Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçirilib.
Uşaq Filarmoniyasında keçirilən görüşdə Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva və Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova çıxış ediblər. Bildirilib ki, layihə uşaq və gənclərin sənətə sağlam köklərlə bağlanması, həmçinin inkişafı baxımından vacibdir. Rüfət Xəlilzadə isə xoreoqrafiya və milli rəqs ifaçılığı sənətinin tarixi, inkişafı, müasir zamanda milli ənənələrin qorunması və dəyərlərin yaşadılması, tədris üsulları, rəqs geyimlərimiz, həmçinin gənclərin milli rəqslərə marağının artırılması mövzularından söhbət açıb.
Görüşdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin gənc istedadlarının və Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında rəqs kompozisiyaları təqdim olunub.
Ustad dərsi formatında keçirilən tədbirdə iştirakçıları maraqlandıran sualları cavablandırılıb.
Layihə mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilib.
XQ