Ankara konservatoriyası ilə əməkdaşlıq

post-img

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara Dövlət Konservatoriyasının rektoru, professor Mətin Munzurun görüşü olub. 

Əvvəlcə Samir Abbasov konservatoriyada ali musiqi təhsilinin uğurları ilə tanış edilib. Qeyd olunub ki, Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyası musiqi, teatr və balet sahələrində orta ixtisas və ali təhsil verən, Türkiyə Cümhuriyyətinin tarixində ilk konservatoriyadır.

Tanışlıqdan sonra gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. İşgüzar əlaqələrin qurulması, mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanın opera və balet sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi, habelə Türkiyə tərəfinin musiqi təhsili sahəsində uğurlu layihələri, nailiyyətlərinin bölüşülməsi, birgə konsertlər, yaradıcılıq görüşləri, sahənin aktual problemlərinə dair seminarların, qarşılıqlı səfərlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Ankara Dövlət Konservatoriyasında çoxfunksiyalı Azərbaycan mədəniyyəti auditoriyasını yaratmaq, qarşılıqlı olaraq bəstəkarlarımızın əsərlərinə müraciət etmək, 2025-ci ildə müsəlman Şərqində ilk operanın müəllifi, dünyaşöhrətli dahi azərbaycanlı bəstəkar Üzeyir Hacibəylinin 140 illiyi münasibətlə birgə ortaq simfonik konsert keçirmək qərara alınıb. Azərbaycan yazarlarının əsərlərinin tamaşaya qoyulmasına, konservatoriyanın kitabxanasına Azərbaycan musiqisinə dair nəşrlərin, bəstəkarlarımızın not əsərlərinin hədiyyə edilməsinə dair razılıq da əldə olunub.

XQ

 

Mədəniyyət