Xəbər verildiyi kimi, Xalq artisti Fəxrəddin Manafov İstanbulda TÜRKSOY-un təsis etdiyi “Beynəlxalq teatr” mükafatının “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə qalib seçilib. Yüksək mükafat ona və digər nominasiyalar üzrə fərqlənənlərə qədim şəhərin Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində təqdim olunub.
Qeyd edək ki, həmyerlimizlə bərabər, Qazaxıstan yazıçısı Duman Ramazan, Qırğızıstanın İssıqlıgöl vilayəti Kasımali Jantoşev adına Musiqili Dram Teatrının rejissoru Ulanmırza Karıpbayev, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rəssamı Jaloliddin Rahimov, Türkiyənin Dokuz Eylül Universitetinin İncəsənət fakültəsinin səhnə sənətləri bölməsinin müəllimi Sibel Erdenk və Şimali Kipr Türk Cümhuriyyətinin teatr aktrisası Ayla Haşmetli də mükafata layiq görülüblər. Onların hər biri Beynəlxalq Anadolu Teatr Mükafatları münsifləri tərəfindən 2024–2025-ci teatr mövsümündə incəsənətin bu növünə verdikləri töhfələrə görə seçilib.
Fəxrəddin Manafov jurnalistlərə müsahibəsində deyib: “Hər bir yaradıcı insan üçün istər hansısa mükafat və ya adi bir söz böyük əhəmiyyət kəsb edir. İnsan dünya qurulduğu andan yaşayır və Ulu Tanrı bizə saysız seçimlər verir. Hər bir insan isə bəlkə də özünün şüuraltında olan istiqaməti seçir. Mən də bu istiqaməti seçdim. Nədənsə, bilmirəm, bir səhər gözümü açdım və gördüm ki, bu sənət məni öz arxasınca apardı və ağuşuna aldı. Sənətim yeganə yerdir ki, harada mən öz narahatlığımı, sevgimi, nifrətimi, ağrımı, düşüncələrimi, ümumiyyətlə insana xas bütün hisslərimi tapa bilirəm. İncəsənət təsəllimi tapdığım, özümü dünyanın bir parçası hiss etdiyim yerdir”.
XQ