Dünən“PAŞA holding” və onun törəmə şirkətlərinin təşkilatçılığı ilə keçirilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS hüquq forum”u uğurla başa çatıb. Azərbaycanda ilk belə məclis olan forumda dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, 500-ə yaxın hüquqşünas iştirak ediblər.
Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Baş prokuror Kamran Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “PAŞA holding”in baş icraçı direktoru Cəlal Qasımov, eləcə də holdinqin departament direktoru Aytac Qasımova çıxış ediblər.
Baş icraçı direktor Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib: “Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda tədbir keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmək həm çox sevindirici, həm də çox qürurvericidir".
İştirakçılar müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparıblar.
Məclisin ən maraqlı məqamlarından biri robot Sofiyanın ifasında hüquq və innovasiyaların birgə inkişaf etdirilməsi, gələcəyin qanunvericiliyinin necə formalaşdırılması ilə bağlı təqdimat olub.
XQ