. görə bilər. Sərbəst formada rəsm çəkməklə məşğul oluram. Xüsusilə, ev dizaynlarına uyğun müasir və abstrakt janrda rəsmlər üzərində çalışıram. “İnstagram” səhifəm də var.

Qeyd edək ki, abstraksionizm XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər – xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya vasitəsilə göstərən bir sənət növüdür. 1910-cu illərin əvvəlində yaranmış bu sənətin baniləri məşhur rəssamlar – Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Azərbaycanlı rəssamlar arasında isə M.Zeynalov, F.Qulamov və H.Abdullayevin abstrakt janrda maraqlı əsərləri var. Onlar güclü rəmzləri ilə seçilir.

Fidan SALMANOVA
XQ











Mədəniyyət