Milli Aviasiya Akademiyasında Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı davam edir.
Konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla, 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Əvvəlcə konfrans iştirakçıları “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. Sonra “Texnoritm Mərkəzi – MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub. Konfransı açan MAA-nın birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına təbrikini çatdırıb. Qeyd olunub ki, builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib.
Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb, aviasiya sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir və aviasiya sahəsində aparılan işlər ölkənin siyasətinin göstəricisidir.
Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.
Rizvan FİKRƏTOĞLU
XQ