Dünən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin ev-muzeyində dahi soydaşımızın anadan olmasının 107 illiyinə həsr olunmuş xatirə mərasimi keçirilib.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti Ülviyyə Hacıbəyova, TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov və digər mədəniyyət və incəsənət nümayəndələri anım günündə iştirak ediblər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığından, əbədiyaşar irsindən danışıb. Ev-muzeyin direktoru Lətifə Kazımova çıxışında korifey sənətçinin musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərinə diqqət yetrib.
Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub. Mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, respublika və beynəlxalq müsabiqələrin laureatlarının ifasında Qara Qarayev və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Sonda Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova atasının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara təşəkkür edib: “Atamın sağlığında bu günü həmişə dostlar, qohumlar və sevimli tələbələri ilə birlikdə qeyd edirdik. İllər keçsə də onun sənətinə hörmət bəsləyənlər onu yad etmək üçün bir araya toplaşmağa davam edirlər. Hər kəsə bu sevgiyə görə minnətdaram”.
***
Həmin gün mədəniyyət və incəsənət xadimləri, müsiqisevərlər Fəxri xiyabana gələrək böyük ustadın xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə gül dəstələri düzüblər.
T.RÜSTƏMLİ
XQ